Modern.az

Kral ailəsinin sirləri - FOTOLAR

Kral ailəsinin sirləri - FOTOLAR

Reportaj

10 Sentyabr 2014, 15:39

Sentyabrın 8-də bütün dünyanın diqqəti Britaniya kral sarayına yönəldi. Taxt-tacın varislərindən şahzadə Uilyam və onun xanımı hersoqinya Ketrin Midltonun 2-ci övladının dünyaya gələcəyi ilə bağlı rəsmi məlumat yayıldı. Bu xəbər bütün aparıcı Qərb telekanallarının, çap mediasının baş xəbərinə çevrildi. Əminliklə demək olar ki, Böyük Britaniyanın kral sülaləsi – Vindzorlar kraliça II Yelizavetanın simasında dünyanın ən məşhur hökmdar ailəsidir.
Modern.az saytı Britaniya kral sülaləsinin tarixi, tərkibi və mövcud statusu haqqında məlumatları təqdim edir.

Kral ailəsinin tarixi

2066-cı ildə Böyük Britaniya monarxiyasının 1000 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu tarix 1066-cı ildin oktyabrında Normaniya hökmdarı I Vilhelm İstilaçının adaya qoşun çıxararaq anqlo-saksonları məğlub etməsi ilə bağlıdır. Vilhelmin əsasını qoyduğu Normandlar sülaləsi tarixin gedişində Plantagenetlər (1154-1485), Tüdorlar (1485-1601), Stürartlar (1603-1714), Hannoverlər (1714- 1901) və Vindzorlar (1901 ) sülalələri əvəz edib.

Göründüyü kimi, hazırda taxtda Vindzolar sülaləsidir. Britaniya kraliçası II Yelizaveta məhz bu sülalənin nümayəndəsidir. Amma maraqlıdır ki, Vindzorlar ingilis deyil, alman mənşəlidir və onlar heç də həmişə Vindzor adlanmırdılar. Sülalənin əsl adı Saksen-Koburq-Qotdur.  Bəs, necə olur ki, alman əsilli sülalə Britaniya taxtında hökmranlıq edir? Saksen-Koburq-Qotlar necə indiki Vinzorlara çevrildilər? Bu suallara cavab vermək üçün tarixə nəzər salmaq lazımdır.

1837-ci ildə taxta çıxan kraliça Viktoriya Hannoverlər sülaləsinin sonuncu nümayəndəsi idi. Britaniya imperiyasının hərtərəfli çiçəklənmə dövrünü yaşadığı illərdə hökmranlıq edən xanım kraliça 1840-cı il fevralın 10-da alman əsilli şahzadə, Saksen-Koburq-Qot hersoqu Albertlə ailə həyatı qurur. Məhz Albert hazırda Britaniyada hakimiyyətdə olan Vindzorlar sülaləsinin əsasını qoyur. 1901-ci il yanvarın 22-də kraliça Viktoriya dünyasını dəyişdikdən sonra taxta çıxan oğlu VII Eduard atası Albert kimi Saksen-Koburq-Qot sülaləsinin nümayəndəsi idi. 1910-cu ildə Saksen-Koburq-Qot sülaləsinin digər nümayəndəsi V Georq taxta çıxır. Atası VII Eduraddan fərqli olaraq V Georq krallığı zamanı mənşəyi ilə bağlı çətin dilemma qarşısında qalır. Belə ki, 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayır. Müharibədə Britaniyasının bir nömrəli rəqibi Almaniya idi. Avropanın döyüş meydanlarında ingilis döyüşçüləri həlak olduqca, Britaniya əhalisi özünə sual verirdi: “Almaniya ilə müharibə aparan ölkənin kral sülaləsi niyə alman olmalıdır?” V Georq ada sakinlərini Saksen-Koburq-Qot sülaləsinə qıcıqlandığını hiss edirdi. Buna görə də tarixdə az rast gəlinən bir addım atır. 1917-ci ildə V Georq mənsub olduğu Saksen-Koburq-Qot sülaləsinin adını Vindzorlara dəyişir. Tarixi Vindzor sarayının şərəfinə belə adlandırılan sülalə həm də Almaniya ilə hər hansı bağlılığının olmadığını göstərmək istəyirdi. V Georqun uzaqgörən addımı Saksen-Koburq-Qot sülaləsinin yeni Vindzor adı ilə bu gün də Britaniyanın kral ailəsi kimi hakimiyyətdə qalmasına yardım etdi.



Britaniya kral ailəsinin statusu və səlahiyyətləri

Uzun illər boyu Britaniya kralları ölkənin bütün ictimai-siyasi həyatını müəyyən edən qeyri-məhdud hakimiyyətə malik şəxslər idi. Lakin XX əsrin əvvəllərindən başlayaraq kral hakimiyyətinin ölkənin siyasi həyatına – baş nazir təyin etmək, qanunverici hakimiyyətə müdaxilələr etmək və s. funksiyaları zəifləməyə başladı. Atası VI Georqun vəfatından sonra taxta çıxan hazırki kraliça II Yelizavetanın vaxtında monarxiya öz ictimai-siyasi təsirini tamamilə itirdi. Əgər hakimiyyətinin ilk illərində gənc kraliça hələ baş nazir təyinatına təsir göstərə bilirdisə, sonrakı illərdə o sırf mərasim funksiyaları yerinə yetirir. Yəni II Yelizaveta ölkənin qanunvericiliyinə və baş nazirin fəaliyyətinə heç bir müdaxilə etmir. O, konstitusional hökmdar sayılır. Onun səlahiyyətləri xüsusi qanunlarla məhdudlaşıb. Britaniya kral sarayının statusuna daha detallı yanaşsaq, ilk növbədə qeyd olunmalıdır ki, kraliça – Britaniyanın tarixinin, ənənələrinin simvoludur. Britaniyalılar hökmdarlıq ənənələrinə xüsusi sevgi ilə yanaşırlar.

II Yekaterinanın rəsmi funksiyaları – Britaniya parlamentinin sessiyalarını açıq elan etmək, yüksək vəzifəli xarici qonaqların qəbulu, fəxri ad və mükafatların verilməsi, Milad bayramı ilə bağlı krallıq sakinlərinə müraciəti və s. daxildir.

Gündəlik həyatda isə kraliçanın vəzifələri dəyişməzdir. Onun iş qrafiki səhər vaxtı dəftərxanasının hazırladığı son xəbərlər və parlamentin son iclası ilə bağlı icmalla tanışlıqdan başlayır. Vacib dövlət sənədlərini də kraliça səhər vaxtı imzalayır. Günü günün ikinci yarısında, adətən kraliça rəsmi tədbirlərdə, bayramlarda, ölkənin müxtəlif bölgələrində infrastruktur obyektlərinin istifadəyə verilməsində iştirak edir. Axşam saatlarında isə birlik ölkələrindən və müxtəlif nazirliklərdən daxil olan sənədlərə nəzər salır.

Kraliçanın iqamətgahı Bukinqem sarayıdır. Kraliçaya ünvanlanmış yüzlərlə məktub hər gün bu saraya gətirilir. Adətən II Yelizaveta çoxsaylı məktubların arasında təsadüfən seçdiyi bir neçə məktuba göz atır. Qalan cavabsız məktublara isə kraliça dəftərxanasının və informasiya şöbəsinin əməkdaşları cavab verirlər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının qanunları bir ölkə sakini kimi kraliçaya şamil olunmur. Buna görə də onu məhkəmyə vermək hüquqi baxımdan mümkün deyil.

Hər yeni fəaliyyət başlayan parlament kraliçanın illik əmək haqqını müəyyən edir. Hazırda II Yelizaveta ildə Britaniya xəzinəsindən 1 milyon funt sterlinq məvacib alır. Bu vəsaitin yalnız 10 faizi onun şəxsi ehtiyaclarına ayrılır. Qalan məbləğ illik kral mükafatlarının verilməsinə, çoxsaylı saray rəiyyətinin saxlanması və s. xərclənir. Ümumiyyətlə, Vindzorlar sülaləsinin saxlanmasına büdcədən ildə 20,4 milyon funt-sterlinq ayrılır. Bura kraliça və kral ailəsi üzvlərinin nəqliyyat xərcləri, personal xərclər və s. daxildir.

Bukinqem sarayı kraliçanın iş yeri sayılır. Burada banketlər, xarici ölkə səfirləri ilə görüşlər, mükafatlandırma mərasimləri təşkil olunur. Saray Londonun Pell-Mell küçəsində, kraliça Viktoriyanın heykəli ilə üzbəüz yerləşir.

Kraliça həm də Britaniya Silahlı Qüvvələrinin komandanı sayılır. Kral ailəsinin əksər üzvləri kimi o da Britaniya ordusunun və bir çox birlik ölkələrinin zabiti sayılır.

Qeyd edək ki, birlik ölkələri dedikdə, vaxtı ilə Britaniya imperiyasının müstəmləkələri olan dövlətlərin tarixi-mədəni ittifaqı nəzərdə tutulur. Təsadüfi deyil ki, II Yelizaveta 15 birlik ölkəsinin (Avtraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu və Yamayka) kraliçası, Anqlikan kilsənini rəhbəri və Men adasının lordudur.   

88 illik həyatının 62 ilini kraliça kimi yaşayan II Yezlizaveta həm də dünyanın ən zəngin qadınlarından biri sayılır. Onun İngiltərə və Şotlaniyada 182 min 313 akr torpaq sahəsi var. Bu torpaqlardan gələn illik gəlirin bir hissəi dövlət xəzinəsinə, qalanı isə kraliçaya ödənilir. 



Britaniya kral ailəsinin üzvləri

II Yelizaveta hələ şahzadə olarkən, 1947-ci il noyabrın 20-də şahzadə Filiplə ailə həyatı qurmuşdu. Filip Yunanıstan kralı I Georqun oğlu idi. 1952-c ildə II Yelizaveta taxta çıxdıqdan sonra Filip Edinqburq şahzadəsi fəxti titulunu daşımağa başladı. Cütlüyün 4 övladı – şahzadə Çarlz (1948), şahzadə Anna (1950), şahzadə Endryu (1960), şahzadə Eduard (1964) və 6 nəvəsi var. Britaniya kral ailəsinin qaydalarına görə taxtın varisi Vindzorlar sülaləsinin kişi üzvləri, onların yoxluğunda isə qadın üzvləri sayılırlar. II Yelizaveta və Edinburq şahzadəsi Filipin böyük oğlu şahzadə Çarlz taxtın bir nömrəli varisi hesab olunur. Lakin ictimai sorğular onun xalq arasında qeyri-populyar olduğunu göstərir. 1981-ci ildə şahzadə Diana ilə ailə həyatı quran Çarlz sonradan ondan boşanmaqla mühafizəkar Britaniya cəmiyyətində tənqidlərlə qarşılaşır. Diananın 1997-ci il avqusutun 31-də Parisdə avtomobil qəzasında həlak olması isə bu tənqidləri daha da artırır. 66 yaşlı Çarlz 2005-ci ildə ikinci dəfə - öz rəfiqəsi Kamilla Parkerlə ailə həyatı qurur.

Şahzadə Uilyam taxtın iki nömrəli varisi sayılır. 1982-ci il iyunun 21-də Çarlzın və Diananın ailəsində doğulan Uilyam Britaniya Kral Hərbi Hava Qüvvələrinin kapitanıdır. O, 2011-ci il aprelin 29-da Key Midltonla ailə həyatı qurub. Cütlüyün 2013-cü il iylunun 22-də Corc Aleksandr Lui adlı oğul övladları dünyaya gəlib.

Şahzadə Corc Lui Britaniya taxtının üç nömrəli varisidir. Hələ 14 aylıq olan şahzadə Britaniya mətbuatı tərəfindən “dünyanın ən məşhur körpəsi” adlandırlır. Corc Luinin anadan olması Britaniya kral ailəsinin dünya üzrə prestijinin artmasına da yol açmışdı.

Şahzadə Harri Britaniya taxtının sayca dörd nömrəli varisidir. O, 1984-cü il sentyabrın 15-də anadan olub. Şahzadə Çarlzın və Diananın oğlu, şahzadə Uilyamın doğma qardaşı, şahzadə Aleksandr Luinin əmisi olan Harri daha çox hərbi fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, 2006-cı ildə Kral Süvari Qvardiyasının leytenantı, 2011-ci ildə Ordu Hava korpusunun kapitanı olan şahzadə 2012-ci il sentyabrın 7-dən Əfqanıstanın cənubunda beynəlxalq koalisiyanın tərkibində xidmət keçib. 2013-cü ilin yanvarına qədər davam edən xidmət zamanı o, Taliban hərəkatının əsas hədəflərindən biri sayılırdı. 2013-cü il mayın 25-də isə Londonda həbs edilən Əşrəf İslam adlı pakistanlı şahzadə Harrini öldürmək istədiyini etiraf etmişdi.

Minillik Britaniya monarxiyası kiçi ada dövləti - İngiltərənin dünyanın quru hissəsinin üçdə birini əhatə edən Britaniya imperiyasına çevrilməsinə və bu imperiyanın dağılmasına şahid oldular. Lakin nə Napoleon orduları, nə də Hitler qoşunları Britaniya torpağına ayaq basa bilmədilər. Britaniya hökmdarlığı Vindzorlar sülaləsinin simasında demokratik cəmiyyətdə sülalə ənənlərinin yaşaya biləcəyini göstərdi.













Vüqar İsmayılov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI