Birinə telefonla zəng edirsən. Həmin adam da hansısa aşağı səviyyəli dövlət işində çalışır. Çaşıb nəsə bir zarafat edirsən. O saat sağollaşmaq istəyir. “Telefonuma qulaq asa bilərlər. Başqa vaxt oturub yaxşıca söhbətləşərik. Üz-üzə. Yoxa çıxma. Zəng elə” deyir. Bununla da özünün guya çox böyük adam olmasını gözə soxmaq istəyir. Amma əslində heç kimdir. Bu cür astarı bir qəpiyə dəyməyən cılız insanları görəndə uzaq 80-90-cı illər yadıma düşür.
1987-ci ilin yayında əsgəri xidməti başa vurub qayıtmışdım. Dekabrın 4-ü isə ad günüm idi. O vaxt yapon istehsalı olan maqnitafon, televizor, videokamera, videomaqnitafon almaq bir xülya idi. Bir kamera bir VOLQA qiymətinəydi. Dayım Vaqif də mənə böyük bir hədiyyə - ikikassetli “SHARP” maqnitafonu hədiyyə etdi. Onu da gətirib qoyduq 16 kavadrat metrlik qonaq otağındakı pianinomun üstünə. Bu balaca otaqda stol, altı stul, divan, iki kreslo, kitab şkafı, televizoru bir təhər yerləşdirmişdik. Mənzilimiz o qədər balaca idi ki, maqnitafonun mikrofonuyla mətbəxdə danışan adamın səsini belə, aydın yazmaq mümkün idi.
Evə atamın dostları gələndə, stolun arxasında oturanda otağın o başına keçməyə heç cığır da qalmırdı. Hökmən kimsə ayağa durub yol verməliydi. 80-ci illərin axırından 90-cı illərin əvvəllərinə qədər atamın dostlarının bizə gəlməsi, toplaşması tez-tez olurdu. İsmayıl Şıxlını, Bayram Bayramovu, Xəlil Rzanı, Ramiz Duyğunu, İsrail Mustafayevi tanısam da, Sadıq Murtuzayev, Adil Hacıyev mənim üçün köhnə adlar, yeni insanlar idi.
Başqa qruplar da vardı. Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Xudu Məmmədovu da tez-tez bir yerdə görürdüm. Bir dəfə həyətə düşüb maşını çıxaranda gördüm ki, Oljas Süleymenov qarajın qabağında dayanıb. Sadə adam idi. Görəndə ki, qarajın qapısı bağlanır hələ tutub saxladı da. Yoxsa maşına çırpılacaqdı. Bəxtiyar müəllimi gözləyirdi həyətdə. Xalqımıza kömək lazım olanda Bəxtiyar Vahabzadənin çağırışına uçub gələrdi.
Mən artıq ali məktəbi bitirmişdim. Evliydim. Ona görə də söhbətlərə diqqətlə qulaq asır, sadəcə siyasi savadımı artırırdım. Hər söhbətin sonunda da bu sözü eşidirdim.
- Mahir, nə sakit oturub qulaq asırsan. Maqnitafonu işə sal, səsimizi yaz. Vaxt gələcək bu səs yazılarının qiyməti olmayacaq.
Yazardım. Amma yazıçı adam idilər. Bilmirdilər ki, kasset çox bahalıdır. Mənim isə pulum yox. Utanırdım deməyə. İsmayıl Şıxlıyla, Bayram Bayramov hər ikisi eyni, açıq fikirli adamlar idi. Təmkində, siyasi addımlarında tamamlayırdılar bir-birilərini. Amma nədənsə atam Bayram Bayramovun dediklərinə əks reaksiya verir, İsmayıl Şıxlının dediklərini isə razılıqla qarşılayardı. Söhbətlər təkcə siyasi məna daşımırdı. Ədəbiyyatımızın yazılmayan səhifələri də aid idi bura. Nədənsə onlardan biri yadıma düşdü. Əliağa Vahidlə bağlı bir hadisə. İsmayıl Şıxlının dediklərindən:
- Qabil, Yazıçılar İttifaqının katibi idim. Xəbər verdilər ki, Əliağa Vahid rəhmətə gedib. Çox təsirləndim. Özün bilirsən də, böyük şair-qəzəlxan olsa da, yuxarılarda çox da qəbul etmirdilər. Amma Bakı kəndləri çox sevirdi onu. Elə bir məclis yox idi ki, xanəndələr Vahidin qəzəllərini oxumasın.
Bir də gördüm otağın qapısı açıldı. Xarici görünüşlərindən, geyimlərindən Bakı kəndlərinin əhlinə oxşayan dörd nəfər içəri girdi. Ədəb-ərkanla salam verib əyləşdilər:
- İsmayıl müəllim, xəbəriniz var da yəqin – Vahid rəhmətə gedib.
- Bilirəm. Allah rəhmət eləsin. Ədəbiyyatımız üçün böyük itkidir.
- Bu gün də dəfn edəcəyik.
- Harda?
- Biz də buna görə gəlmişik ki, sizinlə məsləhət edək. Biz istəyirik ki, Vahid Fəxri Xiyabanda dəfn olunsun. Bizə də dedilər ki, bu sizdən asılıdır. Yazıçıların böyüyü sizsiniz axı?
Cavab verə bilmədim. Nə cavab verəydim ki? Telefonu götürüb Mərkəzi Komitəyə zəng etsəydim yüz faiz imtina edəcəkdilər. Sözüm yerə düşəcəkdi. Məni isə nəticə maraqlandırırdı. Nəticə də o idi ki, Vahid layiq olduğu məkanda – Fəxri Xiyabanda basdırılmalıydı. Təmkinimi, hisslərimi biruzə vermədən:
- Bəs sizə nə mane olur ki, Vahidi Fəxri Xiyabanda dəfn etməyinizə.
- Necə yəni? İcazə alınmalıdır. Özbaşına olmaz.
- Vahid kimi böyük şairlərə icazə alınmır. Aparın basdırın. Şairi sevən o boyda insan selinin qabağında kim sizə etiraz edə bilər ki?
Bu sözlər dilimdən necə çıxdı özüm də bilmirəm. Yanıma gələnlər sevincək durub getdilər. Mən deyən kimi də eləmişdilər. Böyük izdihamın müşaiyətiylə Əliağa Vahidin cənazəsini aparmışdılar Fəxri Xiyabana və qəzəlxan-şair orda torpağa tapşırılmışdı. Etiraz edən olmamışdı. Demə yuxarılarda da Vahidi sevənlər az deyilmiş. Üzdə bunu biruzə verməsələr də...
Mənim bu çağırışımı da yəqin ki, heç kimə deməmişdilər. Desəydilər...