Modern.az

“Telekanallar bişirdiklərini tamaşaçılara “yedizdirir”” - MTRŞ və Kulinariya Mərkəzindən ETİRAZ

“Telekanallar bişirdiklərini tamaşaçılara “yedizdirir”” - MTRŞ və Kulinariya Mərkəzindən ETİRAZ

11 Sentyabr 2014, 11:26

Mətbəx televerilişlərində soyulan soğan MTRŞ-ın gözlərini hələ də yaşardır


“Milli Teleradio Şurası (MTRŞ) nəinki mətbəx, ümumilikdə efirə gedən bütün verilişlərlə bağlı dəfələrlə tövsiyələr verib. Qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Bununla belə, telekanal rəhbərləri məsələdən sui-istifadə hallarına yol verməməlidirlər”.
Bunu Modern.az-a açıqlamasında MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.               

“Mətbəx verilişləri dünyanın bir çox ölkələrində yayımlanır. Telekanallar inzibati müdaxilə gözləmədən özləri nəticə çıxarmalıdırlar. Əgər yemək proqramlarında həddi aşma olduğunu görürlərsə, daxili senzura hesabına bunun qarşısını alınmalıdır. Şura olaraq isə məsələyə konkret müdaxilə etmək səlahiyyətimiz yoxdur”.

“Əgər prezident deyirsə ki, “bu verilişlər məni narahat edir”, demək bu yöndə müəyyən addımlar atılmalıdır. Üstündən bir ilə yaxın vaxt keçsə də, heç nə dəyişməyib, məsələ kanallara rəhbərlik edənləri incitmir”.
Bunu isə Modern.az-a Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov söyləyib.
“Bir neçə dəfə ATV, ANS, “Xəzər”, “Space” kanallarına iradlarımı bildirmişəm. Efirdən kiməsə nəyisə öyrətmək usta aşpazların işidir. Texniki peşə məktəblərini bitirən adamlar efirləri zəbt edib və bişirdiklərini tamaşaçılara “yedizdirirlər”.
Milli Kulinariya Mərkəzinin rəhbəri olaraq bəyan edirəm ki, heç bir mətbəx proqramına nə şifahi, nə də yazılı izn vermişəm. Yalnız “Xəzər” TV-dəki milli mətbəxlə bağlı verilişə dəstək olmuşam. Biabırçılıqdır, kim əlinə bıçaq alıb soğan soymaq, kartof doğramaq öyrənirsə, o dəqiqə efirə çıxır!”.

Qeyd edək ki, bir il öncə Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə telekanallardakı mətbəx verilişləri ilə bağlı iradlarını bildirib: “O verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir”.
Prezident efirdən bu cür resept və məhsulların təbliğ olunmasını faciə adlandırıb.

Eyni zamanda Milli Kulinariya Mərkəzi bəyan edib ki, mətbəx verilişlərinin efirdə yayımlanması üçün Mərkəzindən icazə alınmalıdır.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi