Bu gün “Turan” İnformasiya Agentliyinin və “Amerikanın səsi” radiosunun əməkdaşı, tanınmış jurnalist Tapdıq Fərhadoğlunun doğum günüdür. Modern.az saytı 53 yaşı tamam olan jurnalistlə söhbəti təqdim edir.
- 53 yaş elə də böyük rəqəm deyil. Ötən 53 ildə ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin şahidi olmusunuz. Bəs, sizin dəyişmək istədiyiniz nələrsə varmı?
- Fərdlər dünyada daimi deyil. Amma insanlıq daimidir. Bu baxımdan dəyişməli çox amillər var. Təhlükəsiz və qorxusuz davamlı inkişafı təmin etmək üçün azad iqtisadiyyat, azad iqtisadiyyatı müdafiə edən azad maliyyə bazarı, demokratiya, yəni azad seçki, nəhayət insan hüquqları (dilindən, dinindən, sosial və siyasi durumundan və s. asılı olmayaraq hər bir fərdin hüquqları) sahəsində ciddi islahatlar aparılmalıdır.
- Siz həm də uzun illərin jurnalistisiniz. Bu illər ərzində mətbuat 4-cü hakimiyyət kimi öz çıxış edə bilibmi?
- Azərbaycanda media hələ dördüncü hakimiyyət rolunu ifadə edə bilmək imkanında deyil. Çünki ictimai fikir o qədər də həlledici rol oynamır.
- “Amerikanın səsi” radiosunun əməkdaşısınız. Adətən, deyirlər, bir səs kifayətdir ki, beynində yığılıb qalan fikirlərini çatdıra biləsən. Maraqlıdır, Tapdıq Fərhadoğlunun “Amerikanın səsi” radiosu vasitəsilə çatdırmaq istədiyi, amma çatdıra bilmədiyi nələrsə olubmu?
- “Amekanın səsi”nin nizamnaməsində iki bənd var. Birincisi belədir: Jurnalist rupor deyil. İkinci bənddə isə deyilir ki, ədalətli xəbərin kimi güldürüb, kimi ağladacağının müxbirə dəxli yoxdur. Bu baxımdan xəbərin hərtərəfli və ədalətli hazırlanıb istehsalına çalışmışam. Təbii ki, bacardığımız qədər.
Jurnalist üçün xoş xəbərlər çatdırmaq daha xoşdur. Çünki xoş olmayan xəbərlər jurnalistin özünü də stressə salır.
- Bayaq qeyd etdim ki, 53 rəqəmi yaş üçün elə də böyük rəqəm deyil. Amma 53-ün yarısı qədər peşəkar fəaliyyətiniz var. Sizcə, bu gün mətbuata ilk qədəmlərini atanlar daha çox hansı formada çalışmalıdırlar?
- Jurnalist əsas prinsiplərə əməl etməlidir. Bunun üçün öncə media azadlığı olmalıdır. Gənc jurnalistlər öncə yerli qanunvericiliyi öyrənməli və beynəlxalq standartlara əməl etməlidir.
- Adətən, xarici həmkarlarımızın dünyanın ən qaynar nöqtələrində loru dillə desək “bişdiyini” görürük. Uzun illərin peşəkar jurnalisti kimi fikirləriniz maraqlıdır. Sizcə, bizdə belə jurnalist ordusunun yetişməməsinə səbəb nədir?
- Azad və rəqabətli media bazarı yaranarsa Azərbaycanda da beynəlxalq jurnalistika inkişaf edər. Nə qədər ki, media rupor rolunu ifa edir, bir çox jurnalistlər də o melodiyalara oynayacaq. Amma bazarda rəqabət mühiti yaranarsa, media siyasi vasitə deyil, biznes qurumu olarsa, onda jurnalistlər də rəqabət mühitində bacarıqlarını artıracaq. Jurnalist imzasını göz bəbəyi kimi qorumalıdır.
- Avqustun əvvəllərində ön cəbhədə yaşananlar Azərbaycan mətbuatının qeyri-peşəkarlığını ortaya qoydu. Peşəkar jurnalist yetişdirmək üçün nə etmək lazımdır?
- Həqiqətən də yönümündən asılı olmayaraq bir çox media orqanları xəbərləri Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun dərc etmədi. Bu həm hərbi sirrin yayılması, həm də faciənin ictimaiyyətə çatdırılmasında özünü büruzə verdi. Xüsusilə foto və video materialların təqdimatında beynəlxalq standartlara əməl edilmir. Digər tərəfdən, sosial media da bu materialları dərc edir. Bu rəqabət mühitində ənənəvi media ortaq yol seçməlidir. Bu yol isə hələ beynəlxalq mediada da tapılmayıb. Ona görə beynəlxalq media da bir çox hallarda sosial medianın materiallarına istinad edir.
- Bu gün həmkarlarınızdan kimlər sizi təbrik edib?
- Çoxsaylı təbriklər almışam. Sosial şəbəkələrdəki təbriklər axınının qarşısını almaq üçün like etməyə belə qadir deyiləm.
Namidə BİNGÖL