Modern.az

Türklərin dirçəlişində “Qərb” əngəli - II Yazı

Türklərin dirçəlişində “Qərb” əngəli - II Yazı

Ölkə

26 Avqust 2014, 10:54

“Qərb”in İslam və Türklüyü bir-birindən ayırmaq istəyi Orta Çağa gedib çıxsa da, bunun bir proqram halına gəlməsi və sürətləndirilməsi son əsrlərin planıdır. Özəlliklə, 20-ci əsrin əvvəllərindən başlayaraq Türklüyü “Qərb”ə yönəltmə ciddi şəkildə gündəmə gətirilmişdir. Bunun nəticəsidir ki, bu günün özündə belə Azərbaycanda və Türkiyədə Avropasayağı demokratik dövlət qurmağımızı fəxrlə yazır və dilə gətiririk. Yəni “qərbləşmə” islamlıq və türklük kimi, bizim əsas idealımıza çevrilmişdir. Hətta, ötən yüz ildə bəzi aydınlarımız (M.F.Axundzadə, M.A.Şahtaxtlı və b.) bu və ya digər formada İslamdan imtina edərək daha çox türklük və “qərbləşmə”nin sintezindən çıxış etmişlər, bu gün də belələri az deyildir. Bu fikri madafiə edənlərin əsas tezisi də odur ki, türklərin inkişafdan qalmasına səbəb İslam dini olmuşdur. Bu anlamda “qərbləşmə” yolunu tutmuş türklər üçün İslam dini bir əngəl təşkil edir vəs.

Bu cür düşünənlər yeri gəldikcə, eyni müddəanı dəstəkləyən fukuyamalardan, toynbilərdən də örnəklər gətirirlər.  Əslində bu fikrin ilk qaynağı “Qərb” aydınları olduğu üçün burada təəccüblü heç nə yoxdur. Biz yuxarıda da göstərdik ki, “Qərb” aydınlarının əsas hədəfləri türklükdən çox İslam dinidir. Bu o analama gəlmir ki, Qərb üçün İslamın zəifləməsi və bunun fonunda türklüyün güclənməsi  maraqlıdır. Sadəcə, Qərb üçün birinci mərhələdə İslamı kənarlaşdırmaq üçün Türk milliyyətçiliyinin qalxınması önəmlidir. Zatən, türklər əksəriyyətlə İslamdan üz döndərərlərsə, Qərb ikinci mərhələdə Türklüyü sıradan çıxaracaqdır.

Bu baxımdan Qərb aydınları birinci mərhəldə türkləri, onların təbrincə desək  “mühafizəkar İslamdan”, “İslam fundamentalizmindən” ayırmağa çalışmışlar. Bunu gerçəkləşdirmək üçün indiyə qədər müxtəlif nəzəriyyələr də irəli sürülmüşdür və sürülməyə də davam edir. Toynbilər, Fukuyamalar, Habermaslar və b. Qərb aydınları Türklüklə İslam arasında ayrılıq toxumu səpmək üçün əllərindən gələni edirlər. Onların apardığı bu ideolojinin müəyyən nəticələr verdiyini də etiraf etməliyik. Hər halda, Qərbin 17-18-ci əsrlərdən bu yəndə apardığı siyasət 20-ci əsrin əvvəllərində öz bəhrəsini verdi. Əvvəlcə İslam dünyasının dirəyi olan Osmanlı imperatorluğu çökdü, Osmanlının yerində yaranan Türkiyə isə böyük ölçüdə İslami dəyərlərdən, müəyyən qədər isə milli adət-ənənələrdən imtina etdi. Bunun əvəzində Türkiyə Yunan-Roma və Xristian mədəniyyətinə əsaslanan “Qərbləşmə”yi, onların adət-ənənələrini özünə rəhbər tutdu.

Beləliklə, bir tərəfdən sözdə bütün dinlərin əleyhdarı olan marksizmin, digər tərəfdən xristian əsaslı liberal-demokratizmin böyük ölçüdə təsirinə məruz qaldı. Bütün bunlar müsəlman türklərin şüurlarına xeyli dərcədə təsir göstərdi. Din mi-İslam mı, yoxsa millət mi-türklük mü önəmlidir məsələsi gündəmə gəldi. Bunula da, dünənə qədər milli və dini kimliyini bütöv bir şəkildə dərk edən türklər “Qərb milliyyətçiliyi”nə yoluxdular. Başqa sözlə, dünənə qədər türklüyünü və müsəlmanlığını müqayisə və müzakirə etməyi ağlına belə gətirməyən, türklük və İslam üçün canını eyni dərcədə fəda etməyə hazır olan bizlər “Qərb milliyyətçiliyi”nin gəlişindən sonra bütün birləşdirici cəhətləri bir kənara qoyub fərqləri axtarmağa başladıq. “Qərb milliyyətçiliyi”nə əsaslanan fərqlər çoxaldıqca millət və din bütövlüyünün pozulması daha da dərinləşdi.

Qeyd edək ki, “Qərb milliyyətçiliyi”ni ruslar daha çox marksizm şəklində Azərbaycanda, Türkistanda yaydıqları halda, avropalılar Türkiyədə bunu həm liberal-demokratizm, həm də marksizm ideolojisi ilə şüurlara yeritdilər. Hər iki halda əsas məqsəd birinci olaraq türkülük və islamlıq arasında bağları qırmaq idi. Hətta, bunu reallaşdırmaq naminə bəzi marksist və liberal ideoloqlar yeri gələndə Türklüyü tərif və məhd belə etdilər. Onlar “Qərb milliyyətçiliyi”ni türklərin üstələnməsini gah olagaünüstü hal, ən ilginc olay, gah da “gerçəktə, milliyyətçilik müsəlmanların içinə düşdükləri bir oyun. Müsəlmanların böyük bir çoxu üçün milliyyətçiliyin sonucu, Qərb dünyasının proleter qələbəliyi içində ərimək olacaqdır”, kimi yozdular.

Marksist və liberal-demokratların “Qərb milliyyətçiliyi”inin əsil mahiyyətini dərk etməyən bəzi aydınlarımız da onlara aludə olaraq  İslamı hədəf aldılar. Amma onlar bir kərə olsun “Qərb milliyyətçiliyi”nin Qərbdə hansı şəraitdə yaranmasını və inkişafını dərindən təhlil etmədilər. Əgər ciddidən və əsaslı şəkildə təhlil etsəydilər görərdilər ki, “Qərb milliyyətçiliyi” ilə “Şərq milliyyətçiliyi” tamamilə fərqlidir. “Qərb milliyyətçiliyi”nin meydana çıxması 18-19-cu əsrlərdən başlayırsa, Şərqdə “milliyyətçiliyi”n kökləri daha dərindir. Çünki Qərbdən kənarda qalan Şərqdə qədim millətlər var idi: misirlilər, şumerlər, hindlilər, çinlilər, türklər, farslar, ərəblər vəb. Demək olar ki, onlar çoxdan millət üçün vacib olan ərazi, dil, din, hakimiyyət birliyini də müəyyənləşdirmişdilər. Qərb isə qədim millət kimi yalnız yunanlar və romalılarla öyünə bilərdilər ki, onlar da Şərq millətləri ilə müqayisədə “gənc” idilər. Bunu dolayısıyla da olsa, K.Hübner “Millət: unudulmaqdan intibaha” (1991) əsərində etiraf etmişdir. O yazırdı ki, millət fenomeni yeni dövrün kəşfi deyil, qədim, antik və orta çağ dövlətlərinini də substonsianal əsasını təşkil etmişdir.

Bu anlamda Şərq seyil, Xristian Avropasının “millətləşməsi” prosesi Orta Çağın sonlarına yaxın başlamışdır. Çünku Xristian Avropası həm dar bir əraziyə sıxışdıqları, həm də sayca azlıq təşkil etdikləri  üçün uzun müddət “millətləşmə” prosesindən kənarda qalmışdılar. İlkin Orta Çağa qədər avropalılar Yunan-Roma mədəniyyətindən başqa bir mədəniyyət tanımırdılar. Yalnız Orta Çağın ikinci mərhələsində fransızlar, anqlosaksonlar, ispanlar, portuqallar, hollandlar və b. Avropa millətləri ortaya çıxmağa başladı. Özəlliklə, Orta Çağ dərəbəyliyindən – ayrı-ayrı hersoqlar və knyazlıqlardan qurtulanlar yeni millət və yeni milli dövlət formalaşdırmağa başladılar. Məhz bu mərhələni keçdikdən sonra da Qərb aydınları millət, milliyyət, milli dövlət, milli liberal dövlət anlayışlarını gündəmə gətirdilər. Onların 16-17-ci əsrlərdə millət, milliyyət, milli dövlət, milli liberal dövlət, konstitusiya, hüquqi dövlət ilə bağlı yazdıqları isə qədim Çin, Şumer, Misir, Hind, Türk mənbələrində çoxdan var idi. Doğrudur, Şərq millətləri bu məslələrə bir qədər fərqli yanaşmışdılar. Bu da təbii idi. Çünki qədim Şərq millətlərinin bu məsələlərə münasibətləri öz millətlərinin ruhlarının təcəsümü idi. Şərq ərazicə daha geniş-ucsuz-bucaqsız, millətlərcə saysız-hesabsız, dincə tolerant, mədəniyyətcə rəngarəng olduğu üçün “Qərb milliyyətçiliyi” ilə müqayisəyə gələ bilməz. Bu günə qədər də Qərbə məxsus millət, milliyyət, milli dövlət, milli liberal dövlət anlayışlarına Şərq millətlərinin uyuşmamasına başlıca səbəblər bunlardır.

Bu baxımdan türklərin “qərbləşmə” xətti altında “Qərb milliyyətçiliyi”nə müraciət etmələri başdan yanlış idi. Buna baş vurmaq, türk olmayan müsəlmanlarla türk müsəlmanlar arasında ziddiyyətlərə gətirib çıxartdı. Bu ziddiyyətlər zaman ötdükcə daha da kəskinləşdi. Çünki Qərb millətləri dini və milli kimlikləri formalaşdırarkən buna hazır idilər. Türklər isə sadəcə “Qərb milliyyətçiliyi”nin kopyasını dövlətə tətbiq etməklə işin bitəcəyini sanmaqla səhvə yol verdilər. Bunu yaxşı dərk edən prof. Erol Güngör “Kültür Değişmesi ve Milliyetçilik” əsərində yazırdı ki, bütün yad ideyalara qarşı dayanmaq üçün Türk milliyyətçiliyini Milli xarakter halına gətirmək lazımdır. Bu zaman milli və dini kimlik milli xarakterin bütövlüyü olmalıdır. Hilmi Ziya Ülken isə “Türkiyede Çağdaş Düşünce Tarihi” əsərində bu məsələləri geniş şəkildə ələ almış, Türk düşüncəsinin Qərb düşüncəsi içində əriməsi təhlükəsindən bəhs etmişdir.

Beləliklə, biz türklər bir vaxtlar Çin mədəniyyətinə, İran mədəniyyətinə yenildiyimiz kimi, bu dəfə də Qərb mədəniyyətinə yenilməyə üz qoymuşuq. Biz türklər Çin mədəniyyətindən köç etməklə, İran mədəniyyətindən hakimiyyəti ələ keçirməklə qurtulduqsa, Qərb mədəniyyətindən xilas olmağımız hələ mümkün olmamışdır. Bunun yollarını hələ də aramaqdayıq. Ancaq bu günə qədər doğru bir təsbit yox kimidir. Əgər varsa da belə, həmin təsbit ciddiyə alınmır və yox kimi qəbul edilir. Belə bir durumda “Qərb” əngəlini aşmağın yollarını aramaqda davam edirik. Təbii ki, nicat yolları aranarkən “Qərb sivilizasiyası”nın, “Qərb demokratiyası”nın bugünkü durumu da bizi çox maraqlandırır. Özəllilkə, “Qərb” aydınlarının “Qərb sivilizasiyası”, “Qərb demokratiyası”, “Qərb millətçiliyi” barəsində fikirləri də bizlərin şüurlarını çox işğal edir. Şübhəsiz, bunun müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyildir.

Bizcə, yeni bir sivilizasiyaya qədəm qoymaq istəyən millət və ya millətlərin aydınları bunların hər ikisini ələ almalıdır. Başqa sözlə, bir tərəfdən daima “Qərb” aydınlarının düşüncələrini, özəlliklə bizi maraqlandıran fikirlərini təqib edəcəyiz, digər tərəfdən yalnız onların fikirlərini aşağı-yuxarı dəyərləndirməklə qalmayacağız. Özümüz fikir yürüdəcək, tezislər irəli sürəcək, bir anlamda özümüzü daima inkişaf etdirəcəyiz. Əks təqdirdə “Qərb”in və onların aydınlarının arxasınca sürünməklə, onları təqlid etməklə, onlardan mövzular alıb doktorluq dissertasiyaları yazmaqla heç bir şeyə nail olmayacağıq. Örnəyi Qazaxıstan, Türkmənistan, Azərbaycan, Türkiyə vəb. Türk cümhuriyyətləri araşdırmaçıları “Qərb fəlsəfəsi”ndən, “Qərb” filosoflarından doktorluq dissertasiyaları, kitablar yazmağa hələ də davam edirlər. Artıq iki əsrdən çoxdur ki, “Qərb” düşüncəsnini əsrinə çevrilmişik, bir cür bundan qurtula bilmirik. Hətta, bundan qurtulmağa və öz yolumuzu şeçməyə cəhd edən düşünürlərimizi bu günə qədər ciddiyə almamışıq da. Bu günə qədər bizim üçün ciddi və elmi dəyəri olanlar yalnız “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nı müdafiə edən aydınlarımız olmuşdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi