Modern.az

Cavad Heyətin varisi: “Vida mәrasimi vә cәnazә törәni sönük keçdi” - MÜSAHİBƏ

Cavad Heyətin varisi: “Vida mәrasimi vә cәnazә törәni sönük keçdi” - MÜSAHİBƏ

9 Sentyabr 2014, 13:21

Riza Heyət: “O bilirdi ki, Azərbaycan xalqı və dövləti ona sahib çıxacaq”  


Ötən ay dünyasını dəyişən və Bakıda II Fəxri Xiyabanda dəfn edilən mərhum alim-cərrah Cavad Heyətin rəsmi varisi Riza Heyət Modern.az saytına müsahibə verib.

- Cavad Heyәt çox şaxәli bir şәxsiyyәtә malik olan, eyni zamanda hamısında da böyük başarılara imza atan nadir insanlardandı. Hәr işlә mәşğul olmazdı, amma mәşğul olduğu işlәrdә mütlәq istәdiyi nәticәni әldә edәrdi. Әskidәn belә insanlara “bilgә” vә “hәkim” deyilәrdi. O da әsrimizin bilgәsiydi. Ancaq öncәki bilgә-hәkim şәxsiyyәtlәrdәn fәrqli olaraq hәm fәdayilik, hәm dә liderlik ruhuna sahib idi. Zamanın vә mühitin şәrtlәrini çox yaxşı idrak edirdi. Açıq siyasi fәaliyyәt yerinә dәrin bir politika izlәyirdi. Belә düşünürdü ki, milli şüura malik olmayan, öz milli kimliyinә, keçmişinә yabancı olan bir xalqın qurtuluşu asla mümkün deyil. Bu sәbәbdәndir ki, İranın ağır şәrtlәrindә, ana dilindә tәhsil almağın qadağan olduğu bir ölkәdә, incә bir ip üzәrindә yeriyәrәk dilimizi vә mәdәniyyәtimizi öyrәtmәyә, yaymağa çalışdı vә böyük ölçüdә dә başarılı oldu. O, ölümә, yoxluğa tәrk edilәn bir millәtin qurtarıcısı vә varlıq qaynağı idi.

- Ömrünün son günlərində o, Azərbaycan barədə nələri deyirdi?

- Cavad Heyәt mәni “Varlıq” dәrgisindә işlәmәyә dәvәt etdiyindә, Quzey Azәrbaycanda müstәqillik hәrәkәti başlamışdı. Çox hәyәcanlı vә sevincli idi. Ancaq 20 Yanvar olayları onu çox üzmüşdü. Azәrbaycan müstәqilliyini elan etdiyindә isә, özünü dünyanın әn xoşbәxt adamı hiss edirdi. O, gerçәk bir Azәrbaycan aşiqi idi. Almas İldırım Azәrbaycan haqqında yazdığı bir şeirindә deyir: “Lәnәt o şeirimә ki, onda sәnin adın yox”. Cavad Heyәt bu şeiri çox sevәrdi vә hәqiqәtәn dә elә bir әsәri, çıxışı yox idi ki, onda Azәrbaycan olmasın. Bir gün Ankarada bir toplantıda ona iki Azәrbaycanın birlәşib birlәşmәyәcәyi barәdә fikrini soruşdular. Ümumiyyәtlә, bu kimi mövzular haqqında hәr kәsә açıq toplantılarda danışmayan Cavad Heyәt, heç çәkinmәdәn ancaq diplomatik bir dillә dedi ki, “Azәrbaycanı tarix parçalamış, tarix dә birlәşdirәcәk”. Onu narahat edәn vә tez- tez rahatsızlığını dilә gәtirәn mәsәlә Qarabağ mәsәlәsi idi. Son görüşmәlәrimizdә dә әn böyük arzusu işğal altındakı torpaqlarımızın azad olunması idi. Cavad Heyәt, hәr zaman müstәqil vә demokratik bir Azәrbaycan istәyirdi.

- Media onun vəsiyyəti barəsində bir mənalı olmayan yazılar  yazdılar. Vəsiyyətdə gizli qalan məqamlar hansılar idi?

- Nәdәnsә mediada çox yanlış xәbәrlәr verildi. Hәlә Cavad bәy sağ ikәn, onun ölüm xәbәri yayımlandı. Vәfatından sonra da dәfn yeri ilә bağlı ziddiyyәtli xәbәrlәr getdi. Halbuki, vәsiyyәtdә hәr şey açıq-aydın yazılmışdı. İllәr öncә Cavad bәy vәsiyyәt etmişdi ki, İbn-i Babvey mәzarlığında atasının ayaqlarının altında dәfn edilsin. Ancaq o mәzarlıq dövlәt orqanları tәrәfindәn yıxıldıqdan sonra vәsiyyәtini dәyişdirәn Cavad Heyәt, iki seçәnәk üzәrindә durdu: Tәbrizdә Şәhriyarın dәfn edildiyi “Şairlәr Mәqbәrәsi” vә Bakıda Fәxri Xiyabanı.

- Şəxsən sizinlə Azərbaycanda dəfn olunması barəsində nələrisə danışırdımı?

- Cavad Heyәt istәyirdi ki, Azәrbaycanda dәfn olunsun. Ancaq onun Güney vә ya Quzey olması barәdә yüzdә yüz әmin ola bilmirdi. Bir yandan doğulduğu şәhәrdә, Tәbrizdә dәfn olunmağı çox istәyirdi, digәr yandan da İran dövlәtinin buna әngәl olacağını düşünürdü. Amma Quzey Azәrbaycan onun üçün qarantili bir yer sayılırdı. Bilirdi ki, Azәrbaycan xalqı vә dövlәti ona sahib çıxacaq vә bağrına basacaq.

- Dəfn zamanı ən çox şikayətləndiyiniz və sizin ürəyinizcə olmayan hansı hadisələr yaşandı?

- Cavad Heyәtin Tәbrizdә dәfn olunması üçün vәfatından bir neçә gün qabaq İranın Bakıda vә Ankaradakı sәfirliklәrinә müraciәt etdik. Öncә dedilәr ki, Şәhriyarın mәzarının yanında yer yoxdur, amma o mәzarlığın başqa yerindә ola bilәr. Sonra dedilәr ki, Cavad Heyәt şair deyil, “Şairlәr Mәqbәrәsi”ndә olmaz, ancaq Tәbrizin başqa mәzarlıqlarında ola bilәr. Bu iki sәbәbin heç biri doğru deyildi. Çünkü hәm Şәhriyarın mәzarının yanında yer vardı, hәm dә orada şair olmayan başqa şәxsiyәtlәrin dә mәzarı vardı. Belә olunca biz dә Tәbrizin başqa bir mәzarlığını seçdik vә orada dәfn olunmasını tәlәb etdik. Artıq belә düşünürdük ki, mәsәlә bu şәkildә hәll olunacaq. Hәtta belә bir söz yayıldı ki, İran prezidenti Cavad Heyәtin Tebrizdә dәfn olunmasını müsbәt dәyәrlәndirib. Bütün bunlar Cavad Heyәtin vәfatının 3-cü gününә qәdәr davam etdi. Hamı Tәbrizә getmәyә hazırlanırdı. Xaricdәki qohumlar da Tәbriz üçün uçaq bileti aldılar. Tam bu sırada İran sәfirliyindәn xәbәr gәldi ki, Cavad Heyәtin Tebrizdә dәfn olunmasına qәtiyәn izin verilmәyәcәk. Ancaq İranın başqa şәhәrlərindә, o cümlәdәn Tehranda dәfn oluna bilәr. Bunu da nә Cavad Heyәt, nә dә ailә üzvlәri istәmirdi. Belә oldu ki, Fәxri Xiyabanı seçәnәyi tәkrar gündәmә gәldi. Ancaq burada da, ürәyimizcә olmayan hadisәlәr oldu. Dedilәr ki, Birinci Fәxri mәzarlığında yer yoxdur vә 2-ci Fəxri Xiyabanda  dәfn edilәcәk. Bu bizә çox da inandırıcı gәlmәdi. Ayrıca Cavad Heyәtin qәsd elәdiyi mәzarlıq, I Fәxri Xiyabanı idi. Bütün bunlar vә bәlkә dә bәzi siyasi mәsәlәlәr vә xarici basqılar sәbәb oldu ki, vida mәrasimi vә cәnazә törәni bir az sönük keçdi.

- Siz böyük alimin rəsmi mәnәvi varisisiniz. Nəyə əsasən sizi özünün rəsmi mәnәvi varisi təyin etdi?

- Bunun maraqlı bir hekayәsi var. Rәhmәtlik atam Tәbrizdә “Varlıq” dәrgisinin tәmsilçisi idi. Dәrgilәr öncә bizim evә gәlәrdi vә ordan kitabçılara verilәrdi. Uşaqlığımdan bәri “Varlıq” dәrgisini oxuyardım. 15-16 yaşıma gәldiyimdә Türk dili vә Azәrbaycan әdәbiyyatı haqqında yetәrincә bilgi sahibi olmuşdum. Kiril әlifbasını da öyrәnmişdim. 1988-ci ildә Cavad Heyәt Tәbrizә bizim evә geldiyindә dilimiz vә mәdәniyyәtimiz barәsindә mәlumatımı görüncә hәm çox tәәccüb elәmişdi, hәm də çox sevinmişdi. Çünkü Heyәt ailәsindәn, onun soyadını daşıyanlardan özünә bir davamçı axtarırdı. Bakıda kiril әlifbası ilә çıxan bir kitabını mәnә hәdiyә etdi. 1990-da mәnim Gәncәli Nizami haqqında yazdığım bir mәqalәmi oxumuş vә çox bәyәnmişdi. Dedi ki, mәn istәyirәm Tehrana mәnim yanıma gәlәsәn vә gәlәcәkdә mәnim mәnәvi varisim olasan. Necә ki, elә də oldu. O tarixdәn sonra “Varlıq” dәrgisindә çalışmağa başladım vә qısa bir müddәt sonra dәrginin yazı işlәri müdürü vә Cavad Heyәtin “sağ әli”, sirdaşı vә mәnәvi varisi oldum. Neçә il öncә dә, noterdә rәsmi şәkildә vәsiyyәt etdi ki, vәfatından sonra “Varlıq” dәrgisini mәn davam etdirim. Qısacası, Cavad Heyәt mәni öz mәnәvi varisi kimi yanına çağırdı, oxutdu vә yetişdirdi.

- Sonda özünüz haqqında da bir az məlumat verərdiniz

- 1972-ci ildә Tәbrizdә dünyaya gәldim. İlk vә orta tәhsilimi Tәbrizdә aldım. Daha sonra Tehranda “Varlıq” dәrgisindә işә başladım. Eyni zamanda Cavad Heyәtin yol göstәriciliyi ilә Bakı Dövlәt Universitetindә filologiyanı bitirdim. Yüksәk lisans vә doktora üçün Ankaraya gәldim vә Çağdaş Türk Lәhcәlәri vә Әdәbiyyatları bölümündә tәhsilimi davam etdirdim. Hazırda Ankara Universitetindә türkologiya sahәsindә müәllim  işlәyirәm.

- Bu gün Cavad Heyət dünyanın hansı universitetlərində öyrənilir?

- Cavad Heyәt uzun illәr Tehran Azad Universitetindә professor olaraq çalışdı. Tibb tәlәbәlәri üçün dәrsliklәr hazırladı. Dәrsliklәrdә bütün nәzәri vә әmәli tәcrübәlәrini әks etdirdi. Bu dәrsliklәr hәlә dә tәlәbәlərin müraciәt etdiyi önәmli qaynaqlardandır. Ayrıca bu elmi fәaliyyәtlәr müxtәlif dillәrdә beynәlxalq konqreslәrdә oxunub, dәrgilәrdә yayınlanmışdır.

- Mərhumu bu gün Şimali Azərbaycanla birləşdirən hansı bağlar qalıb?

- Bilirsiniz ki, mərhum Cavad Heyәt, hәyatının son illәrini daha çox Quzey Azәrbaycanda yaşadı. O, hәm әsərlәri ilә, hәm dә öz hәyatı ilә sarsılmaz bir köprü qurdu Azәrbaycana. Artıq Cavad Heyәti araşdırmaq üçün, Tәbrizә, Tehrana getmәk yetәrli deyil. Onu Bakıda da araşdırmaq lazımdır. Onun mәzarının Bakıda olması da çox anlamlıdır. Onu ziyarәt etmәk belә, Cavad Heyәti Quzey Azәrbaycanla birlәşdirәcәk. Ayrıca onun әn dəyәrli mirası olan “Varlıq” dәrgisi dә, bundan sonrakı dönәmdә dә, mәnәvi bağ olaraq heyatını sürdürәcәk.

- Dünya elmi ictimaiyyətinin doktorun ölümünə münasibəti sizi qane etdi?

- Mediadan fәrqli olaraq elmi ictimaiyyәtin münasibәti ümumiyyәtlә zaman içәrisindә özünü göstәrәr. Elmi araşdırmalar aparılar, kitablar, mәqalәlәr yayımlanar vә ya doktora tezislәri kimi әlә alınar. Ancaq fars dilli medianın münasibәti heç dә qane edici deyildi. Qorxunc bir sәssizliyә büründülәr. Düşündülәr ki, sәssiz qalmaq, onun türk kültürünә, Azәrbaycan mәdәniyyәtinә olan xidmәtlәrindәn danışmaqdan daha yaxşıdır. Burada hәm iqtidar, hәm dә müxalifәt mediası eyni çizgidә hәrәkәt etdi. Bu da göstәrdi ki, Türklük vә Azәbaycanlılıq mәsәlәsinә münasibәtdә aralarında heç bir fәrq yoxdur.

- Alimin əsərlərinin toplanması, nəşri və tanıdılması üçün hansı işlər görəcəksiniz?

- Cavad Heyәtin yayımlanmamış bәzi әsәrlәri var. Mәsәlən, böyük önәm daşıyan xatirәlәr kitabı gәrәkli şәrhlәr әlavә olunduqdan sonra ilk növbәdә İranda, Azәrbaycanda vә Türkiyәdә yayınlanacaq. “Varlıq” dәrgisi İranda, izin verilmәdiyi tәqdirdә hәlәlik Ankarada nәşr olunacaq. Bütün bu işlәr üçün gәlәcәkdә bir fond da qurula bilәr.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi