Modern.az

QARA nemətin AĞ bərəkəti və ya “Əsrin müqaviləsi”

QARA nemətin AĞ bərəkəti və ya “Əsrin müqaviləsi”

İqtisadiyyat

29 Avqust 2014, 11:43


Tərkibi 425 müxtəlif karbohidrogen və 380 mürəkkəb birləşməli kimyəvi elementdən, yəni, 80-87% karbondan, 11-14% hidrogendən, qalan hissəsi isə kükürd, oksigen, azot, vanadium, nikel, dəmir, alüminium, mis, maqnezium, barium, xrom, kobalt, molibden, natrium, sink, kalsium, gümüşdən ibarət olan, lakin dəqiq kimyəvi tərkibi hələ də tam məlum edilməyən, bəşəriyyətin movcudluğunda əsas rollardan birini oynayan bir sərvət var, adına NEFT deyirlər. QARA rəngli bu təbii sərvətin AG bərəkəti var desək, yəqin ki, yanılmarıq. Sadəcə bü sərvətə sahib olaraq ondan səmərəli istifadə etmək lazımdır. Bu fikri əsaslandırmaq üçün isə dünyanın aparıcı neft dövlətləri olan Səudiyyə Ərəbistanı, Kuveyt, ABŞ, Qətər, Oman, Bahreyn, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Norveç kimi ölkələrdə yaşayış səviyyəsini göstərməklə yanaşı, cəmi 20 ildir neftinə ÖZÜ sahiblik etməyə başlayan Azərbaycandakı müsbət nəticələri də qeyd etmək mümkündür.

Bu məqamda müstəqil Azərbaycanın neft strategiyasının əsasını yaradan ümummilli lider Heydər Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.

Heydər Əliyevin bu fikirlərinin əsasında isə təbii ki, onun düşündüyü və həyata keçirdiyi neft strategiyası dayanırdı. Çünki neftə və digər təbii sərvətlərə sahib olan xalq hələ varlı və xöşbəxtdir demək deyil. Neçə ki, dünyada böyük həcmdə neft ehtiyatlarına sahib olan, lakin qeyri-sabit siyasi mühit, idarəedilməz iqtisadiyyat, natamam müstəqillik və sahv strategiya üzündən problemlər yaşayan bir çox ölkə var. Belə ki, İran, İraq, Venesuela, Ekvador, Liviya, Nigeriya, Anqola, Braziliya, Meksika kimi neft ölkələrini sahib olduqları neft sərvətləri ilə müqayisədə, yaşayış səviyyəsinə görə, yəqin ki, xöşbəxtlər sırasına daxil etmək olmaz. Baxmayaraq ki, bu ölkələr on illərdir müstəqildirlər və daim neft gəlirləri mövcud olub... Nə isə, qayıdaq özümüzə...

NEFT TARİXİMİZ

1848-ci ildə Bakıda, tək Azərbaycan üçün deyil, bütün dünyanın marağında olan bir hadisə baş verdi. Bibiheybət kəndində əl ilə qazılan quyudan ilk Azərbaycan nefti fəvvarə vurdu. Sənaye üsulu ilə çıxarılan bu neft Azərbaycan neft tarixinin əsasını qoydu, getdikcə təkmilləşərək bu günə qədər gəlib cıxdı və hazırda ölkəmiz dünyanın qədim neft diyarı kimi tanınır.

1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilib. 1863-cü ildə o dövrün iş adamlarından olan Cavad Məlikov Bakıda kerosin zavodu tikdirib və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edib. 1867-ci ildə isə artıq Bakıda 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.

XIX əsrin sonunda Azərbaycanın neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı olub. Bunların sırasında o dövrün neft maqnatları və milyonçuları sayılan Hacı Zeynalabdin Tağıyevi, İsa bəy Hacınskini, Murtuza Muxtarovu, Şəmsi Əsədullayevi və digərlərini qeyd etmək olar. Məhz onların fəaliyyəti nəticəsndə 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti olaraq "Bakı neft cəmiyyəti" yaradılıb.

XIX əsrin 70-ci illərindən etibarən isə Azərbaycanın neft sənayesinə xarici kapitalın güclü axını başlayıb. Bunların sırasında əsas rolu isə Lüdviq və Robert Nobel qardaşları oynayıb. Neft sənayesində bir sıra yeni ideyaların geniş miqyasda reallaşdırılması onların adı ilə bağlıdır.

Neftin mədənlərdən zavodlara və dəniz sahilinə çatdırılması üçün ilk boru kəmərini inşa etdirən, neft daşımaları üçün “Zərdüşt” adlı ilk neftdaşıyan paroxodun və dünyada ilk neft daşıyan tanker olan "Zorastr" gəmisinin İsveçdə istehsal etdirilərək Azərbaycana gətirilməsinin sifarişçisi məhz bu qardaşlar olublar.

Nəticədə 20-ci əsrin ilk dövrlərində, neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firma, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sex, təmir emalatxanası və s. fəaliyyət göstərib.

"ƏSRİN MÜQAVİLƏSİ" VƏ YA AZƏRBAYCANIN MÜASİR NEFT TARİXİ

Azərbaycanın müasir neft tarixi 20-ci əsrin sonlarına təsadüf edir ki, bu tarixin əsası "Əsrin müqaviləsi" adlanan bir sazisdən başlayır desək, səhv etmərik. Bəli, yeni müstəqillik qazanmış, hələ iqtisadi imkanları məhdud olan ölkənin dəstəyə ehtiyacı var idi. Bu mənada Azərbaycanın neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsi labüd idi və 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" böyük önəm kəsb edirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan dövlətinin iqtisadiyyatının inkişafına xidmət edən yeni dövrün əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələri genişlənməyə başladı. "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə şərait yaratdı.

Artıq bir necə ildən sonra Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində dövlətimizin gəlirləri sürətlə artmağa başladı və bu da sosial-iqtisadi problemlərin həllinə, qeyri-neft sektorunun da inkişaf etdirilməsinə imkanlar yaratdı. Azərbaycan əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısına çevrildi.

Ölkəyə daxil olan valyuta ehtiyatları artdıqca neft gəlirlərinin idarə edilməsi və qorunması zərurəti yarandı ki, bunu nəzərə alan Heydər Əliyev neft strategiyasının əsas məqamlarından bir olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması barədə Fərman imzaladı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu . 

Yaradıldığı zaman ilkin olaraq 270 milyon ABŞ dollarına bərabər valyuta ehtiyatı olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 36 milyard ABŞ dollarına çatıb.

NEFT GƏLİRLƏRİNİN YARATDIQLARI

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə geniş şərait yaranırdı. Son illər ərzində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası daha sürətlə və uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır.

Məhz heft gəlirləri hesabına qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün qısa müddətdə böyük işlərin görülməsi mümkün oldu. Dövlət Proqramının icrası nəticəsində bütün çadır şəhərcikləri ləğv edildi, məcburi köçkün ailələrinin mənzil şəraiti prioritet istiqamət olaraq diqqətdə saxlanıldı. Məsələn, 2014-cü ilin avqust ayına olan məlumata əsasən, qaçqın və məcburi köçkün ailələri üçün indiyədək 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb, yəni 210 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı onların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub.

Bunlarla yanaşı, ölkənin maliyyə potensialının, iqtisadi resurslarının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi üçün imkanlar açıldığından Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən Neft Fondunun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir və ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində, eləcə də regiona investisiya qoyuluşunun təmin edilməsində Dövlət Neft Fondunun rolu ildən ilə artır.

İnfrastruktur layihələrin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

İNVESTİSİYA YATIRIMLARI

Son bir neçə ildə neft gəlirlərinin yüksək aktivlik səviyyəsinə çatması və Dövlət Neft Fondunun aktivlərinin həcmi 30 milyard ABŞ dollarını keçməsindən sonra 2012-ci ildən etibarən Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi istiqamətində daha səmərəli fəaliyyət məqsədilə yeni investisiya siyasəti həyata keçirilməyə başlanıb. Fondun vəsaitlərinin bir hissəsi qızıl və daşınmaz əmlak alışına yönəldilib. Belə ki, 30 ton qızılla yanaşı, dünyanın bir neçə ölkəsində müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlak satın alınmışdır. Belə ki, Seul, London, Moskva, Paris şəhərlərində 4 böyük biznes-ticarət mərkəzinə ümumilikdə 1 milyard 45 milyon 550 min ABŞ dolları həcmində investisiya yatırılıb. Bu isə onu göstərir ki, artıq Azərbaycanın iqtisadi qüdrəti dünyanın maliyyə bazarlarına nüfuz etmək iqtidarındadır.  

Sonda bir daha etiraf edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilmsində, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasında "Əsrin müqaviləsi" ilə təməli qoyulan Milli neft strategiyasının rolu danılmazdır.

Pərviz Rəhimoğlu
Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin "Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusundakı müsabiqəyə təqdim olunur

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...