Azərbaycanda toy və yas mərasimlərinin qeyri-adi təşkil olunması geniş yayılıb. Mərasimlərdə diqqət çəkən əsas məsələ süfrənin müxtəlif çeşidli təamlarla bəzədilməsidir. Təbii ki, toy və yas mərasimlərinin bu cür təşkil olunması normal qarşılanmır. Maraqlıdır, bu cür mərasimlərin tənzimlənməsi üçün qanun layihəsinə ehtiyac varmı?
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü İlham Məmmədov Modern.az-a açıqlamasında bu cür məsələlərin qanunla tənzimlənməsinin çətin olduğunu deyib:
“Toy və yas mərasimlərinin hazırlanması üçün Milli Məclisdə müəyyən fikirlər səslənib. Ancaq son günlər yas mərasimlərində israfçılığın qarşısının alınması üçün tədbirlər planı mətbuatda müzakirələrə səbəb olur. İsrafçılığa yol verməkdən başqa insanların özlərinin üzərinə ağır yük düşür. İnsan itkisinin faciəsi qalır bir tərəfdə, mərasimin necə təşkil olunması gündəmə gəlir. İsrafçılığın qarşısını almaq üçün görülən tədbirləri mən də alqışlayıram. Bəzən bir çox məsələlər qanun səviyyəsində tənzimlənmir. Adət-ənənələri, məişət məsələlərini qanunla tənzimləmək çətin məsələdir. Bu məqsədlə qanun qəbul etmək doğru olmaz.
Qanun qəbul edilsə belə, bu, insanlarda vərdişə çevrilməlidir. Məsələn, Naxçıvan Muxtar Respublikasını götürək. Oranın rəhbərliyi, din xadimləri, ağsaqqalları tərəfindən müzakirə olunub və birmənalı olaraq bu mərasimlərin normal keçirilməsi, israfçılığın qarşısının alınması üçün nümunəvi bir addım atılıb. Yas mərasimlərində çay, qənd, xurma və təbii ki, su verilir. Bundan artıq nə olmalıdır ki! Amma yas mərasimlərinə gedəndə tamam fərqli süfrə mənzərəsi ilə qarşılaşırıq. Çeşidlər müxtəlif olur. Eyni zamanda, eyni hallarla milli adətimiz olan toylarda da qarşılaşırıq. Təbii ki, bu da qəbul edilən hal deyil”.
Namidə BİNGÖL