Modern.az

Sükutu pozan poeziya - II yazı

Sükutu pozan poeziya - II yazı

4 Sentyabr 2014, 00:11

filologiya üzrə elmlər doktoru, professor

(Əvvəli müəllifin yazı sırasında)

Odur ki, o qədər ruh adamı olmalısan ki, o qədər güc və enerji sahibi olmalısan ki, sonu olmayan bir dünyanın gəliş – gedişi ilə vuruşa biləsən. Bu qəbildən olanlar içərisində Leyla xanım Əliyeva da vardır ki, o, ali məqsədə doğru gedən yolun başlanğıcında öz poetik düşüncələrini söyləyir. Onun poetik düşüncəsi, adi olmayan fəlsəfi poetik düşüncəsi lirik “mən”inin həssaslığı, duyğusallığı, narahatlığı fonunda Allahın yaratdığı hər bir şeyə, daha çox dünyanın əşrəfi olan insana ünvanlanır. İnsanın problem və qayğıları çox olduğundan onun lirik “mən”inin axtarışları da az olmur. Axtarışlar içərisində o, lirik “mən”inin fəlsəfəsinə, fikir və düşüncə karvanına sarvan olur. Bu mənada “Mənə dərman verin...” şeirinin fəlsəfəsi yerinə düşür. O dərmanın adı nədir, o dərman hansı xəstəliklərə əlacdır, o dərman nələrə sipər çəkir? Lirik “mən” dərman axtarışında belə söyləyir:

Mənə bir dərman verin –
Dərdim, ağrım yox olsun
Sevgim baldır, şirindir.
Dərman “şəkər”i salsın

Yaxud:

Mənə bir dərman verin
sinə gərim tufana,
Eliksir içən kimi
başlayım yaratmağa.

Yaxud:

Bir dərman verin mənə,
yox olsun hiylə - kələk.

Əslində lirik “mən”in dərman istəyi özü üçün deyil, dərmana ehtiyacı olan hər bir insan üçündür, dərmana ehtiyacı olan hər bir bəşər övladı üçündür. Bu dərmanın adı lirik “mən”in poetik axtarışının fəlsəfəsində “Yaxşılıq”dır. O “Yaxşılıq” ki, ona hər kəsin ehtiyacı var. Ancaq hər kəsdə “Yaxşılıq” varmı?! Təzad da burasındadır ki, bu gün hər kəsin, bütövlükdə bəşəriyyətin “Yaxşılığ”a ehtiyacı var. İnsanlar arasında bir sorğu keçirilsə və soruşulsa ki, bu gün insanların nəyə ehtiyacı var?! Çoxlu cavablar içərisində bütün cavabları ümumiləşdirən bir cavab var: Yaxşılıq.

Dərman verin – çox verin,
Heç xəsislik etməyin!..
Dərmanlar bol olsun ki,
Mərəzləri ram edim
Sizdə bir dərman da var –
“Yaxşılıq” derlər ona,
Ondan da verin mənə
Paylayım insanlara...

Yuxarıda qeyd olunduğu kimi, əsl şeirdə narahat dolu hisslər şeirin müəllifini rahat buraxmır. Əsl şairin poetik düşüncəsində Allahın yaratdığı bütün varlıqlar barədə narahatçılıq hissləri keçirilir, onlara qayğı və diqqət ön plana çəkilir.

Gözümüzlə gördüyümüz bütün varlıqlara – gülə, çiçəyə, arıya, qarışqaya, kəpənəyə bir gözəllik kimi yanaşılır. Gözəllik əbədi olmadığı kimi, Allahın yaratdığı bütün varlıqlar da əbədi deyil. Bir sözlə, gözəllik də, xoşbəxtlik də əbədi deyil. Onların hər birinin sonunda bir qorxu vardır. Əlbəttə, bunlar şeir müəllifinin poetik düşüncəsində gözəllik – qorxu, xoşbəxtlik –qorxu, sevinc – qorxu və s. olmaqla həyatın iki tərəfi kimi var. Bu mənada “Pərvanə” şeirinin fəlsəfəsindəki önəmli məqamlardan biri də budur:

Şam yanır, şöləsi nur
Pərvanəm, bir dayan, dur.
Şam gözəldir, amma ki...
Özünü oda az vur
Başına dolandıqca,
Bir az da gur yanacaq
Səhər açılanacan
Yalnız külün qalacaq.

Pərvanənin şam oduna yanması, ancaq bununla belə, hər dəfə pərvanənin şam ətrafında uçuşda olması folklorumuzda az işlənməmişdir. Söhbət ondan gedir ki, pərvanənin bu işi, bu əməli real bir yaşayışdır. Pərvanənin şam ətrafında uçub – uçub, ən nəhayət alovu qucması məhəbbətə inanmayanlar üçün ən böyük örnəkdir. Bunu şeirdəki xeyli nümunələr təsdiq edir:

Düşünürsən məhəbbət
Heç vaxt xəyanət etməz,
Sevgiyə yalan qatıb
Heç kəsi zəhərləməz.
Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən
Lap külə dönəcəksən
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.

Pərvanənin hərəkətində məmnunluq yaradan məqam var. Ancaq bununla yanaşı nisgil, qorxu da var. Söhbət ondan gedir ki, şeirdə məmnunluq – nisgil – qorxu gözəl bir poeziya nümunəsi yaradır. Kifayətdir ki, bu gözəl poeziya nümunəsini və nümunələrini görə biləsən, şeir mövzusuna çevirə biləsən, təqdim etmək qabiliyyətinlə seçilə biləsən. Bu məqamda XX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Herman Hessenin “Knulp” povestindəki bəzi məqamları xatırlamalı oluruq: “Bir də baxırsan, dünyanın ən gözəl – göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən qəşəng bir quş. Bir az keçmiş, qanadları üstündə qırmızı xallar olan ağ kəpənək...

Ancaq mənim bir fikrim də var. Məncə, gözəl o şeydir ki, onda məmnunluqla yanaşı nisgil də, qorxu da var...

Gözəl olan şey əbədiliyə qovuşa bilsəydi, ürəkdən sevinərdim. Amma o zaman mən ona gözucu baxıb düşünərdim ki, bunu sən istədiyin vaxt görə bilərsən, bu gün olmasa da, olar. Əksinə, ötəri, dəyişkən gəldi – gedər şeylərə daha çox baxıram, baxdıqca da təkcə zövq almır, həm də yanıram”.

Lirik “mən”in istəyi gözəl olan hər şeyin, mövcud olan gözəlliyin əbədiliyə qovuşmasıdır. O, gözəllikdən zövq alır, gözəllik dağıldıqda, məhv olduqda, öldükdə gözəlliyin halına yanır. Necə ki, Herman Hessenin yaradıcılığında da bu hisslər aparıcı rol oynayır. Ancaq Herman Hesse nəsrlə öz sözünü deyir. Onun nəsrinin imkanları ümumiyyətlə, nəsrin imkanları daha genişdir. Ancaq Leyla xanım Əliyeva öz sözünü şeirlə deyir. Şeirdə zərrə qədər olsa da, artıq söz və ifadəyə ehtiyac yoxdur. Onun imkanları nəsrlə müqayisədə məhduddur. Bu məhdudluq çərçivəsində Leyla xanımın şeirləri gözəlliyin poetik fəlsəfəsinə də tam incəliyinə qədər aydınlıq gətirir. Gözəlliyə mərhəmət, vicdan, ləyaqət fəlsəfəsi ilə yanaşır. Gözəlliyi, sevgini, istəyi, məhəbbəti müəyyən həddə qədər deyim kimi qəbul edir. Müəyyən həddən sonra gözəllik də, sevgi də, məhəbbət də insanlığın kamilliyinə, zirvəsinə doğru bir hərəkətdir. Bunlar insanı nəcibləşdirir, yüksəldir, ali edir. Nəticədə insanlığın təkzibolunmazlığı hər kəsi inandırır. Yenə də nəticədə insanların bir – birinə olan münasibətində həmahənglik yaranır və inam, etibar, sadaqət artır. Yenə də nəticədə bütün hisslər də, duyğular da, istək də, məhəbbət də vicdan adlı tərəzidə çəkilir və dönə - dönə çəkilir. “Məktub” şeirində olduğu kimi:

Mən məktub yazmamışam,
Sənə bircə kərə də,
Hisslər yığılıb qalıb
Qəlbin dərinliyində...
Çəkinmişəm, qorxmuşam, -
Bilirsən nəyə görə? –
Layiqli söz tapmıram,
Ürəyin sözlüyündə.

Yaxud:

Mən məktub yazmamışam
Sənə heç bir kərə də.
Axır ki, qərar verdim –
Məktub yazacam – deyə
Lüğəti varaqladım,
Kasad göründü mənə,
Bircə “sevirəm” sözü
Bəs etdi hisslərimə...
Qanad verdi naməmə...

Vaxtilə Dostoyevski belə bir fikir söyləmişdi: “ Dünyanı gözəllik xilas edəcək”.

Bu barədə ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsin 1975-ci ildə Nobel mükafatı alarkən geniş bir nitq söyləmişdi. Həmin nitqin bəzi məqamlarını qeyd etmək yerinə düşər: “Bədii əsər isə öz sınağını özündəcə daşıyır: süni, qondarma konsepsiyalar obrazlarla sınaqdan keçə bilmir: həm birincilər, həm də ikincilər dağılıb gedir, çəkimsiz, solğun görkəm alır, heç kəsi inandıra bilmir. Həqiqəti canına hopdurmuş və onu kəskin canlı şəkildə təqdim edən əsərlər isə bizi amiranə tərzdə öz təsirləri altına salır, özlərinə cəzb edirlər – və heç kəs, heç vaxt,

hətta əsrlər keçəndən sonra da onları təkzib etmək fikrinə düşmür”. Məhz bu mənada “Sevgi və nifrət” şeirində həqiqət o qədər cəzbedicidir ki, indi də, gələcəkdə də, əsrlər keçəndən sonra da heç kəs onları təkzib etmək fikrində olmayacaq və bu heç mümkün də deyildir. Sevgi və nifrət insan olan hər bir kəsdə var və onun obrazı, modeli “sevgi və nifrət” şeirində öz əksini tapır. Sadəcə olaraq tapmır, təkzibolunmaz bir model, formul alır. “Sevgi və nifrət” şeirindəki təkzibolunmaz model və formul bunlardır:

sevgini tanı, nifrətə ürək vermə.            

Sevgi, dostunu tanı.
Nifrətə ürək vermə!..

Yaxud:

Sevgi olan yerdə qürura inanarlar?!
Ağlın olsun, ay sevgi,
Qürura inanarlar?
O bir səddir arada,
Bərk vur, tökülsün daşlar!..

Yaxud:

Sevgi xoşbəxtdən xoşbəxtdir           
Bil ki, sevgi hər zaman
Xoşbəxtdən də xoşbəxtdir,
Sənsə ondan hürkürsən
Ondan qorxan bədbəxtdir.

Yaxud:

Sevgi də tükənə bilər.              
İstəyirsən bu sevgi
Tükənib, heç bitməsin?
Günəş batsın, yerini,
Heç vaxt Aya verməsin?
Bu heç mümkün də deyil –
Gün doğub – batmalıdır.
Qaranlıq gecədə də
Arzu boy atmalıdır...

Yaxud:

Sevgi səni // məni // onu // bizi // sizi // onları yaradandır.
Nifrətə dost deyirsən... –
Sevgi, görəsən niyə?!
Ürəyim sənin deyil,
Kinlisən buna görə?
Mən səni tanıyalı
Məni başdan almısan...
Hərdən inanıram ki,
Məni sən yaratmısan...


Sevginin nifrətə keçməməsi və ümumiyyətlə, nifrətin olmaması üçün gözəllik, həqiqət, xeyir əzilməməli, onlar vəhdət təşkil edərək yaşamalıdır. Elə buradaca yenə də Aleksandr İsayeviç Soljenitsin Nobel mükafatı alarkən söylədiyi nitqdən bəzi məqamları qeyd etmək istərdik: “Ola bilər ki, həqiqət, xeyir və gözəllik üçlüyünün bu qədimi vəhdəti materialist gəncliyimizdə düşündüyümüz kimi, sadəcə, təmtəraqlı formul deyil? Əgər bu üç ağacın başları, tədqiqatçıların dedikləri kimi, birləşirsə, lakin bu zaman Həqiqət və Xeyirin yetərincə açıq, yetərincə aşkar duyulan pöhrələri basılıb əzilmişdirsə, kəsilmişdirsə, irəli buraxılmırsa – onda da bilməzmi ki, Gözəlliyin ecazkar, öncədən necə olacaqları bilinməyən, gözlənilməz pöhrələri özlərinə yol tapa bilsin, elə həmin yerdəcə üzə çıxsın və onların hər üçünün işini görmüş olsun?

Belə olan halda Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” deyimi təsadüfən yox, peyğəmbərcəsinə söylənilmiş olunur ki? O axı çox şeyi görə bilirdi, hər şey ona heyrətamiz dərəcədə əyan olurdu”.

Deməli, incəsənət, ədəbiyyat, doğrudan da, müasir dünyaya kömək edə bilər? Deməli, Həqiqət, Xeyir və Gözəllik vəhdətdə olmaqla pöhrə verə bilər, gələcəyə doğru özlərinə yol tapa bilər. Təklikdə bunların heç biri digərinin işini görə bilməz. Təklikdə bunların biri digərini, yaxud digərlərini irəli apara bilməz. Bundan başqa, incəsənət, ədəbiyyat, məhz ədəbiyyat gözəllikdir. O, dünyanı xilas edə bilər. Və ədəbiyyat – Gözəllik Həqiqət və Xeyirlə vəhdətdə olmaqla müasir dünyamıza kömək edə bilər. Bir ideoloji silah kimi Həqiqət, Xeyir və Gözəlliyin vəhdəti irəliyə buraxılmalıdır. Bu mənada “Gecə qüsura baxma” şeirində Həqiqət, Xeyir, Gözəllik Gecə obrazında fəlsəfi izahını tapır. Gecə obrazı vasitəsilə Gecə Həqiqət, Xeyir və Gözəlliklə oppozisiya yaradır. Gecənin poetik düsturu belə ifadə olunur: gecə sən mənə dost deyilsən, gecə məkrlə yatan arzuları ayıldırsan, gecə günün qaranlığında hamını buraxıb gedirsən və s.

Gecə sən mənə dost deyilsən:

Sən mənə dost deyilsən,
Gecə, incimə küsmə,
Yalnız dostlar söyləyər,
Sözün düzünü üzə.

Gecə məkrlə yatan arzuları ayıldırsan:

Gecə, bir mənə söylə,
Axı, nəyə lazımsan,
Xatirələrdə uyan,
Hissləri oyadırsan,
Məkrlə ayıldırsan
Yatan arzularımı?...

Gecə günün qaranlığında hamını buraxıb gedirsən:

Gecə, sən də hamı tək,
Məni tərk edəcəksən...
Günün qaranlığında,
Buraxıb gedəcəksən.

Şeirdə oxucu özü üçün nəyisə tapırsa, ya da özünü görürsə, yaxud da təsəlli yeri kimi ona sığınırsa, onda, deməli, nəsə var. Deməli, şeir var, poeziya var. Onun hikməti var. Onun təmiz niyyəti var. Bu mənada “Səni tərk edəcəyəm”, “Ana, nə olar, getmə!”, “Ulduzlar pillə - pillə düzülsəydi səmaya”, “Səni atmaq istəmirəm”, “Ruhuma yaxındır o”, “Çıxıb getmə” şeirləri məhəbbət mövzusunda yazılmış şeirlər olmaqla məhəbbətin poetik fəlsəfəsini yüksək ruhla, təmiz niyyətlə, böyük hikmətlə oxucuya təqdim edir. Bu şeirlərin hər birində görürsən ki, şeirin bütövlükdə ruhu müəllifin canı, qanı ilə qidalanır.

Mən çıxıb gedəcəm –
Səni tərk eyləyəcəm,
Vuracaqsan qəlbimə
“Ürəksiz” damğasını.
Bağışlamayacaqsan,
Bilirəm bunu...
Cismən ayrılsaq da biz,
Unuda bilməz ruhun...

Bu şeirləri oxuyanda fikirləşirsən: görəsən dünyada insanların inam və imanları olmasaydı nələr baş verərdi? Bəs biganəlik, laqeydlik, kənarda dayanıb seyr edənlər olmasaydı nələr baş verərdi? Həyat həm də baş verən və baş verəcəklərdən ibarətdir. Bir sözlə, “Ana, nə olar, getmə!” şeirində yetim uşağın dilindən səslənən sosial həyatın fəlsəfəsi olduqca canlı və təsirlidir.

Ana, nə olar, getmə!           
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.
Mən hələ çox körpəyəm,
Büdrəyirəm gəzəndə.
Sizi gözəl duyuram,
Həyatı bilməsəm də.

Leyla xanım Əliyevanın şeirlərində yeni rənglər, yeni çalarlar o qədərdir ki, onları dönə - dönə oxumaqla hər dəfə yeni – yeni mənaları tapmaq olur. Həm də şeirlərin ruhu iddiadan uzaq olduğu qədər də qəlbləri qaynadan, ürəkləri isidən, duyğulara fəlsəfi düşüncələri ilə od verən əlamətləri ilə təsirlidir, məhz təsirlidir. Şeirlərdəki hisslər qeyri – adi və həyatidir. Şeirlərdəki hisslər ülvi və ucadır. Tərənnüm olunan duyğuların, hisslərin, lirik “mən”in hisslərinin özü böyükdür. Bu da insanı həyatda fədakarlığa, eyni zamanda mənəvi təmizliyə səsləyir. Şeirlərdə lirik “mən”in idrakı, hər şeyin mahiyyətinə varmaq, hər şeyi dərk etmək ehtirası güclüdür. Ona görə də lirik “mən”in idrakı cəmiyyətin fövqünə qalxır. “Ulduzlar pillə - pillə düzülsəydi səmaya” şeirində hisslərin qeyri – adiliyi və səmimiliyi dərindir:

Ulduzlar pillə - pillə
Düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
Kəhkəşanlı yollara
Birər – birər qalxardım,
Baş vurardım göylərə,
Səni oradan alıb,
Qaytarardım geriyə...

Nağıllarımızda, dastanlarımızda aşiqlərə buta verilir, yaxud eşq şərbəti içirlər. Bununla da aşiqlərin başına gələcək işlər onlara yuxu vasitəsilə əyan olur. Bu hal nə qədər qəribə görünsə də, hazırda elm sübut edir ki, bir həqiqətdir. Belə ki, psixotronika deyilən elmin yenilikləri sübut edir ki, iki yaxın adamdan biri o birinin başına gələcək hadisədən qabaqcadan xəbərdar olur. Deyərdim ki, şairdə məhz intuitiv olaraq bu keyfiyyət olmalıdır. Ona görə olmalıdır ki, o, başqalarından fərqlənməklə qabaqcadan görsün, duysun. “Səni atmaq istəmirəm” şeirində deyildiyi kimi:

Aramızda uçurum –
Dərinliyi bir ümman.
Torpaq tökmə - bitişməz
Heç cəhd etmə, ay oğlan.
Gedirəm, qəzəbliyəm,
Kinim – oddan – alovdan!..
Addımlarımsa kövrək,
Arxasında bir inam...

Leyla xanım Əliyevanın şeirlərində ruh və düşüncə tərzi fərqliliyi və özünəməxsusluğu ilə seçilir. Onun şeirləri Azərbaycan dilində yazılmasa da, ruh, və düşüncə tərzinin kamilliyi, bütövlüyü imkan verir ki, onun şeirləri müasir ədəbiyyatımızın sevilən, zövqləri oxşayan, yaşam, düşüncə tərzlərini cilalayan, formaya salan örnək nümunələr hesab olunsun. Onu da qeyd edək ki, ruh və düşüncə tərzinin özəlliyi və spesifikliyi imkan verir ki, Leyla xanımın şeirləri tərcümə olunduğu dillərdə də sevilsin. Necə ki, Azərbaycan dilinə olan tərcümələr– yazıçı – publisist Mahir Qabiloğlunun tərcümələrində uğurlu alınır və oxucu qəlbinə yol tapır. Bir daha qeyd edək ki, bu həm şeirlərin ifadə etdiyi böyük məna yükü ilə bağlıdırsa, həm də tərcüməçinin şeir müəllifinin qəlbinə, ruh və mənəviyyatına girib onun duyğu və hisslərini özləşdirmək bacarığıdır.

Leyla xanım Əliyevanın şeirlərində insan hər şeyin mərkəzində götürülür. Lirik “mən” isə gözəl və çirkin olanları elə dəyərləndirir ki, gözəlliyə məhəbbət, çirkinliyə isə nifrət edir. Lirik “mən”in qənəatinə görə, gözəllik də, çirkinlik də insan üçündür və bu dünyada hər ikisindən zövq alanlar vardır. Leyla xanım şeirlərində hər ikisini mizan tərəzisi ilə dəqiq ölçür, hər ikisini doğru – düzgün dəyərləndirir. Heç kəsi yamsılamır, təqlid etmir. Ən başlıcası öz yolunu – insanları doğruluğa, düzgünlüyə, sədaqətə, ədalətə, böyüklüyə, ülviyyətə, ucalığa və təmizliyə səsləyən yolunu gedir. O, poetik fikirlərində nəfəs alır, poetik fikirlərində yaşayır, duyğu və hissiyyatı ilə sükutu pozur. Elə buradaca ədəbiyyat üzrə Nobel mükafatçısı, Uilyam Folknerin belə bir fikri yada düşür: “Mənim üçün sükut səsdən üstündü, sözlərlə ifadə olunmuş obraz isə sükutda mövcuddur”. Bir sözlə, müasir Azərbaycan ədəbiyyatında yeni bir nəfəs, yeni bir dəst – xətt, yeni bir imza var. Bu, şairə Leyla xanım Əliyevanın nəfəsi, dəst – xətti və imzasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi