Modern.az

Azərbaycanın 10 rayonunda mal-qara qorxunc xəstəliyə yoluxub

Azərbaycanın 10 rayonunda mal-qara qorxunc xəstəliyə yoluxub

İqtisadiyyat

28 Avqust 2014, 14:56

“İstehlakçılar və fermerlər ehtiyatlı olmalı, özlərini və təsərrüfatımızı xəstəlikdən qorumalıyıq”. Bunu Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib. O, artıq iki aydan artıqdır ki, ölkənin müxtəlif rayonlarında iribuynuzlu mal-qara arasında yayılan “nodulyar-dermativ” xəstəliyi barəsində danışarkən qeyd edib ki, heyvanlar arasında ölüm halları kifayət qədər çoxdur.

“Təəssüf ki, bu sahədə çalışan məmurlar məlumatı ictimaiyyətdən gizlədirlər. İki aydan artıqdır ki, bu xəstəlikdən tələfat halları var, amma Dövlət Baytarlıq İdarəsi bu barədə yalnız dünən açıqlama verib. Amma onların verdiyi açıqlama da reallığı tam əks etdirmir”.

V. Məhərrəmov deyir ki, insanlar ət alarkən bir çox məqamlara diqqət etməlidirlər: “Xəstəlik keçirmiş mal qaranın əti saralır. Xarici görünüşü və ətdə sarılıq varsa, bu, həmin mal-qarada xəstəlik olmasının əlamətidir. Heyvan alıcının gözü qabağında kəsilirsə, onun dərisinə fikir vermək olar. Arıq heyvanın ətini alanda daha diqqətli olmaq lazımdır. Arıq heyvanlar zəif olduqları üçün daha tez xəstəliyə yoluxurlar. Həmçinin xəstələnən heyvanlar qidalana bilmədikləri üçün, onlarda qısa müddətdə arıqlama prosesi sürətlə gedir. İndi çox ehtiyatlı olmaq lazımdır. Çünki xəstə heyvanları bazara çıxarmağa çalışacaqlar. Əti də ucuz qiymətə təklif edəcəklər. Xüsusilə kasıb təbəqə diqqətli olsun. Əhalinin alıcılıq qabiliyyətin nəzər alaraq qiymətləri aşağı salacaqlar. Qəssabdan kəsilmiş heyvanın sağlamlığı barədə sənəd tələb etsinlər. Düzdür indi bəzi işbazlar sənəd düzəldirlər, bəzi baytarlar da xəstə heyvana da sənəd verirlər”.

Ekspert heyvanlar arasında yayılan xəstəliyin insanlar üçün də təhlükəli olduğunu bildirib: “Bu sahənin mütəxəssisləri deyirlər ki, xəstə heyvanın ətindən və südündən qaynadıb istifadə etmək olar. Birincisi heyvanın hansı xəstəliyə tutulduğu bəlli deyil. Çünki indi ölkədə bir yox, bir neçə xəstəlik var. Fermerlər zəng edib deyirlər ki, onların inəkləri qanlı süd verir. Qanlı südü necə qaynadıb içmək olar? Bunu hansı məntiqlə demək olar? Xəstələnmiş heyvanın əti və südündən istifadə etmək qətiyyən. Dünyada son zamanlar virusların mutasiya olunduğu barədə geniş məlumatlar yayılır.

V. Məhərrəmov qeyd edib ki, “nodulyar-dermotiv” xəstəliyi insana keçməməsi haqda məlumatlar verilsə də ehtiyatlı olmaq lazımdır. “İndi mal-qara arasında bir yox, bir neçə xəstəlik yayılıb. Bunlardan qarayara, dabaq, vərəm və brusellyoz kimi infeksion xəstəliklərin və sair. Bütün hallarda istehlakçılar ehtiyatlı olmalıdır”.

Dövlət Baytarlıq Xidmətinin mətbuat Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də təsdiqlədi ki, artıq iki aydan çoxdur ki, sözügedən xəstəlik artıq 10 rayonda müşahidə olunub: “Bu xəstəlik ağcaqanadlar vasitəsi ilə keçib. Hazırda ən gərgin vəziyyət Ağdaş, Zərdab və Bərdədə müşahidə olunur. Dünən Ağdaşda bir neçə təsərrüfatda dezinfeksiya iş aparılıb. Bu gün də bu işin davam etdirilməsi planlaşdırılır.

Artıq 10 rayonda bu xəstəlik qeydə alınıb. 11 baş mal-qarada tələfat olub. Digər sağlam rayonlarda da nəzarət aparılır.

Bakı şəhərinə gətirilən diri heyvanlara və ətlərə tam nəzarət olunur. Baytarlıq müfəttişləri ilə, Daxili İşlər Nazirliyinin karantin əleyhinə əlahiddə batalyonu bizimlə birgə fəaliyyət göstərir. Onlarla biz birlikdə postlar qurmuşuq. Gələn mallara nəzarət edirik”.

Y. Xanvəli deyir ki, bu xəstəlik 1600 baş heyvanda müşahidə olunub: “Bu xəstəlik 1929-da Afrikada yaranıb. Keçən il İran İraq və Türkiyədə qeydə alınıb. Bu il isə diqqət etsəniz görərsiniz ki, İranla həmsərhəd zonalarında qeydə alınıb. Neytral zonalarda həm İran, həm də Azərbaycan fermerləri heyvan otarır. Ağcaqanadlar və qansovuran həşəratlar vasitəsi ilə xəstəlik mal-qaraya keçib. Sərhəd daimi dezinfeksiya edilir. Amma ağcaqanadın qarşısını almaq üçün dezinfeksiyaedici maddələr kifayət deyil. İlk xəstəlik də Biləsuvar və Cəlilabadda yaranıb. Ucar, Ağdaş, Zərdab, Kürdəmir və Bərdədə vəziyyət daha gərgindir. Ət bazarları da bağlanıb. 1600 baş yoluxub. 1200 müalicə olunub. 400 başa yaxın heyvan müalicə altındadır. Oktyabr ayının əvvəlinə xəstəliyin qarşısı alınacağı ehtimal olunur. Ağcaqanadların aktivliyi aşağı düşəndə bu xəstəlik də tamamilə məhv ola bilər”.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...