Azərbaycan seçiciləri 4-cü bələdiyyə seçkilərinin astanasındadır. Bu ilin sonunda ölkədə yerli özünüidarəetmə orqanlarına növbəti seçkilər keçiriləcək. Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib. Azərbaycanın müxtəlif partiyalarının nümayəndələri bələdiyyələrdə təmsil olunurlar. Maraqlıdır, Azərbaycanda mövcud olan partiyalardan bələdiyyələrdə nə qədər üzvü var? Modern.az mövzu ilə bağlı partiyalar arasında sorğu keçirib.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun sözlərinə görə, ölkədə 20 mindən artıq bələdiyyə üzvü var: “Onların 71 faizində YAP-ın nümayəndələri təmsil olunur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə sonuncu bələdiyyə seçkilərinə 3 min namizədlə qatıldıqların deyib: “Lakin bizə təzyiqlər oldu. Ona görə də partiyamızın bələdiyyələrdə 42 üzvü təmsil olunur və əsasən respublikanın müxtəlif bölgələrini əhatə edirlər”.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın dediyinə görə, hazırda bələdiyyə üzvü olan partiya üzvlərinin sayı 179 nəfərdir: “Onların əksəriyyəti respublikanın müxtəlif regionlarındakı bələdiyyələrdə təmsil olunurlar”.
ADP sədri Sərdar Cəlaloğlu bələdiyyələrdə heç bir üzvlərinin təmsil olunmadığını bildirib.
Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, partiyanı bələdiyyələrdə 4 nümayəndə təmsil edir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, təmsil etdiyi partiyanın bələdiyyələrdə heç bir üzvü yoxdur.
AMİP-in bələdiyyə üzvü olan üzvlərinin sayı 20-yə yaxındır. Partiyanın sədri Yusif Bağırzadə deyib ki, onlar əsasən kənd rayonlarındakı bələdiyyələrdə təmsil olunurlar: “Bakının rayonlarındakı bələdiyyələrdə 2 nümayəndəmiz təmsil olunur”.
Namidə BİNGÖL