Modern.az

Bahar Muradova: “Sən iqtidarı tanımırsansa, seçkinin nəticələrini legitim hesab etmirsənsə...”

Bahar Muradova: “Sən iqtidarı tanımırsansa, seçkinin nəticələrini legitim hesab etmirsənsə...”

Parlament

16 Sentyabr 2014, 08:42

Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Bahar Muradova ölkənin ictimai-siyasi mühiti ilə bağlı aktual olan məsələlər haqqında “Yeni Müsavat”a geniş müsahibə verib.

 

 

 

- Bahar xanım, öncə son günlər ən çox müzakirə predmetinə çevrilən məsələyə sizin münasibətinizi bilmək istərdim: yas və toy adətləri ilə bağlı qaydaların sərtləşdirilməsi üçün qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var, yoxsa siz bu məsələdə inzibati metodları məqbul saymırsınız?

  - Vəziyyəti ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır. İctimai nəzarət ən effektiv üsuldur. Əlbəttə ki, müvafiq qurumların bu məsələyə müdaxiləsinə də ehtiyac var. O ki, qaldı qanunverici səviyyədə buna baxılmalıdır, yoxsa yox, düşünürəm ki, mərasimlər, adət-ənənə heç bir qanunla tənzimlənməsi ilə bağlı yeni bir qanunverici dəyişikliyin, yaxud hansısa bir layihənin ortaya qoyulmasına ehtiyac yoxdur. Bu mərasimləri qanunla necə tənzimləmək olar, şəxsən mən onun konturlarını tam şəkildə görə bilmirəm. Bizim qədimlərdən gələn formalaşmış münasibətlərimiz var. Onlar elə qanun rolunu oynaya bilər. Bunu çoxluğun qəbul etməsi üçün də bir çox addımlar atıla bilər. Hazırda belə addımlar ortada var və artıq onun nəticələrini də görürük. İstər yas, istər toy mərasimləri xalqımızın adət-ənənəsinə, müasir dünyanın tələblərinə uyğun gəlməlidir və ifrat israfçılıq meyllərinin qarşısı alınmalıdır. 

  - QHT rəhbərlərinin əksəriyyəti bank hesablarının qapalı olduğunu, iflic hala salındığını bəyan edir. Belə total təzyiqlər normal haldırmı? Ümumiyyətlə, bu sektorla bağlı nə baş verir?  

 - Belə bir araşdırma aparmaq elə həm də mətbuatın işidir. Mətbuat özü ölkədəki minlərlə QHT-nin fəaliyyətini ümumi araşdıra bilər və özü bir qənaətə gələ bilər ki, bunun nə qədəri siz deyən vəziyyətdədir, nə qədəri vətəndaş cəmiyyətinin formalaşması, sərbəst fəaliyyəti üçün yaradılmış imkanlardan necə istifadə edir. “Total şəkildə hesablar bağlanır” fikrinə gəldikdə, mən indiyədək məhkəmə qaydasında hansısa bir QHT-nin ya hesablarının, ya özünün fəaliyyətinin davam etməsinə qadağa qoyulmasına rast gəlməmişəm. Bildiyimə görə, kimlərinsə, hansısa QHT-lərin hesabına məhdudiyyət qoyulubsa, onlar da müəyyən istintaq hərəkətləri aparılan fəaliyyətlə bağlı olan təşkilatlardır. Bu fəaliyyət sona çatandan sonra onlarla bağlı aydın bir təsəvvür, aydın vəziyyət yaranacaq. Amma indidən istintaq hərəkətləri getdiyi üçün qəti fikir söyləmək olmaz. 

  - Qanunvericiliyə dəyişiklik olunacağı, qaydaların daha da sərtləşəcəyi barədə məlumatlar nə dərəcədə həqiqətdir?  

  - Qaydaların sərtləşdirilməsinə ehtiyac var. Bunu təkcə mən demirəm. Bu gün demokratik dünya, hansı ki, biz demokratiyadan danışanda üzümüzü o ölkələrə tutub deyirik  - hesab edirəm ki, doğru da edirik - qabaqcıl təcrübədən maksimum yararlanmaq, istifadə etmək lazımdır. Vətəndaş cəmiyyəti qurumlarının bu və ya digər hərəkətlərini məhdudlaşdıran qanunverici baza, müəyyən maddələr, xüsusi qanunlar var. ABŞ-da agentlər haqqında qanunu oxusanız heyrətlənərsiniz. Bir çox hallarda belə bir qanunların qəbulu real vəziyyətdən doğur. Qabaqlayıcı, xəbərdaredici tədbir kimi belə qanunların, müddəaların olması doğrudur. Bir də ki, hər şeydə şəffaflıq tələb edən cəmiyyətdə yaşayırıq. Bu şəffaflıq şəffaflığı daha çox tələb edənlərin özündən də tələb olunmalıdır. Odur ki, QHT-lərin fəaliyyətinin şəffaflığını təmin edən qanunverici bazanın olması vacibdir. Bu sahədəki boşluqları aradan qaldırmaq həm QHT-lərin özünün fəaliyyətini daha faydalı, səmərəli, aydın və konkret - müvafiq qurumlarla və bir-biri ilə - qurulmasına şərait yaradacaq, həm də bu kimi hallardan sui-istifadələrin qarşısını alacaq. Ona görə də bəli, bəzi addımları atmağa ehtiyac var.

  - Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə siyasi mahiyyətli həbslər və ictimai-siyasi təşkilatların fəaliyyəti ilə bağlı bir sıra addımların atılacağı gözlənilsə də, vəziyyət yaxşılığa doğru dəyişmədi. Bu mənada Avropa Şurasının toplantısında hakimiyyətin suallarla üzləşəcəyini, Azərbaycanın əleyhinə olan qüvvələrin əl-qolunun daha da açılacağını gözləyirsinizmi?   

 - Mən beynəlxalq təşkilatda fəaliyyət göstərən adamam. Əvvəlki  ictimai-siyasi fəaliyyətimdə bu kimi məsələlərə yanaşmam bir başqaydı. Öz-özlüyündə Azərbaycan beynəlxalq ictimaiyyətin, təşkilatların üzvüdür, bura daxil olan ölkələr də o təşkilatların daxili qaydaları ilə fəaliyyət göstərir. Bir qayda olaraq bütün ölkələr bu və ya digər təşkilatlarda hesabatlar verməli, sualları cavablandırmalı olurlar, tənqidlərə, sanksiyalara məruz qalırlar, o təşkilatdan çıxarılmaya qədər hədələrlə üzləşirlər. Şükür Allaha ki, Azərbaycan bu günə qədər bir çox ölkələrin yaşadığı durumu yaşamayıb və yaşamayacaq da. O ki qaldı kimlərsə düşünürdü ki, Azərbaycanın Avropa Şurasına sədrliyi zamanında hansısa addımlar atılacaq, kimlərsə həbsdən buraxılacaq... Azərbaycan hələ Avropa Şurasına yenicə üzv olduqdan sonra, hətta üzv olmamışdan əvvəl də bu və ya digər şəxslər cənab prezidentin, vaxtilə ulu öndərin verdiyi sərəncamlara, fərmanlara, digər qanunverici normativ aktlara görə bu və ya digər cəzanın çəkilməsindən azad edilirdilər, vaxtından əvvəl azadlığa çıxırdılar, əfv olunurdular.    Yəni bu, normal bir prosesdir ki, Azərbaycanda hər zaman gedir. Bunu hansısa 5-6 aylıq sədrliyə bağlamaq, belə olacaq, elə olacaq demək, dövlətin yeritdiyi siyasəti konkret dövrə bağlamaq ancaq naşıların və diletantların işidir. Bu illər ərzində belə yanaşmalar çox olub. Azərbaycan bütün sahələrdə prinsipial və qətiyyətli siyasət ortaya qoyan ölkədir. Azərbaycanı bu və ya digər mövqeyini gündə hansısa konyuktur maraqlara uyğun dəyişən dövlətlərlə qarışıq salmaq olmaz. Azərbaycana dost olmayan mövqedə olan dairələrin mövcudluğu da ölkəmizin müstəqil siyasət yürütməsi ilə daha çox bağlıdır. Bir çoxlarının bunu gözü götürmür, bir çoxlarının bu və ya digər planlarına mane olur, yaxud planlarının reallaşmasının qarşısını alır. Öz imkanlarının, öz taleyinin, öz siyasətinin sahibi olan bir ölkə əlbəttə ki, heç kəsin diktəsini qəbul etmir. Ona görə də Azərbaycana zidd mövqedə olan qrupların məhz belə beynəlxalq təşkilatlarda cəmləşməsinə şərait yaradır. Baxın, Ermənistan xaric, bizim ikitərəfli kontekstə heç bir ölkə ilə düşmən, dost olmayan mövqeyimiz yoxdur. Bütün parametrlər üzrə böyük və kiçik dövlətlərlə çox gözəl münasibətlərimiz var.    Ən çətin qonşuluqda yaşayırıq və bütün bu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlər qururuq. Bizə zidd mövqedə olanlar məhz bu beynəlxalq təşkilatlarda, xüsusilə parlament assambleyalarında formalaşır. Harda ki, o insanlar bu və ya digər qrupların ona olan münasibətindən asılıdır, beynəlxalq dairələrə xidmət etmək onların özünüifadə və təzahür formasına çevrilib. O insanlar fəaliyyət göstərdikləri ölkədə Azərbaycana qarşı belə bir münasibət ortaya qoya bilmirlər. Məhz belə mövqeli insanlar qruplaşaraq Azərbaycana qarşı qıcıqlandırıcı mövqedən çıxış edirlər, guya suallar ünvanlamaqla bizi qorxudurlar. Ancaq istər cənab prezident, istər faktiki sədrliyi həyata keçirən Elmar Məmmədyarov istənilən beynəlxalq təşkilatda istənilən suala açıqdırlar. Konkret, qəti, açıq mövqeyi ilə də bu sualları cavablandırıblar, heç nədən çəkinmədiklərini ortaya qoyublar. Bu, Azərbaycandır və hər bir vətəndaş ölkəmizin bugünkü qətiyyətli mövqeyi ilə qürur duymalı, kiminsə ona təzyiq göstərmək istəməsini bizim nöqsanlı cəhətimiz kimi qələmə verməkdən uzaqlaşmalıdır. Kimsə bizi istəmirsə, bu, bizim günahımız deyil ki. Bu, bizə yönəlik maraqlara, yaxud digər məsələlərə bağlıdır. Ona görə də hesab etmirəm ki, başqalarının bizə münasibətini dəyişmək üçün özümüz günbəgün onların maraqlarına uyğun dəyişməliyik. 

  - Ölkə daxilindəki əsas problemlərdən biri də iqtidar-müxalifət münasibətləri ilə bağlıdır. Bu istiqamətdə, nəhayət, yeniliyin şahidi ola biləcəyikmi?

  - Mən bugünlərdə Müsavat Partiyasında keçiriləcək qurultay və başqan dəyişikliyi ilə bağlı partiya başqanının mövqeyinə rast gəldim. O söyləyir ki, seçki olacaq və seçilən davam edəcək, seçilmədiyinə görə çıxıb gedənsə yanlış yolda olacaq. Yəni seçilməyən məğlubiyyətini etiraf etməli, qəbul etməlidir. Çox yaxşı və doğru-dürüst yanaşmadır.

  - Məncə, siz ilk dəfədir ki, İsa Qəmbərin yanaşmasına bu şəkildə münasibət bildirirsiniz...

  - Ona görə ki, yanaşma olaraq məntiqlidir.   

 - Bəlkə sərfəli yanaşmadır, ona görə? 

  - (Gülür) Ayrılıqda götürəndə Müsavat daxilində sərfəli yoldursa, ölkə miqyaslı proseslərdə də sərfəli olmalıdır. Bax, eyni mövqeni əgər istənilən müxalifət partiyası xarakterindən, məqsədindən, nə zaman keçirilməsindən, nəticələrindən, uğurlu-uğursuz olmasından asılı olmayaraq bütün seçkilərə münasibətdə belə bir mövqe ortaya qoyulacaqsa, onda mən sizi əmin edirəm ki, iqtidar-müxalifət problemi deyilən bir problem olmayacaq. Bu, həm də o demək deyil ki, ölkədə belə bir ciddi problem var. Ölkə əhalisinin mütləq əksəriyyəti hazırkı iqtidarın siyasətini dəstəkləyir və bunu heç kəs inkar edə bilməz. Əlbəttə, azlıqda qalan hissə də var, bu siyasəti məqbul hesab etmir. Cəmiyyətdə müxalif fikirli insanlar var və biz həmişə maraqlıyıq ki, o insanların fəaliyyəti üçün normal bir mühit formalaşdıraq. 

  - Müsavatdan dəvət gələrsə, qurultayda iştirak edərdinizmi?   

 - Bizdə bu və ya digər tədbirdə iştirak etmək partiyanın ümumi qərarına bağlıdır.   

 - Şəxsən YAP-ın qurultaya qatılmasını mümkün sayırsınız? 

  - İstənilən siyasi partiyanın tədbirində digər ictimai-siyasi təşkilatların, yaxud ziyalıların, ictimai xadimlərin iştirakında mən problem görmürəm. Problem başqa bir məsələdədir. Onu siz də bilirsiniz, ictimaiyyətdə. Yəni içəridəki problemi, qəbul etməməkliyi, tanımamazlığı...

  - Konkretləşdirsək, iqtidar müxalifəti, müxalifət də iqtidarı tanımır deyə, belə vəziyyət yaranıb? 

  - İlk növbədə iqtidar tanınmalıdır da. Sən iqtidarı tanımırsansa, seçkinin nəticələrini legitim hesab etmirsənsə, tələb edirsən ki, səni tanısınlar? İqtidarın tanıması odur ki, bu təşkilat rəsmi qeydiyyata alınıb, bank hesabı var, üzvləri, təşkilatları var, iqtidar daha neyləməlidir? Məni başa salın, mən də deyim. İqtidarın işi elə budur.  

 - Elə müxalifət də iqtidarın qəbul etdiyi qaydalar çərçivəsində fəaliyyət göstərir, qanunlara dəyişikliklərə uyğun davranır...

  - Mən çox şadam ki, müxalifət içərisində artıq getdikcə daha çox məntiqli düşüncə üstün gəlməyə başlayır ki, real olanı tanımaq lazımdır. Yəni onu tanımadan özünü tanıtdırmaq qeyri-mümkündür. Ən azı bunu ictimaiyyət qəbul etmir. 

 

Elşad PAŞASOY

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama