Modern.az

Azərbaycanda bağlanan "türk liseyləri" yeni adla fəaliyyətə başladı - YENİLƏNİB

Azərbaycanda bağlanan "türk liseyləri" yeni adla fəaliyyətə başladı - YENİLƏNİB

Ölkə

4 Sentyabr 2014, 12:38

 

Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandıran türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri” şirkətinə məxsus olan məktəblərin fəaliyyəti bərpa olunub.

“Bundan sonra tədris müəssisələri akademik Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında və dərs prosesində isə heç bir dəyişiklik olmayacaq. Hər şey əvvəlki qaydasında olacaq”.

Bunu Modern.az saytına türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova deyib.

G. Bağırova qeyd edib ki, yaxın vaxtlarda valideynlərlə görüş keçiriləcək.

Qeyd edək ki, bu il iyunun 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.  Bu liseylərdə minlərlə şagird təhsil alırdı. Onlardan hətta növbəti tədris ili üçün təhsilhaqqının müyyən məbləği də yığılmışdı.
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin 11 ümumtəhsil müəssisəsi bağlanıb. Bağlanan həmin "türk liseyləri" aşağıdakılardır:

Ağdaş Liseyi 
Bakı Liseyi 
“Dədə Qorqud” Liseyi 
“Qafqaz” Gimnaziyası
Gəncə Liseyi 
Quba Liseyi 
Lənkəran Liseyi 
Mingəçevir Liseyi 
Sumqayıt Liseyi 
Şəki Liseyi 
Şirvan Liseyi


***

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (“Çağ Öyrətim İşlətmələri”) bir müddət əvvəl fəaliyyəti dayandırılan liseyləri akademik Zərifə Əliyeva adına liseyin tabeçiliyinə verilib.

Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva APA-ya açıqlamasında məlumatı təsdiqləyərək bildirib ki, bununla bağlı təhsil nazirinin əmri var. Onun sözlərinə görə, bu liseylər akademik Zərifə Əliyeva adına liseyin “Eksperimental pilot sinifləri” adlanacaq və belə formada fəaliyyət göstərəcək: “Bizim lisey dövlət liseyidir və Təhsil Nazirliyinin birbaşa tabeliyindədir. Liseydə Azərbaycan və rus dillərində təhsil verilir. Amma hazırda fəaliyyət göstərəcək eksperimental pilot siniflərdə təhsil ingilis dilində və ödənişli olacaq. Bu vaxta kimi fəaliyyət göstərən türk liseylərində də şagirdlər məhz ingilis dilində və ödənişli təhsil alırdılar”.

M.Vəliyeva əlavə edib ki, liseylər əvvəlki binalarında fəaliyyətlərini davam etdirəcəklər. Onun sözlərinə görə, əvvəlki qaydalar saxlanılmaqla liseyin şagirdləri öz təhsillərini davam etdirəcəklər: “Yalnız bunların hamısı dövlətin nəzarətinə keçib və dövlət standartları orada da tətbiq olunacaq. Hər bir liseyin idarəçiliyi Zərifə Əliyeva adına lisey tərəfindən olacaq. Qəbul olunan şagirdlər və liseylər bizim liseyin tərkib hissəsidir. Buna görə də liseylərdə illik ödəniş, müəllim heyəti və hər şey saxlanılmaqla onlar Zərifə Əliyeva adına liseyin tabeçiliyində fəaliyyət göstərəcəklər”.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda isə bildirilib ki, nazirlik Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumtəhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır. Son məlumata əsasən, burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərinə qəbul olunub. Digər təhsilalanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumtəhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib.

Qəbul olunmuş qərara əsasən, eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq. Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə, ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaq.

Sentyabrın 15-də bütün ölkədəki kimi qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaq.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətindən (ABTM İH) isə bildirilib ki, əvvəllər “Çag Öyrətim İşlətmələri” Şirkətinin məktəbləri kimi fəaliyyət göstərmiş, sonradan ABTM-nın tərkibində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olmuş və artıq qapanmış məktəblərdəki yerli müəllimlərin və şagirdlərin yerləşdirilməsi ilə bağlı işlərlə Azərbaycan Təhsil Nazirliyi məşğuldur: "ABTM-də bağlanmış məktəblərin daşınmaz əmlakının Təhsil Nazirliyinə verilməsi ilə bağlı sənədləşmə işləri tamamlanmaq üzrədir".

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu