Modern.az

Neft Şirkəti gənc məzunları işə götürdü

Neft Şirkəti gənc məzunları işə götürdü

19 İyul 2010, 20:16


İyulun 19-da ARDNŞ-nin Baş ofisində Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov ali məktəblərin magistratura pilləsini Dövlət Neft Şirkətinin təqaüdü ilə bitirən 6 məzunla görüşüb.

Modern.az-ın məlumatına görə, X.Məmmədov təqaüdçü-məzunların hər birinin təhsil nailiyyətləri, gələcək karyera maraqları və arzuları ilə maraqlanıb və onların müvafiq müəssisələrə işə qəbul olunmaları üçün aidiyyati şöbələrə göstərişlər verib. O, məzunlara gələcək iş yerlərində uğurlar arzulamış, işləyəcəkləri əmək kollektivlərində fəal, təşəbbüskar və məsuliyyətli olmağı tövsiyə edib. Görüşdə məlumat verilib ki, hazırda Şirkət 126 tələbəni ödənişli yay təcrübəsi proqramı çərçivəsində müvəqqəti işə qəbul edib və bu tələbələrin əksəriyyəti Dövlət Neft Şirkətinin təqaüd müsabiqələrində fərqlənən tələbələrdir.

Qeyd olunub ki, ARDNŞ təqaüdçü tələbələrin nəzəri bilikləri ilə yanaşı təcrübi biliklərinin də inkişaf etməsində maraqlıdır, eyni zamanda gənc mütəxəssislərin maddi həvəsləndirilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Cari ilin sentyabr ayının sonunda isə ali təhsilin bakalavr pilləsini bitirən tələbələr diplomlarını alacaqlar. Bu məzunlar arasında da ARDNŞ təqaüdçüləri var və onların əksəriyyəti Yay təcrübəsinə qəbul olunublar. Diplom alan təqaüdçü-bakalavrlar da, ötən il olduğu kimi, ARDNŞ-də müvafiq işlə təmin olunacaqlar. O, da vurğulanıb ki, indi tələbənin yaxşı karyera qurması yalnız onların öz əlindədir. Bunun üçün yalnız yaxşı oxumaq və fəal olmaq tələb olunur.

Sonda tələbələr yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər və onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI