Modern.az

Əliağa Vahid, İsmayıl Şıxlı və Vəli Axundov...

Əliağa Vahid, İsmayıl Şıxlı və Vəli Axundov...

28 Avqust 2014, 15:43

Çox böyük həvəslə, maraqla izlədiyim Modern.az-da bu gün tanınmış jurnalist Mahir Qabiloğlunun böyük aydın, istiqlal mücahidimiz, məlum “43-lər”in nümayəndəsi,  xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş xatirələrdən ibarət  “İsmayıl Şıxlının “antisovet” çağırışı” yazısını həvəslə oxudum. Yazıda bir məqam mənim xüsusi diqqətimi cəlb etdi.
 
Böyük qəzəlxanımızŞ mərhum Əliağa Vahidin izdihamlı dəfn mərasimi ilə bağlı İsmayıl Şıxlının indiyə qədər heç yerdə işıq üzü görməyən xatirəsi məni bir anlıq keçmişə - təxminən 13 il öncəyə qaytardı… 

Təxminən 2001-ci ilin ortalarında Azərbaycana keçmiş sovetlər dövründə - 1959-69-cu illərdə rəhbərlik etmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş gözəl ziyalı və dövlət xadimi, bakılılar demiş “Saraylı balası” mərhum Vəli Axundovun qardaşı həkim, professor Nazim Axundovla onun öz evində müsahibə götürmüşdüm - Vəli müəllim haqqında... ”525”-də müəllifi olduğum “Sabiqlər” rubrikası üçün...

Çox əla da müsahibə alınmışdı, təvazökarlıqdan uzaq olsa da...

Müsahibənin sonunda Nazim müəllim də böyük şair-qəzəlxan Əliağa Vahidin dəfn mərasiminə toxumuş, həmin izdihamlı dəfn mərasiminin o vaxt üçün gözlənilməz bir hadisə və  bundan “yuxarıdakılar”dan bəzilərinin “narahat” olduğunu vurğulamışdı...

“Narahatlıq” keçirənlərin hətta, Axundova narazılıq etdiklərini, Axundovun isə həmin adamlara məhəl qoymayaraq, mərhum qəzəlxanın izdihamlı dəfninə mane olmamaq göstərişi verdiyini, eyni zamanda, dəfn mərasiminin axıracan izdihamlı keçdiyini, qəzəlxanın sadə xalqın istəyi ilə Fəxri xiyabanda dəfn edildiyini demişdi...

O, həmçinin, Vəli Axundovun birinci katib işlədiyi dövrdə Moskva, Kreml, ruspərəst şair-yazar, “ziyalı” tayfası ilə deyil, daha çox 60-cı illərdə disident ruhlu yazıçı - şairlərlə, ziyalılarla, o cümlədən, korifeylər - nəhənglərimiz Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və sair şəxslərlə dostluq etməyə üstünlük verdiyini, dostluq etdiyini  dilə gətirmişdi...

Hətta, “Gülüstan” poemasına görə bir zamanlar ciddi təqiblərə məruz qalan istiqlal mücahidimiz Bəxtiyar Vahabzadəni,  belə demək mümkünsə, katoliklərdən daha çox katoliklik edən rusbaşlılardan, moskvapərəstlərdən qoruduğunu qeyd etmişdi...

Allah hamısına - İsmayıl müəllimə də, Bəxtiyar müəllimə də, Vəli müəllimə də, Vahidə də qəni-qəni rəhmət etsin, nur içində yatsınlar...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi