Muzeylər bir xalqın tarixinin, mədəniyyətinin, incəsənətinin daşıyıcısıdır. Ölkəmizdə də kifayət qədər muzeylər var, amma muzeylərə marağı olan insanların sayı kifayət qədər deyil. Hazırda Azərbaycanda 201 muzey var: 14 incəsənət, 7 ədəbiyyat, 12 tarix, 68 tarix-diyarşünaslıq, 5 döyüş şöhrəti, 43 ev, 52 Heydər Əliyev muzeyləridir.
Azərbaycanda muzey mədəniyyətinin bu qədər aşağı olmasına səbəb nədir? İnsanlar niyə muzeylərə getmək istəmir? Modern.az bütün bu məsələləri müzakirə etmək üçün əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevlə söhbətləşib.
Məişət qayğıları istirahət etməyə imkan vermir
“Muzeylərə marağın az olmasına səbəb insanların qayğılarının çox olmasıdır. Sovet dövründə müəyyən qədər insanların çoxu işlə təmin olunmuşdular. İnsanlar işini də, istirahətini də müəyyənləşdirə bilirdilər. Şənbə-bazar günləri muzeylərə gedirdilər. Hazırda insanlar yaşamaq uğrunda mübarizə aparırlar. İnsanların əksəriyyətinin səmərəli vaxt keçirməyə imkanları yoxdur”.
Sovetdən qalan eksponatlar...
“Muzey məsələsi çox ciddi bir məsələdir. Muzey işini maraqlı qursa, insanlar vaxt oğurlayıb muzeylərə üz tutarlar. Ta qədimdən hər muzeydə 5-10 əsər var. Vaxtaşırı da həmin əsərləri göstərirlər. Muzey işi təkcə bundan ibarət deyil. Onun da spesifik xüsusiyyətləri var. Maraqlı təqdimat formaları etmək olar. Müəyyən bir əsər haqqında əraflı məlumat verməklə, maraqlı təqdimat etməklə ziyarətçi cəlb etmək olar. Azərbaycanın muzeylərində ekspozisiya siyasəti deyilən bir şey yoxdur. Muzey rəhbəri onun muzeyinə nə lazımdır düşünmür və onun axtarışına da çıxmır. Sovet dönəmindən muzeydə hansı eksponatlar qalıbsa, indi də onları göstərməyə davam edirlər. Muzeylərə sərbəstlik verilməlidir. Muzeylər rəssamlarla, heykəltəraşlarla, insanlarla əlaqədə olmalıdır ki, əsər ala və ya sata bilsin. Çox vaxt eksponatları almaq üçün pul lazım olur. İnsanlar da dəyərli əsərləri xaricilərə satırlar. Muzeylər öz işlərində çox ciddi yeniliklər etməlidirlər”.
“İtə ataram, yada satmaram...”
“Əgər xaricdə nə vaxtsa Azərbaycan muzeylərinə aid olan nümunələr varsa, onları təbii ki, Beynəlxalq muzeylər şurasına müraciət etməklə, qayda-qanunlara uyğun olaraq geri qaytarmaq olar. Amma mənim bildiyim qədəri ilə, muzeylərimizdən oğurlanıb aparılmış əsərlər yoxdur. Zaman-zaman Azərbaycana gələn səyyahlar, turistlər, tacirlər maraqlı eksponatları öz ölkələrinə aparıblar. Mir Cəlalın “Bir gəncin manifesti” əsərində məşhur bir deyim var: “İtə ataram, yada satmaram”. O qadında o vaxtı kişi xarakteri olub, amma indiki kişilərimizdə o mərdlik yoxdur. 90-cı illərdə ara qarışanda, evlərində olan dəyərli əsərləri əcnəbilər dəyər-dəyməzinə satdılar. Ən yaxşı sənət əsərlərimiz xaricə aparıldı. Bir nümunə gətirim sizə, Londonun “Viktoriya və Albert” muzeyində, dünyanın ən məşhur xalça nümunəsi “Şeyx Səfi” xalçası saxlanılır. 1893-cü ildə Ərdəbildə zəlzələ oldu və “Şeyx Səfi” məqbərəsinə zərər dəydi. Ərdəbildə iki-üç nəfər kişi tapılmadı ki, o məqbərəni təmir etmək üçün pul ayırsın. Məqbərənin işçiləri məcbur olurlar ki, bir neçə eksponatı hərraca çıxarsınlar. Londona aparılan xalçaya, 25 min funt-sterlinq qiymət qoyublar. Muzeyin də o qədər maliyyə məbləği olmadığı üçün, əhaliyə müraciət edir. İngilislər pul toplayıblar və xalçanı da alıblar. Əksər əsərlərimiz belə yollarla gedib. SSRİ dağılanda ruslar bütün respublikalardan dəyərli eksponatlarını götürdülər. Moskva-Sankt-Peterburq muzeylərindən muxtar respublikalara qaytarılan tək əsər təbrizli sənətkarın hazırladığı və Ermitajda saxlanılan piano olub. Əvvəllər Qazaxıstanda saxlanılan əsər prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə geri qaytarılıb”.
“Azərbaycanı tanıdan pomidor-xiyar deyil”
“Dəyəri milyonlarla ölçülən əsərləri, ayda 120-130 manat maaş alan işçiyə tapşırmaq olmaz. Muzey işçiləri fədakar insanlardır. Obrazlı dillə desək, muzey xəstəlik kimi bir şeydir. Ora bir girən, bir də çıxmaq istəmir. Orada çalışan işçilərin məvacibi çox aşağıdır. Bu məbləğ qaldırılmalıdır. Azərbaycanı dünyada tanıdan nə pomidor-xiyar, nə də başqa şeylər deyil. Azərbaycanı tanıdan sənət nümunəsidir. Mən tələbələrimə həmişə sual verirəm: “XII əsrdə Azərbaycanın Daxili İşlər Naziri kim olub?”. Cavab verə bilmirlər. Amma deyirəm XII əsrin görkəmli şairi kim olub? O dəqiqə deyirlər ki, Nizami Gəncəvi. Milləti sənət tanıdır. Millətin yadında sənətkar qalır”.
Rüfanə GÜNƏŞ
P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihə çərçivəsində dərc olunur.