Modern.az

Əlimizdən alınan ömür - 39 yaşın mübarək...

Əlimizdən alınan ömür - 39 yaşın mübarək...

28 Avqust 2014, 09:47

21 yaşında vətən həsrətiylə bizi tərk edən qardaşım Hüseyn Əfqan oğlu Möhsümova

Bu gün sənin 39 yaşın tamam olur. 1975-ci ilin 28 avqust tarixində Ağdamda göz açmışdın dünyaya. Adını yuxuda görmüşdülər, çoxlu qurbanlar kəsilmişdi. Amma Tanrı taleyinə necə bir hökm kəsmişdi, bax onu heç kim bilməmişdi...

Biz müharibə içində böyüdük. Bu müharibə uşaqlığımızı, gəncliyimizi əlimizdən alırdı, içimizdə hər gün bir şeylər qırılırdı. Bu qrad mərmilərinin zərbəsindən qırılan sinif otaqlarımızın şüşəsinə bənzəmirdi, amma... hər gün mərmi, silah səsləri altında məktəbə gedirdik, dərs oxuyurduq, oyun oynayırdıq. Gecə yuxularımızın səksəkəsi idi müharibə. Sonra Xocalı faciəsi və Ağdama gətirilən meyitlər... Sən o gecələri şəhərdə meyit  axtaranlara, daşıyanlara, yuyanlara kömək edirdin. Bunu da şəxsən mən sonralar bildim. 1993-cü ildə ermənilər kəndimizi işğal edəndə sən tərk etməmişdin son ana qədər Şahbulağı.  Sonra qonşularla bərabər 4 nəfər arasına mərmi düşəndə 3 qonşumuz sənin yanında haqqın rəhmətinə qovuşmuşdu. O faciədən sağ çıxmışdın, bu ya təsadüf idi, ya da möcüzə...

18 yaşında universitetin 1-ci kursunda oxuyurdun, amma içində müharibə ağrısı, didərginliyin əzablı yükü... Nələr çəkdiyini bir özün bilirdin, bir də səni yaradan. İmkan tapdıqca səngərlərə gedirdin. Uzaqdan öz evinə baxıb, amma çarəsizlik içində gedə bilməmək... Bu hissi yaşayanlar bilir. Hər fəslin gəlişi, hər yağışın yağması sənə ordan nəyisə xatırladırdı. Amma atəşə düşmüş ürəyinə su səpilmirdi. Ürək necə dözəydi ki...
Düz 3 il bu əzablar içində yaşaya –yaşaya, içində uşaqlığını, gəncliyini öldürə-öldürə yaşadın.

Və 1996-cı ilin ən gözəl günündə Ağdama, Şahbulağa yazın gəldiyi gündə, Novruz bayramının küskün köçkün evlərindən yan düşdüyü bir gecədə, mart ayının 18-dən 19-a keçən gecə son iplərini kəsdin bu dünyayla. 21 yaşında infarkt diaqnozu. Ürək dözməmişdi. Həkimlər də inanmaq istəməmişdilər. Amma bu gerçək idi və sən getdin. Müharibə uşaqlığımı əllərimizdən aldı, sən xəyallarımı əlimdən aldın. Müharibə evimizi əlimizdən aldı, sən əbədi sevincimi əlimdən aldın. 



Mənim 16 yaşım vardı sən gedəndə, 6 yaş böyük idin məndən. Bu gün isə səndən 13 yaş böyüyəm. Ötən ad günümdə aynaya baxanda dərdli birisini görmüşdüm. Düşünürəm ki, görəsən sən necəsən? 21 yaşında qalmısan, yoxsa sən də böyümüsən? Üzün, gözün, saçların necə olub? Bu dünyadan o biri dünya görünmür axı. Bu gün sənin ad günündür, amma bilmirəm 21 yaşındasan, yoxsa 39 yaşında, olsun yenə də təbrik edirəm! Səni çox sevirəm onu bil. Adətən təbrikdə uzun ömür can sağlığı diləyirlər. Mən bunu edə bilmirəm. Amma arzu edirəm ki, Allah bir gün məni səninlə üz-üzə gətirəndə, səndən yaşca böyük olan kicik bacını görəndə deyə biləsən ki, Ağdamda, Laçında nə var nə yox? Bir də özümə bir arzum var, Allah sənə layiq olmaq üçün mənə daima güc versin. 
Mən Səni çox sevirəm.     


Vəsilə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi