Modern.az

Media əhvalatları - Jurnalistlərin öz dilindən…

Media əhvalatları - Jurnalistlərin öz dilindən…

29 Avqust 2014, 23:25


Jurnalistlər iş prosesində və ya adi həyatda başlarına gələn maraqlı əhvalatları danışırlar. Modern.az saytı həmkarlarımızın Facebook sosial şəbəkəsində bölüşdükləri əhvalatları paylaşır…



Nailə Bağırova, Ann.az saytının redaktoru:
-
2003-cü il idi. Mitinqlərin qızğın vaxtı. Mənə də tapşırmışdılar o zaman Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevdən müsahibə alım. O da yaman tərsliyə düşmüşdü, heç kimlə danışmırdı. Axşam saat 9-da zəng vurmuşam Yaşar müəllimə. Bir yaxşı köməkçisi var idi. Dəstəyi götürüb soruşdu “kimdir?”: Cavab verdim ki, "Bi-Bi-Si-dir, Londondan zəng vururam. Yaşar müəllim lazımdır".
Dəstəyi kənara qoyub Yaşar müəllimə dedi: "Yaşar müəllim bibiniz sizə zəng vurur, Londondan". Yaşar müəllim çaşqın səslə: "Nə danışırsan ə... Mənim bibim Londonda nə gəzir?". Ürəyimiz gedib gülməkdən. Mən dəstəyin bu tərəfində Yaşar Əliyev də o tərəfində gülürük. Amma sağ olsun, gülüb qurtarandan sonra mənə gözəl müsahibə verdi...".



Mahir Məmmədli, APA TV-nin əməkdaşı:

- Hər dəfə Abbas Abbasovun ad günü olanda onunla bağlı tәxminәn 10 il әvvәlki xatirәmi danışıram. Qış ayı idi. Rusiya Gürcüstana qaz verilmәsini dayandırmışdı. Park-İnn otelindә tәdbir keçirilirdi. Hamıdan qabaq operatorumuzla (ANS-in əməkdaşları-red) getdik dayandıq otelin qabağında ki, mәmurlardan müsahibә alaq. Maşın dayandı vә Abbas Abbasov pencәkdә düşdü. Otelin pillәkәnindә yaxınlaşdım, sualı verdim. Abbas müәllim axıra qәdәr qulaq asdı, birdәn dedi ki, “paltonu ver mәnә”.
Tәәccüblәndim. Dedi ki, “hava soyuqdur, mәn dә pencәkdәyәm. Ver paltonu geyinim, müsahibә verim”. Nә mәn paltomu verdim, nә dә Abbas Abbasovdan müsahibә aldım. O vaxtdan küçәdә kimdәnsә müsahibә alanda bu әhvalat yadıma düşür, istәr-istәmәz adamın geyiminә baxıram. Mәnim paltom Abbas müәllimin әyninә olmazdı. O, mәnә sәhv iş gördüyümü çatdırmaq istәyirdi”.



Rey Kərimoğlu, müstəqil jurnalist:
-
2005-ci ilin parlament seçkilərindən sonra müxalifət partiyaları “Qələbə” meydanında mitinq keçirir. 26 noyabrda hava çox soyuq olsa da, meydana çoxlu etirazçı yığışır. Həmin vaxt Daxili Qoşunlar xüsusi itləri, su vuran maşınları ilk dəfə meydana çıxarır. "Yeni Müsavat"ən əməkdaşı, Qaraba qazisi Rey Kərimoğlu Çevik Polis Alayının komandiri Rza Hacıyevə yaxınlaşıb soruşur: “Rza müəllim, bəs bu havada soyuq su camaatı dondurar axı”.
Rza Hacıyev: “Rey narahat olma, maşınlara isti su vurmuşuq”.



Səbuhi Məmmədli, "Lent.az"saytının redaktoru:
-
Lent.az saytına axtardığı yazını tapa bilməyən oxucu redaksiyaya zəng vurub redactor Səbuhi Məmmədlini soruşur. Səbuhi Məmmədli arxivdəki yazını necə tapmağı oxucuya izah etsə də, adam başa düşməyib ardıcıl zənglər vurmaqla onu bezdirir.
Sonuncu dəfə telefon zəngindən hirslənən Səbuhi dəstəyi götürən həmkarına səslənir: "Ona deyin ki, Səbuhi Məmmədli ölüb, indi apardılılar məscidə yuyulmağa".



Zamin Hacı, "Yeni Müsavat" qəzetinin əməkdaşı:
-
Ramazan bayramında Ayın görünməsi ilə baglı mənim bir məzəli xatirəm var. 90-cı illərin sonu idi, yanılmıramsa, "Azadlıq" qəzetində işləyirdim, Qafqaz Müsəlmanları İdarəsinə mətbuat konfransına getmişdim. Allahşükür Paşazadə İstanbuldan, Avrasiya İslam Şurası adlı qurumun iclasından qayıtmışdı, bizə bu haqda məlumat verirdi. Şeyx dedi ki, “orda qərara gəldik bütün dünya müsəlmanları üçün dini bayramları vahid bir günlərdə qeyd edək, qarışıqlıq olmasın”.
Bu zaman mən durdum sual verdim: "Hörmətli şeyx, məsələn, Ramazan Ayın görünməsinə bağlı bayramdır, planetin müxtəlif yerlərində Ay müxtəlif vaxtda görünər, bu zaman bayramı eyni günə necə salacaqsınız?".
Şeyx çaşdı, bir az fikrə getdi, sonra dedi: "Əşşi, Aya gözlə baxmayacağıq ki! Durbinlə baxıb deyəcəklər".
Özü də başa düşdü ki, cavab qane edicideyil, söhbəti zarafata saldı: "Ümumiyyətlə, sənə bir ağıl duası yazıram".
Konfransa gülüşmə düşdü. Tədbirdən sonra mənə dedi “sən qal”. Hamı çıxandan sonra dedi “bayaq incimədin ki?”. Dedim, şeyx, o nə sözdü, yaxşı zarafat idi. Güldük təzədən, çıxartdı cibindən uzun bir təsbehi mənə verdi: "Al, hacı təsbehidir, Məkkədən gəlib".

Şeyxdən bir əhvalat da danışım, bayaqkının ardıdır. Bir gün xəbər gəldi ki şeyx Hacı Sabiri işdən qovub. Durdum getdim idarəyə, gördüm aləm qarışıb, həyətdəki İslam Universitetinin binasında Hacı Sabir ürəyini tutub yıxılıb, təcili yardım və s. QMİ Qazilər Şurasının adından Hacı Sabir haqda bir bəyanat verilmişdi ki, onu bəlkə fələstinlilər İsrail haqda vermirlər. "Ekstremist", "təxribatçı", "araqarışdıran" nə bilim nə. Bəyanatın da axırında Hacı Sabiri Qazilər Şurasından qovmuşdular. Üstündən 3-4 gün keçdi, ya mərhum Heydər Əliyev təpindi, ya nəsə ayrı şey oldu, şeyx Hacı Sabiri Qazilər Şurasına bərpa elədi. Yenə bir az keçdi, bu dəfə Prezident Aparatında şeyx və Hidayət Orucovun birgə mətbuat konfransı var idi, mən durdum burda da sual verdim: "Şeyx, Hacı Sabiri o cür biabırçı qovmuşdunuz, bəs indi nə oldu bərpa elədiniz?".
Şeyx hiss olunurdu bu suala cavab vermək istəmir, ona görə başından elədi: "Əşşi, mən çıxartmışdım, mən də bərpa elədim, bunun sənə nə dəxli?!" Birdən diqqətlə mənə baxıb dedi: "Həəə, ağıl duası...".

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu