Modern.az

Tanınmış müsavatçılar başqanlığa hansı namizədi dəstəkləyəcək? - SORĞU

Tanınmış müsavatçılar başqanlığa hansı namizədi dəstəkləyəcək? - SORĞU

11 Sentyabr 2014, 11:32


Müsavat Partiyasının sentyabrın 27-nə nəzərdə tutulan qurultayına sayılı günlər qalıb. İndi “görəsən, Müsavatın yeni başqanı kim olacaq” sualı ətrafında ciddi müzakirələr gedir, bir çoxları hətta namizədlərdən kimi daha çox şansı olduğunu açıqlamaqdan çəkinmir. Eyni zamanda, Müsavat Partiyasında başqanlığa namizədlər arasında qızğın mübarizənin getdiyi də açıq-aydın görünür. Hər bir namizəd başqan olmaq üçün öz təbliğatını aparır.
Modern.az saytı qurultayöncəsi partiya daxilində gedən prosesləri dəyərləndirmək üçün Müsavatın tanınmış üzvləri arasında sorğu keçirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin keçmiş rəisi Məmməd Zeynalov başqanlığa namizədlərdən kimi dəstəklədiyini qurultay günü açıqlayacağını deyib: “Rəqabət şəraitində başqanlığa namizədlər arasında gedən mübarizə normaldır. Burda qeyri-adi heç nə yoxdur. Namizədlər arasına seçimimi qurultay günü bildirəcəm. Qabaqcadan heç nə demək istəmirəm. Çünki namizədlərin hamısına ayrı-ayrılıqda hörmətim var və hamısını dəyərli hesab edirəm”.

Partiyanın təşkilat şöbəsinin keçmiş müdiri Zöhrab Məhərrəmli Arif Hacılının namizədliyini axıra qədər dəstəkləyəcəyini bildirib: “Əvvəla, qurultayöncəsi proseslər haqqında nəsə bir söz deməyi doğru hesab etmirəm. Çünki partiyanın bu işlə bağlı danışa biləcək kifayət qədər nümayəndəsi var. Çalışaram bir-iki kəlmə də mən deyim. Müsavatda qurultayöncəsi namizədlər arasında gedən mübarizəni normal dəyərləndirirəm. Adi seçkiyə hazırlıq gedir. Təbii ki, hər bir namizəd öz təbliğatını aparmalıdır. Burda anormal heç nə görmürəm. Mənim kimi dəstəkləyəcəyimə gəldikdə, artıq öz namizədimi seçmişəm. Bu, Arif Hacılıdır. Onu uzun illərdir tanıyıram. Arif Hacılının siyasi təcrübəsinin yetərincə olmasına da əminəm. Ona görə də seçimim odur”.

Müsavatın Divan üzvü Nəsiman Yaqublu  isə bu barədə ona sual ünvanlamamağı xahiş edib: “Müsavatda qurultay öncəsi baş verənlər haqqında danışmayacam. Zəng edib mənə bu məsələ ilə bağlı suallar verməyin”.

Qeyd edək ki, Partiya başqanlığına 4 namizəd iddialıdır: Tural Abbaslı, Səxavət Əlisoy, Qubad İbadoğlu və Arif Hacılı. Müsavatın qurultayı sentyabrın 27-də keçiriləcək. Qurultayda İsa Qəmbərin əvəzinə Müsavat yeni başqanını seçəcək.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu