Birinci dialoq: - Tofiq müəllim, sizdən niyə az yazırlar?
- Əşi, yazan da sağ olsun, yazmayan da... Al bu “pletka” şokoladı necə deyərlər, kasıb malıdır, amma ağzını şirin edərsən.
İkinci dialoq: - Gülnaz xanım danışdığımız kimi, sabah axşam sizə gəlib o yazını hazırlayacağam.
- Buyurun gəlin. İndi elə adamlar haqqında o qədər yazırlar ki. Heç olmasa bir dəfə də onun haqqında...
Modern.az saytı dialoqlarda haqqında söhbət gedən mərhum şair Tofiq Abdinin evindən hazırladığı müsahibə-reportajı təqdim edir:
Gülnaz xanım birinci dialoqdakı həmsöhbətimiz mərhum Tofiq Abdinin həyat yoldaşıdır. Evə çatan kimi ilk mövzumuz elə telefonda toxunduğu məsələ olur: “Heç olmasa bir dəfə də ondan...”.
Ziyalı qadın olan Gülnaz xanım söhbətin ardını da xahişimizdən sonra davam etdirir:
- Elə yasında gəldilər. Həm dostları, həm də iş yoldaşları. Afaq xanım da, o birilər də rəhmətə gedəndə gəlib başsağlığı veriblər. Amma sonradan gəlib baş çəkən olmayıb. Zəng edəndə edirlər, ad günündə, xatırlayanda, yuxuda görəndə zəng edib danışırlar, Tofiqi xatırlayırlar. Almaniyada yaşayan türk yazar Orxan Aras yaxınlarda gəlmişdi. O da gəldi, başsağlığını verib getdi. Ən çox yad edən Nemət Veysəllidir. Bir də görürsən zəng edib deyir ki, onu yuxuda gördüm, filan. Bir də indi elə zamandır ki, hərənin öz işi-gücü var. Heç kim fikirləşmir ki, rəhmətə gedən Tofiq Abdinin orada bir ailəsi var, onlara baş çəkmək, yaxud zəng etmək lazımdır. Jurnalistlərdən də hələ qırxı çıxmamış “525-ci qəzet”dən iki qız gəlib onun haqında yazı hazırladılar. Təəssüf ki, hələ də o yazını oxuya bilməmişəm.
Gülnaz xanımın sözlərindən sonra Tofiq Abdinin kitabxanasının da yerləşdiyi otağa daxil oluruq. Otaqda ona məxsus olan bəzi əşyalara əl dəyilməyib. Oğlu Mətin deyir ki, necə qoyubsa, elə də saxlayırlar. Otaqdakı kompüterin də üzündəki pərdədən hiss olunur ki, mərhum şairdən sonra o açılmayıb. Sonradan Gülnaz xanım bu fikri təsdiqlədi. Adətən mətbəxdə olan kompüter Tofiq Abdin üçün həmin otaqda hazırlanan guşədə üzübağlı saxlanılır. Guşədə şairin iki portret və son olaraq oxuduğu qəzet-kitablar necə qoyulubsa, o cür də qalır. Evdəkilər sanki heç nəyə toxunmaq istəmir. “525-ci qəzet” elə mərhumun qoyduğu vəziyyətdə durmaqdadır. Hücrədə sanki hamıdan uzaqda dayanan Tofiq Abdin yenə də öz qəzet və kitablarını oxuyur. Bu mənzərə mənə Tofiq Abdinin Tərcümə Mərkəzinin tək-tənha otaqlarında bir kənarda oturub qəzetləri gözdən keçirdiyi səhnəni yadıma salır. Deyib-gülməsinə, şən ovqatına baxmayaraq, hamıdan kənarda duran şair həqiqətənmi hamıdan incimişdi?
Gülnaz xanım otaqda bir-iki şəkil çəkəndən sonra ünvanladığımız bu sualı cavablandırır:
- O haradasa 1968-ci ildən etibarən uzun müddət “Qobustan” jurnalında işlədi. Jurnala çox bağlanmışdı. Oradan çıxandan sonra Tofiq çox qırıldı. Çünki öz xoşuna çıxmamışdı. Konkret bir səbəbdən çıxdı. Mən o səbəbi bilirəm, Tofiq özü mənə demişdi. Amma demək istəmədim. Ordan çıxandan sonra çox incidi. Bir müddət “Ulduz”da işlədi, Mədəniyyət Nazirliyində işlədi, sonra ordan da çıxdı. Başlanğıc “Qobustan”da qoyuldu. Tərcümə Mərkəzində çox rahat idi. Yaşının o yaşı deyildi ki, bir gün burda, sabah orda işləsin. Amma ömrünün sonunda ona yaxşı iş təklifi gəlmişdi. Amma getmədi”.
Xanıma qulaq asanda bildik ki, sən demə, hamının gülərüz insan kimi tanıdığı şairin yeganə dostu elə yazdıqları olub. Hər gün evə gələndən sonra da bayaq çəkiliş apardığımız otaqdan çıxmazmış... Elə öz kitabları, yazıları ilə bərabər keçən günlərin hər səhəri də belə açılarmış. Tofiq abi hər gün səhər saat 5-6-da durar, heç kimə əziyyət vermədən bir fincan çayla elə mətbəxdə qoyduğu kompüterində yazılarını yazarmış...
- Tofiq xüsusən də son günlərində yazını yalnız sevərəkdən, bir hobbi kimi yazırdı. Ən çox “525-ci qəzet ” və “Ədalət” qəzetlərində yazıları gedirdi. Onun üçün yazı yazmaq bir sevgi idi sanki. Səhər tezdən saat 5-6-da dururdu. Heç kimə mane olmadan mətbəxdə özünə çay süzüb elə oranın bir küncündə qoyduğu kompüterdə yazılarını yazırdı. Yazıda onun qarşısında maneə yox idi. Ürəyinin istədiyi kağızda da olmalı idi. Sonra da Tərcümə Mərkəzinə gedib saat 4-də oradan qayıdardı. Qayıdandan sonra da elə öz otağına keçib ya uzanar, ya oxuyar, ya da nəsə yazardı. Evə çox bağlı idi. Ömrünün sonunda bu daha çox hiss olunurdu.
Söhbəti bu gün də mənə çox təəccüblü görünən ölümə gətirmək istəyirəm. Tofiq Abdin ən çox ölümdən qorxurdu. Dostu Zakir Fəxri də deyirdi ki, yanında ölüm haqqında danışanda az qala bağrı çatlayırdı. Odur ki, Gülnaz xanımdan birtəhər xahiş edirəm ki, şairin son günündən danışsın. Axı necə oldu ki, ölümdən qorxsa da, ətrafın cavanlıq etalonu kimi qəbul etdiyi şair birdən vəfat etdi?
- Bir gecə qəfildən halı pisləşdi. Mədəsində problem yaranmışdı. Ona çoxlu su verdik, mədəsi təmizləndi. Səhər çağı saat 5-də də hamamda qızdırıcını yandırmağa gedəndə qəfildən yerə dəydi. Mən səsə oyandım. Tofiq yerə yıxılan kimi də özünü ələ alıb qalxdı. Elə gülə-gülə dedi ki, “mənə nə oldu görəsən”. Sonra işə gedib tez qayıtdı. Dedi ki, “halım pis oldu yolda oturub dincəlmişəm”. Kim soruşurdusa, deyirdi ki, zəhərlənib. Aradan da 3-4 gün keçdi. Heç nəyə həvəsi yox idi. Elə yatırdı, evdə gəzişirdi. Axırıncı gün də yatdığı otaqda gördüm ki, çarpayıda çox narahatdır. Gah sağa, gah sola fırlanır. Soruşdum ki, nə olub? Cavab verdi ki, çox narahatdır. Dedim sən görmürsən ki, uzana bilmirsən?! O elə halda idi ki, heç uzana da bilmirdi. Təcili yardım çağırmaq istəyəndə də qoymurdu. Bir onu deyirdi ki, “ürəyimin kardioqrammasını çıxarsalar, yaxşı olar”. Elə problemi ürəyə bağlamışdı. Həkimə də elə dedi. Öyüdüyünü, başqa şeyləri demirdi, elə ürəyə bağlayırdı öz xəstəliyini. Bir də deyirdi ki, zəhərlənib.
Nə isə təcili yardım çağırdıq. Ondan sonra bir az da pis oldu. Təsəvvür edin ki, uzana bilmirdi ki, həkim onun ürəyini kardioqramma etsin. Ən maraqlısı odur ki, o, heç bir dəfə də olsun soruşmurdu ki, “mənə nə olub?”. Onu maşına qoyub xəstəxanaya aparanda bir dəfə də olsun demədi ki, “məni hara aparırsız?”. Amma siz bilirsiz ki, onun ən çox qorxduğu şey ölüm idi. Elə bil həmin təlaşlı Tofiqdən əsər-əlamət yox idi. Təcili yardımın maşınında oturaraq getdi. Bircə həkimə onu dedi ki, “bu gün birtəhər edin, sabah xəstəxanaya özüm gedərəm”. Xəstəxanaya gətirəndən sonra sistem vurdular. Ondan sonra bir az rahatlaşdı, özünə gəldi. Amma həmin xəstəxanada son saatlarını keçirdi...
Gülnaz xanım üçün ağır dəqiqələrdən söz açmağın çətinliyini gördüyümdən söhbəti dəyişməyə çalışırıq.
- Gülnaz xanım buyurun, cavanlıq vaxtlarından, gözəl xatirələrdən danışın ki, bizim üçün də maraqlı olsun:
- Vallah, cavanlıq vaxtında, elə 20 il bundan qabaq nə olurdusa, hər şey yaxşı idi. Mən iş adamı idim. İşdən evə saat 5-6 da qayıdanda görürdüm ki, evdə qonaqlar var. Özü birinin evinə getməyi sevməzdi, elə istəyərdi ki, hər şey onun evində olsun və olurdu da. Axşam saat neçəyə qədər də oturardılar. İndi o insanların heç biri yoxdur. Sonradan o insanların heç biri gözə dəymədi. Evimizdə yeyib-içəndən sonra, siz də bağışlayın, bax bu divanda yıxılıb yatan adamların səsi sonradan çıxmadı, sədaqətləri görünmədi. Tofiqə borclu olan insanlar bu gün də çoxdur. Amma görünür həyat belə imiş. Elə insanlar var ki, onun qapısına gedib deyə bilərəm ki, sən Tofiqə borclusan. Sizin mənə oğluma-qızıma, xüsusən də Tofiqə borcunuz var. İndi Tofiq ölüb, mən demirəm ki, gəl otur mənim evimdə, heç olmasa adicə bir zəng et. Bir zəng nə olan şeydir ki? Axı siz Tofiqlə bərabər məni də tanıyırdınız?!
Həə, Gülnaz xanım, siz də incimisiniz... tez-tez “indi həyat belədir” sözünü işlətməyinizdən də hiss olunur. Həyat dəyişən obyekt deyil axı! İnsanlar dəyişir və biz onların etdiklərinə həyat deyirik. Tofiq müəllim də elə-beləcə deyirdi. İnsanlardan incidiyini dilə gətirməyib, elə həyatın boynuna atırdı. Bir fakt deyim, heç kitablarını da satışa buraxmırdı.
Xanımı elə bil fikrimi oxuyurdu:
- Həmin adamlar, bir-iki ildən sonra gəlsələr, Tofiq haqqında nəsə yazmaq istəsələr, mən onlara imkan verməyəcəyəm. Çünki artıq mənası olmayacaq. Edən idilərsə, vaxtında edərdilər. O insanlara imkan yaradacağıq ki, onlar gəncdirlər, jurnalistikaya, yaxud ədəbiyyata yeni gəliblər. Onlara qapılarımız hər zaman açıqdır. Yeri gələndə, gəlib Tofiq Abdinin kitabxanasından da istifadə edə bilərlər. Elə adamlar haqqında televiziyada veriliş hazırlayırlar ki, öz-özünə soruşursan ki, bu kimdir. Onun yaradıcılığının sanki bizə aidiyyatı yox idi. Bir özü idi, bir də yazdıqları. Heç kitabların nə zaman çıxdığından da xəbərimiz olmurdu. Bir də görürdün ona deyirdi ki, (kənarda oturan oğlu Mətini göstərir) “oğlum maşınla gedək kitabları götürək””.
Kitabların indi mağazalara təhvil verilməsi barədə danışanda Mətin deyir ki, “vallah, o kitabların maddi tərəfi bizə lazım deyil. Kim istəyirsə, əldə edə bilər, biz pulsuz çatdırarıq. Təki mənəvi baxımdan nəsə edək. Biz bilək ki, o kitablar etibarlı adamlar tərəfindən oxunacaq”.
Elə bu barədə söhbət edə-edə yenidən mərhumun kitabxanasına tərəf gedirik. Bu dəfə sualı hər ikisindən soruşuram:
- Bizim vasitəmizlə çatdırmaq istədiyiniz bir söz varmı? Mətinin cavabı konkret olur:
- Vallah, o, elə sağlığında lazımı sözləri, lazımı adamlara çatdırıb.
Gülnaz xanımın əlavəsi də özünü çox ləngitmir:
- İstər Türkiyədə olsun, istər burada, bəzən yazdıqlarına görə ona zənglər gəlib, etirazlar edilib. Amma o heç nəyə baxmırdı, elə yazırdı. Uşaqlar Türkiyədə Universitetdə oxuyan vaxtı bizə zəng edib, onların oxuduqları universitetlərin adını, ev ünvanımızı hamısını bizə dedilər. Yəni ki, biz sizin haqqınızda hər şeyi bilirik. Bu yazılarına görə olurdu.
Tofiq Abdinin üz cizgilərindən reportaj
Üz cizgilərindən də reportaj hazırlamaq olur. Bunu Tofiq Abdinin otağın kiçik bir hissəsində qoyulan portretinə baxanda həmən hiss etmək olar. Əslində bir ömrün reportajı da adlandırmaq olar bunu. Tofiq Abdinin ömrü o cizgilərdə elə gizlənib ki, sanki uzun müddət hamıdan incisə də, hamıya gülümsəyən bir insanı elə sirr kimi də saxlamaq istəyirlər. Elə sirr kimi də getdi Tofiq Abdin. Özünü Tərcümə Mərkəzinin uçuq divarları arasında yox, məhz o cizgilərin içində gizlədərək getdi...
Elmin Nuri
P.S. Yazının əvvəlindəki birinci dialoq "kanal 13" internet televiziyasında veriliş aparan zaman Tofiq Abdini qonaq dəvət edəndə baş verib. Və o şokoladın üzü dollarlı şəkli bu gün də məndədir...