Azər Qismət
“46” rəqəmi deyiləndə mərhum yazıçı Salam Qədirzadənin “46 bənövşə”si yadıma düşür. Məncə Vahid Mustafayev də bənövşə təki çox qəribə insandır.
ANS Media və Yayım Şirkətində 4 il çalışdım. Və “buradan həyat dərsi götürdüm” desəm yanılmaram. 2006-çı ildən ordan ayrılandan sonra mənə verilən ən çox suallar bunlar olub: “Deyirlər Vahid pis adamdır, onunla necə işləmisən?”, “Deyirlər orada işləyən qadın əməkdaşlar müəyyən “test”dən keçib işə qəbul olunurlar”, “Deyirlər Vahidin orada yaxşı bir divanı var”. Təbii ki, kənar şəxs kimi mən də o deyilənlərə inanar və ANS nəzərimdə “ən tərbiyəsiz” kanal obrazında qalardı: əgər orda 4 il işləməsəydim.
ANS-də işləməyə gələndə Vahid barədə o qədər dedi-qodularla yüklənmişdim ki, onun hər hərəkətinə şübhə ilə baxırdım: “Aha, otağına qadın əməkdaş girdi, deməli indi içəridə nəsə baş verir”, “Kimisə danladı, deməli, bezdirib işdən çıxarmaq istəyir”, “İşə gec gəldi, Allah bilir kiminlə imiş”. Və bu fikirlər yalnız 3 ay davam etdi. Sonra gördüm ki, bu insan əməkdaşlardan əvvəl işə gəlir, trenajor zalına girib məşq edir, sonra portağal, yaxud alma şirəsi içərək ya öz otağına çəkilir, ya da hər səhər keçirilən “letuçka”ya qoşulur. Və eşitdiklərimin əksinə olaraq heç vaxt kimisə söymür, ölənini-qalanına xeyir-dua vermir.
“İç xəbər”in aparıcısı olandan sonra hiss etdim ki, şirkətin prezidenti yanımdan əvvəlki günlərdəki təki etinasız keçmir. Gülümsəyir, yaxud “sabahın xeyir” deyir. Daha sonra o, məni Azər, yaxud digər əməkdaşlar kimi “Azik” deyil, “Azər müəllim” deyə çağırır, özü də ikiəlli görüşür. Anladım ki, bu ehtiram qara qaşıma, qara gözümə görə göstərilmir. Bu ehtiram təvazökarlıqdan uzaq da olsa, ölkənin bir nömrəli sosial-iqtisadi verilişinə aparıçılıq etmə qabiliyyətimə görədir.
Onunla ilk yaradıcılıq toqquşması isə soyuq qış günlərindən birində baş verdi. Bakıya möhkəm qar yağmışdı. “İç xəbər”in anonsunda qəribə bir taktika işlədirdik. O illərin tamaşaçıları yaxşı xatırlayarlar. Taktika bundan ibarət idi ki, nəyisə adı və ünvanı ilə deyə bilməyəndə, onu atmaca formasında edirdik. Həmin soyuq qış günündə belə bir anons verdik: “Amma nə görüb, nə də biləcəksiz ki, Bakının hansı rayonunun İcra Hakimiyyətinin başçısı qara səpməli olan qumun pulunu mənimsəyərək cibinə qoyub”. Efirdən sonra uşaqlar qaça-qaça dedilər ki, “Vahid müəllim təcili səni axtarır”. Otağına getdim yox idi. Az sonra otaqdakı telefona zəng gəldi, əməkdaşlardan biri dəstəyi götürüb rəng verib rəng aldı və dəstəyi mənə uzadaraq dedi ki, “yaman hirslidir, indi səni birtəhər edəcək”. Dəstəyi götürdüm və aramızda belə bir dialoq oldu:
-Salam Azər müəllim.
-Salam Vahid müəllim.
-Necəsiz?
-Çox sağ olun, təşəkkür edirəm. (Düşündüm indi söyüşün biri beş qəpik olacaq).
-Azər müəllim, bayaq efirdə hansısa İcra Hakimiyyəti ilə bağlı anons verdiniz, indi mənə Bakının demək olar ki, bütün İcra Hakimiyyətlərindən zəng edirlər. Soruşurlar ki, “sizin əməkdaş bizi nəzərdə tuturdu?”.
-Vahid müəllim, səmimi danışmaq olar.
-Əlbəttə, buyurun.
-Bir el məsəli demək istəyirəm: soğan yeməyiblər, içləri niyə göynəyir.
-(Güldü). Əslində, düz deyirsiz, day neyləyək belədir də. Azər müəllim, sizdən bir xahiş edim. İmkan varsa o tipli anonsu daha verməyin.
-Oldu Vahid müəllim.
-Çox sağ olun. Uğurlar.
Həmin gün anladım ki, əslində şirkət prezidenti yaxşı işçisini itirməmək üçün onunla çox mədəni danışır. Və mənim “Vahid çox pis adamdır” proqramım həmin gündən büsbütün silindi. Ola bilsin bu yazdığım kiməsə inandırıcı gəlməyəcək, amma bu həqiqətdən də həqiqətdir. O, bəzi özəl şirkətlərin prezidentləri kimi səsinin yoğun yerinə salıb, işçisinin şəxsiyyətini alçaltmadı.
46 yaşlı bu insanla bağlı xatirələrim çoxdur, olduqca çox. Birini də danışım və sonda təbrik edim. Bir dəfə bir montajçı oğlan qolunu bir montajçı qızın boynuna salmışdı. Bu 3-4 saniyə olmuşdu. Və oğlanın bu hərəkəti kameraya düşmüşdü. Vahid Mustafayev ANS-i ayağa qaldırdı. Hətta çəkiliş zamanı mənə zəng gəldi ki, “işlərinizi yarımçıq qoyun, təcili şirkətə gəlin”. Böyük bir iclas oldu. O iki nəfər ortaya çıxarıldı. Vahid Mustafayev belə bir çıxış etdi:
-Bilmirəm, siz buranı nə hesab edirsiz? Bura sizin evinizdir, bura sizin ailənizdir. Mən svetoforun qırmızı işığında heç vaxt keçmirəm. Mən otağıma bəzi özəl şirkətlərin prezidentləri kimi qadın gətirmirəm. Mən siqaret çəkmirəm, narkotikadan istifadə etmirəm. Mən sağlam və aktiv həyat keçirirəm. Bütün bunları ona görə edirəm ki, tabeliyimdə bu qədər işçi var. Və sabah sizdən təmizlik və qayda-qanuna riayət tələb edə bilim. Və heç kim də üzümə qayıdıb deməsin ki, “sən özün necəsən?”.
Onun çıxışını hələ də xatırlayıram. O ki qaldı iki montajçının hərəkətinə. Onların işdən çıxarılması demokratik şəkildə səsə qoyuldu. Çıxışlarda şirkət prezidentindən xahiş olundu ki, xəbərdarlıq edilməklə işdə saxlanılsınlar. O da xahişləri nəzərə aldı.
Təbrik edirəm yaxşı insan. Bu qədər işi 46 ilə yerləşdirə bildinizsə, sadəcə afərin.