Modern.az

“Bizim kənddə “Dədə Qorqud”dakı kimi, qadınlar at minirdilər” - Sabir Rüstəmxanlının KƏNDİ

“Bizim kənddə “Dədə Qorqud”dakı kimi, qadınlar at minirdilər” - Sabir Rüstəmxanlının KƏNDİ

Ədəbiyyat

13 Sentyabr 2014, 09:08

“Hamarkəndə şəhərin təsiri gec gedib çatdı”


Modern.az
saytının “Mənim kəndim” layihəsində əyalət mühitində doğulub-böyümüş ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər ürəklərində bir nostalgiya dumanı altında gizlətdikləri kənd təəssüratlarını bölüşürlər. Bu dəfə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı doğulub böyüdüyü Yardımlı rayonunun Hamarkənd kəndi, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Sabir Rüstəmxanlı o yerləri, o illəri belə xatırlayır:

Ucqar rayonun ucqar kəndi...

Doğulduğum kənd Azərbaycanın ən ucqar rayonlarından olan Yardımlı rayonunun dağların arasında yerləşən ucqar bir kəndidir. Azərbaycan kəndlərinin çoxuna məxsus olan adət-ənənələr orada da yaşanıb və indi də yaşadılır. Bizim kənd dağların arasında sərhəddə yaxın bir yerdə yerləşir. Buna baxmayaraq, yaydan yaya camaatın yaylağa qalxmağı, yəni  daha yüksəklərə qalxmağı, qışda arana enməyi var idi. 

İnsanları...

Kəndin qayğıları şəhərdən fərqlidir. Orada ancaq güclü insanlar, torpağa bağlı insanlar yaşaya bilər və yaşayırlar da. 



7 illik məktəb...

O kənddə mən 7 illik məktəbi bitirmişəm. Ondan sonra Yardımlı qəsəbəsindəki 11 illik məktəbi bitirdim. Kəndimizlə qəsəbə arasında məsafə 7 kilometr idi. Həftədə iki dəfə o yolu gedirdik. Mərkəzdə yataqxanada qalırdıq, şənbə günləri gedib evə baş çəkirdik.

Keçdiyim yollar...

Qəsəbədə oxuduğum vaxt kəndə gələndə meşələrdən, çaylardan, bir neçə qonşu kənddən keçən yol idi. 8-9-cu siniflərdə oxuyanda o yolu tək keçmişəm. Kəndlə bağlı duyğular o yollarda çox yaşanıb. O yollarda mən gələcəyim və hansı yolu seçəcəyim barədə düşünmüşəm.

Meşə...

Kəndin bir tərəfi boz, çılpaq dağlar, bir tərəfi meşəli dağlardı. Hamarkəndin solundan Qaraçay, sağından Ağçay axırdı. Uşaqlığımız elə bu iki çayın arasında keçirdi. Uşaqlığım həm də  meşə ilə bağlı olub. Orada uşaqlar heyvan otarmağa gedirdilər. O  kəndin bulağı, odunu,  suyu hamısı o meşələrlə bağlıdır. Yaylağa da o meşələrlə keçib gedirdilər.  

Adətlərimiz...

Kəndimizdə çox gözəl səmimiyyət və adət-ənənələr var idi. Azərbaycanın başqa kəndlərində də bu adətlər var idi. Amma görünür onlara şəhərin təsiri tez gedib çatmışdı. Bizim kəndə isə şəhərin təsiri nisbətən gec gedib çatmışdı. Qədim adətlərin bir çox bu günlərə qədər qorunub saxlanılırdı. “Dədə Qorqud”dan, nağıllardan bildiyimiz adət-ənənələr, bayatılar bizim kənddə yaşayırdı.  Bizim kənddə də qadınlar kişilərlə bərabər ata minərdilər. Kənd mənim xəyalımda son dərəcə işıqlı bir dünyadır. Təəssüflənirəm ki, son günlər o kənddən böyük axın var. kəndin bəlkə də beşdə biri, onda biri qalıb. Qalanı hamısı səpələnib.



Xatirələr...

Mənim doğulduğum kəndlə bağlı xatirələrim mənim kitablarımda əks olunub. Şeirlərimin bir çoxu kəndimiz, onun adət-ənənələri, məişəti, adamlarının xarakteri, psixologiyası ilə bağlıdır. “Doğma ocaq” adlı şeirlər silsiləm var ki, orada kəndin təbiətindən tutmuş adamlarına qədər məni duyğulandıran, hislərimə toxunan bir sıra məsələlər öz əksini tapıb. Kəndlə bağlı olan başqa yazılarım da var. “Xətai yurdu” romanımda “Ömür kitabı” əsərimdə uşaqlıq xatirələrimdə yaşayan doğma kəndlə bağlı bir çox səhifələr var.

O kənddə nəyim qalıb...

Ən əsası odur ki,  bu gün atamın, anamın bir çox yaxınlarımın məzarı o kənddədir. Dünyanın harasında olsam da, Azərbaycana qayıdan kimi hökmən əvvəlcə o kəndə baş çəkirəm. Böyüklərin məzarını ziyarət edirəm. Bu mənim dəyişilməz vərdişimdir.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI