QABİL
Çeçen aullarında
Xalq torpaq vayındadır,
Sinəsində avtomat.
Nəsimi bazarında
Xalq qarın hayındadır
Əlində ölü manat.
Bomba yağmurlarından
Çeçen xərabələri
Xalqın şöhrət tacıdır.
Bir daşı laxlamayan,
Gəlməylə dolub daşan,
Qaçqınla dolub daşan,
Köçkünlə dolub daşan,
Veyillə dolub daşan,
Möhtəkirlə, qatillə,
Düşgünlə dolub-daşan
Bu adlı-sanlı Bakı,
Tarixi şanlı Bakı
Sədəqə möhtacıdır.
Nəsimi bazarında
Vur çattasındı, vallah!
Babək də, Koroğlu da
Nağıl Ac-ındı, vallah!
Azərbaycan torpağı
Doludur generalla.
Bir general, ay çeçen,
Sənin bəsindi, vallah...
Bir ovuc millətə bax,
Millətdə qeyrətə bax,
Sən bir qaşıq qana bax,
Bir qaşıq ümmana bax.
Yeddi başlı əjdaha
Başında tufana bax!
Nəsimi bazarında
Böyük Mirzə Ələkbər
Deyir ki:
Tərsinə yox,
Düzünə dövran edir
Elə çərxi fələklər.
Nəsimi bazarına
Çevrilib başdan-başa
Azərbaycan torpağı.
Hər eli, hər oymağı.
Əbəs yerə çəkmirəm
Nəsiminin adını
Əbəs yerə salmıram
İnamın, kişiliyin
Fərhadlar Fərhadını!
Nəsimi dönməzliyi
Axtarıram, camaat!
Nəsimi sönməzliyi
Xalqa lazım bu saat.
Hədər misal çəkmirəm
Nəsimi bazarını.
Nəsimi bazarında
Görüb qan ağlayıram
Millətin rüzgarını.
Çeçen küçələrində
Körpə kamikadzelər
Dağ boyda tank üstünə
Fəda olmağa gəlir...
Nəsimi bazarında
Bizim də ki, uşaqlar
Cındır əski əlində
Maşınlara şığıyır,
Şüşə silməyə gəlir.
Nəsimi bazarına
Niyə Çeçenistannan
Əsmir odlu küləklər?
Atəşkəslə nə sayaq,
Sakit olsun ürəklər.
Bu qədər şəhid qanı,
Bu qədər şəhid canı
Hədərmi getdi, hədər?
Yad əllərdə mahallar
Yad əllərdə namuslar...
Küləkdən şappıldayan
Çadırların sırası
Ana-bacı saçında
Bəlalar sırsırası
Şəhid deyil, nədir bəs?
Nəsimi bazarına
Əs, ey odlu külək, əs!
Əs, çeçen diyarından!
Bəlkə tərpəniş görə
Xalq öz oğullarından...
Ay nə bilim, nə bilim
Sındırdılar milləti,
Dondurdular milləti,
Yandırdılar milləti,
Keçməz bu bəhanələr!
Lap Cövhər Dudayevi
Doğrasalar da əgər
Nədir çeçenin həddi,
Nə həddi sına qəddi?!
Nəsimi bazarında
Dəyirman daşı kimi
Vallah hərlənir başım.
Yanıram-yaxılıram
Vallah, atam-qardaşım?
Nə qədər satmaq olar.
Nəsimi bazarında
Humanitar damğalı
Sədəqə - yardımları?
Nə qədər batmaq olar
Yuxarıdan aşağı,
Aşağıdan yuxarı?!
Bəlkə çeçen qanınnan
Qan vuraq qanımıza?
Ya çeçen vicdanından
Vicdan calaq eyləyək
Sabirlərə dağ çəkən
Bu kor vicdanımıza?!
Qınama Vətən məni,
Nahaqqamsa qəbrə qoy,
Diri-diri sən məni.
Qınama millət, məni,
Neyləyim, dilləndirir
Aşkar həqiqət məni.
Ağlar həqiqət məni.
Xalqın bu rüzgarında
Nəsimi bazarında,
Nəsimi bazarında...
4 fevral, 1995