Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının rəhbəri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə “Azərbaycan mətbuatında Qarabağ problemi ilə bağlı yazıların monitorinqi” layihəsinin icrası davam etdirilir.
Martın 1-dən start verilən layihə çərçivəsində iyul ayı ərzində də ölkədə nəşr olunan 16 qəzet və 21 onlayn media monitorinq olunub.
Monitorinq çərçivəsində qəzetlərin və on-line medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib. İyul ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2839 məqalə dərc edilib.
Yazılardan 2243-ü (79 faiz) on-line mediada, 596-ı (21 faiz) isə yazılı mətbuatda yer alıb. İyun ayı ilə müqayisədə iyul ayında mediada münaqişə ilə bağlı xəbərlərin sayının artdığı müşahidə edilib. Belə ki, iyun ayında monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2084 məqalə dərc olunmuşdu.
Yazılardan 1466-ı (70,3 faiz) on-line mediada, 618-i (29,7 faiz) isə yazılı mətbuatda getmişdi. Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Şərq” (75 məqalə), “Xalq qəzeti” (56 məqalə) və “Yeni Azərbaycan” (55 məqalə) olub. Xatırladaq ki, iyun ayında ilk üçlükdə “Yeni Azərbaycan” (61 məqalə), “Həftə içi” (54 məqalə) və “Yeni Müsavat” (53 məqalə) qəzetləri qərarlaşmışdı.
İyul ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Ədalət” (21 məqalə), “Exo” (9 məqalə) və “Reytinq” (0) qəzetlərində yer alıb. İyun ayında isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Bakinskiy raboçiy” (20 məqalə) ”Exo“ (9 məqalə) və həftəlik “Reytinq” (5 məqalə) qəzetlərində dərc olunmuşdu.
On-line mediada isə ilk üçlükdə isə Trend.az, Musavat.com və Modern.az saytları yer alıblar. Bu saytlar iyul ayı ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq olaraq 237, 206, 161 yazı dərc ediblər.
İyun ayında isə ilk üçlükdə AzərTAc, Trend və APA agentlikləri yer alırdı. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 153, 133, 127 xəbər yer almışdı. May ayında ilk üçlükdə APA, Trend, AzərTAc idi. Bu informasiya agentliklərinin saytlarında müvafiq olaraq 195, 193, 191 xəbər yer almışdı.
Aprel ayındakı üçlük isə AzərTAc, (184 xəbər), Musavat.com (151 xəbər) və Trend.az (131 xəbər) saytları idi. Ötən ayların təhlili göstərir ki, Azərbaycandakı on-line media quruluşları arasında ən çox məlumatları mütəmadi olaraq AzərTAc, Trend və APA agentlikləri verir. Onlarla rəqabətə girməyə ancaq musavat.com və modern.az saytları cəhd edir.
May ayı ərzində on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə mediaforum.az (47 xəbər), ann.az (47 xəbər), və newstimes.az (0) saytları yayıb. İyun ayında isə on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə aznews.az, mediadforum.az, haqqın.az və newstimes.az saytları yaymışdı. Monitorinq çərçivəsində on-line medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Bu zaman da maraqlı nəticə qeydə alınıb. Məlum olub ki, iyun ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 38 faizi atəşkəsin pozulması ilə bağlı olub. İkinci diqqətdə olan mövzu Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı olub. Saytlardakı xəbərlərin 17,0% -i bu mövzuya həsr edilib.
On-line medianın diqqət mərkəzində olan məsələlərdən biri də ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi olub. Ümumilikdə, ay ərzində münaqişə ilə bağlı dərc olunan məqalələrin 11 faizi bu mövzuda olub. Xocalı soyqrımı, Ağdamın işğalı ilə bağlı (hər biri 9 faiz) xəbərlər də on-line medianın diqqət mərkəzində olub. Ay ərzində ABŞ səfiri Rişard Morninqstarın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlama da maraq doğurub. Mediada münaqişə ilə bağlı gedən xəbərlərin 4 faizi bu mövzuya həsr olunub. Məlumatların 13 faizi isə digər mövzularda olub. Yazılı mətbuatda gedən məqalələrdə də ən çox yer ayrılan mövzu atəşkəsin pozulması halları ilə bağlı olub (34 faiz).
Mətbuat Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı mövzuya da böyük diqqət ayırıb. Məqalələrin 22 faizi bu mövzuya həsr edilib. Minsk Qrupu və digər sülhməramlı təşkilatların fəaliyyəti (13 faiz), ABŞ səfirinin münaqişə ilə bağlı açıqlaması (11 faiz), Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti (9 faiz) və digər mövzular (12 faiz) da mətbuatın diqqət mərkəzində olub. Xatırladaq ki, iyun ayında da yazılı mətbuatda gedən məqalələrdə də ən çox yer ayrılan mövzu atəşkəsin pozulması halları ilə bağlı olmuşdu (29 faiz). Mətbuat Minsk Qrupu və digər sülhməramlı fəaliyyəti (19 faiz), Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti (13 faiz), Xocalı faciəsi (10 faiz), İsveçrə prezidentinin Azərbaycana səfəri zamanı münaqişəyə toxunulması (9 faiz), XIN-də bu mövzuda keçirilən görüşlər (7 faiz) və digər mövzuları (13 faiz) da diqqət mərkəzində saxlamışdı. Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Şərq” və “Xalq qəzeti”nin məqalələri əsas götürülüb. Məlum olub ki, “Şərq” qəzetinin öz səhifələrində yerləşdirdikləri məqalələrin 67 faizi xəbər olub.
Məqalələrin 25 faizi analitik-araşdırma, 8 faizi müsahibə janrında olub. “Xalq qəzeti”ində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin 52 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 27 faizi analitik-araşdırma, 17 faizi müsahibə, 5 faizi köşələr olub. Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın münaqişəyə yanaşmasındakı dəyişikliklər diqqətdə saxlanılacaq.
Modern.az