Modern.az

Qiymətləndirmə şirkətinin qiyməti - “2” - “İNTEGRİS”dən şikayət var

Qiymətləndirmə şirkətinin qiyməti  - “2” - “İNTEGRİS”dən şikayət var

İqtisadiyyat

5 Sentyabr 2014, 16:44



Bu gün Azərbaycanda daşınan və daşınmaz əmlakla bağlı fəaliyyət göstərən ayrı-ayrı qiymətləndirmə şirkətləri insanların deyil, tərəfdaşlıq etdikləri qurumların maraqlarından çıxış edirlər.

Nəticədə insanların mülklərinə dəfələrlə aşağı qiymət qoyulur.

Elə Modern.az-ın əməkdaşı da bu yaxınlarda belə bir problemlə qarşılaşıb. Yaşadığı mənzili sığortalatdıran əməkdaşın evinə su xəttində yaranmış problem zamanı ciddi ziyan dəyib.

Jurnalist “Azsığorta” şirkətinə müraciət edib. Mənzilə baxış keçirərək qiymətləndirmə aparan “İntegris” şirkəti evə dəymiş ziyanı o şəkildə qiymətləndirib ki, həmin vəsaitə bir otağı təmir etdirmək belə, mümkün deyil.

Adını çəkdiyimiz sığorta və qiymətləndirmə şirkətləri barədə geniş araşdırma təqdim edəcəyik. O zaman bu kimi şirkətlərin insanların başına hansı oyun açdığı görünəcək. Belə şirkətlər öz hüquqlarını bilən jurnalist təbəqəsi ilə bu şəkildə davranırlarsa, sadə vətəndaşların hansı məşəqqətlər yaşadığını təsəvvür etmək o qədər də çətin deyil.

“Problem var. Problemin kökündə isə risklərin yüksək olması durur. Yəni qiymətləndirmə şirkətləri bir qayda olaraq obyekti qiymətləndirərkən, ona konservativ yanaşma tətbiq edirlər. Bu yanaşma əmlakın maksimum dərəcədə qiymətinin aşağı salınmasına xidmət edir”.
 Bunu Modern.az-a açıqlamasında iqtisadç-ekspert Samir Əliyev qiymətləndirmə şirkətlərində həyata keçirilən əməliyyatlara münasibət bildirərkən söylədi.

İqtisadçı hesab edir ki, istənilən daşınan və daşınmaz əmlaka elə bir qiymət verilir ki, həmin əmlak bazara çıxarılan kimi qısa müddətdə satıla bilsin.
”Məsələn, 10 manatlıq bir əmlakı satmaq üçün müəyyən bir dövr lazımdır. Amma ola da bilər ki, qiymət qoyulan zamandan sonra əmlakın qiyməti 9 manata düşər. Riskə getməmək üçün qiymətləndirmə şirkəti daha aşağı qiymət tətbiq edir, əmlakı 8 manata təqdim edir”.

İqtisadçı qanuni baxımdan təkmilləşməyə ehtiyac olduğunu vurğuladı: “Bildiyiniz kimi,  qiymətləndirmə şirkətləri bir qayda olaraq banklarla çalışır. Qeyd olunan problemlərsə, onların birgə çalışdığı bankların tələbidir.
Qanunvericilik baxımından da təkmilləşidirməyə ehtiyac var. Belə ki, bizdə qiymətləndirmə lisenziyalaşmış fəaliyyət deyil. Bu o deməkdir ki, hazırda istənilən şəxs qiymətləndirmə işiylə məşğul ola bilər. Amma burada ikinci yanaşmanı da düşünmək olar. Düzdür, bu da problemin həlli deyil. Hər bir bankın özünün işlədiyi qiymətəndirmə şirkəti var. Şirkətlər bu sifarişi itirməmək üçün məcburən buna gedirlər. Zərbə isə hər zaman olduğu kimi vətəndaşa dəyir. Burada istehlakçıların hüquqularının pozulması məsələsi ortaya çıxır”.

Samir Əliyev bildirir ki, narazı məqamlarda başqa bir qiymətləndirmə şirkətinin xidmətindən də istifadə etmək olar, amma sığorta şirkətləri buna getmir.

“Bir çox hallarda qiymətləndirməni başqa adla sığorta şirkətinin özü həyata keçirir. Qarşıya çıxan problemin həlli üçün məhz bunu araşdırmaq lazımdır. Qiymətləndirmə şirkəti fəaliyyət zamanı bitərəf olmalı, nə vətəndaşın, nə də mənsub olduğu sığorta şirkətinin mənafeyini güdməlidir. Bu şirkətlər daha çox bank və sığorta şirkətindən asılı olduğu üçün onların marağını güdmək məcburiyyətində qalır. Qiymətləndirmə şirkətlərinin öz metodları var. Belə ki, qiymətləndirmə zamanı uyğun bazar qiyməti əsasında qiymətlənirmə həyata keçirilməlidir. Qoyulan qiymət bazar qiymətlərinə yaxın olmalıdır. Əks təqdirdə isə vətəndaş hüquqlarıın pozulması problemi ortaya çıxır. Bütün bunlar insanların sığortaya marağını azaldır. Bir çox yaxşı şirkətlər ola bilər, amma göz önündə olanlar insanların sığortaya etibar etməməsinə səbəb olur. Bu gün könüllü sığortya münasibət olduqca azalıb”.

 Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...