“Bu il Azərbaycanda müşahidə edilən quraqlığın Azərsu Səhmdar Cəmiyyətinin həyata keçirdiyi layihələr, istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri ilə heç bir əlaqəsi yoxdur”. Bu barədə Modern.az-a “Azərsu ASC”-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı deyib.
Anar Cəbarayıllı istilər barədə Ekologiya Nazirliyinin verdiyi proqnozu xatırladıb: “Baş verən quraqlığa çəkilən su kəmərlərinin təsiri olmayıb. Oğuz-Qəbələ-Bakı su kəməri yeraltında 100 metr dərinlikdə olan suları götürür, çaylara, bulaqlara heç bir aidiyyatı yoxdur.
Lənkəranda, Qubada, İsmayıllıda da Oğuz-Qəbələ su kəməri yoxdur , amma orada da quraqlıq var. Demək ki, baş verənlər sırf təbiət hadisəsidir və havaların həddindən artıq isti və quraq keçməsi ilə bağlıdır”. A. Cəbrayıllının sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəməri yeraltı sularla qidalanır. “Kəmər çəkilməmişdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri araşdırma aparıb, su ehtiyatları qiymətləndirilib. Nazirliyin rəyindən sonra kəmərin tikintisi başlanıb. Dövlət büdcəsindən bu kəmərin tikintisinə 700 milyon manatlıq investisiya ayrılıb. Mümkün deyil ki, həmin ərazi öyrənilməmiş layihə həyata keçirilsin”.“Şollar su kəməri artıq 100 il olacaq ki, fəaliyyət göstərir. Həmin mənbə eyni məhsuldarlıqla Bakı şəhərini su ilə təmin edir, heç bir problem də yoxdur. Əgər su kəməri doğurdan quraqlıq yaradırsa, onda problem çoxdan meydana çıxmalı idi”, – deyə A. Cəbrayılı əlavə edib. “Oğuz-Qəbələ-Bakı su kəməri çox böyük məhsuldarlıqla işləyir, Bakıya 5 kubmetr su ötürür. Havaların isti keçməsinə baxmayaraq paytaxtda bu yay ərzində su problemi qeydə alınmadı”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev də eyni zamanda Anar Cəbrayıllının dediklərini təstiq etdi: “Bu ilin qış dövründə Azərbaycanın dağlıq hissələrində - Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar ehtiyatları normadan aşağı olub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 4 istiqamətdə aparılan qarölçmə işlərinin nəticələri də təsdiq edir. Xüsusilə gürsululuq dövründə, eyni zamanda yay müddətində (xüsusilə iyul, avqust) yağıntının az, temperaturun yüksək, çaylar üzərində buxarlanmanın çox olması ilə əlaqədar çaylarda sululuq xeyli aşağı olub. Bu dağ çaylarında da özünü göstərir. Bilavasitə yağış suları ilə qidalanan çayların aşağı hissələrində quruma prosesi baş verib.
Eyni zamanda sərhəd çayları olan Kür, Araz, Qanıx çaylarında da sululuq çox aşağıdır”.
Nazirlik rəsmisi ən son belə quraqlıqların 2000, 2006-cı illərdə müşahidə edildiyini söylədi:
“Həmin illərdə dağ çaylarında quruma prosesi də qeydə alınmışdı. Yəni bu ilki quraqlıq ilk deyil, sadəcə ötən illərə nisbətən bu il quraqlıq uzunmüddətli oldu”. Asif Verdiyevin açıqlamasına görə, rekord temperaturlar avqust ayının 19-da qeydə alınıb: “Gəncədə – 42, Zaqatalada – 41, Balakən – 42, Şəki – 40, Acınohurda – 43, Gədəbəydə – 37 dərəcə”. “Sentyabr ayı olmasına baxmayaraq hələ də yağıntının olmaması çaylarda quraqlığın davam etməsinə səbəb olub. Adətən sentyabrın 2-ci yarısından çaylarda daşqın dövrləri başlayır. Nəzərə alsaq ki, qarşıdan da payız mövsümü gəlir, quraqlığın da tez bir zamanda aradan qalxacağını deyə bilərik”, - deyə baş hidroloq əlavə edib.
Gülşən RAUFQIZI