Modern.az

Vəzifə hərisinə qulaqburması

Vəzifə hərisinə qulaqburması

17 Sentyabr 2014, 22:45

Azər Qismət

(hekayə)

....Hava qaralırdı. O isə hündür maşını ilə tıxaca düşdüyündən salonda əsəbi hərəkətlər edir, bəzən sakit, bəzən gur səslə deyinirdi. O biri sürücülər kimi başını çıxarıb tıxacı hansı avtomobil sürücüsünün günahı ucbatından yarandığını öyrənməyə çalışmadı. Bəlkə böyür-başında ona vəzifə söz verənlərdən kimsə gedir?! Qışqırar, bununla da o adam bu gicliyini yuxarılara çatdırar.

Binalarına çatıb maşından endi. Ağır-ağır bloka tərəf irəlilədi. Arvadının blokda qonşu qadınla söhbətləşdiyini görəndə gözünü ağartdı ki, “evə gir”.

- Axı sənə əlli dəfə demişəm ki, qonşularla söhbət etmə. Qadındır, bəlkə səndən mənlə bağlı söz almaq istəyir? Bəlkə elə onu kimsə bizə qonşu etdirib ki, görsün mən və ailəm necə adamıq? Buna vəzifə vermək olar, ya yox? Özün də görürsən ki, bizə yenicə qonşu olub, fərli-başlı adam olsaydı başqa qonşu ilə söhbət edərdi də, day bit kimi sənin yaxana niyə yapışır ki?

Oğlunun onu dəhlizdə qarşılamaması evin sahibini lap şübhələndirdi. Qalstukunu açmadan onun otağına girib qulağına pıçıldadı:

- Məni qarşılamağa niyə çıxmırsan? Yoxsa atanın düşmənləri səni də yoldan çıxarıblar?

- O bizdə maliyyə nazirinin müavininin oğlu var e - Zaur...onunla dalaşmışam.

- Necə, necə?

- Günah məndə olmadı. Birdən-birə üstümə hücum çəkdi ki, dərsdə lövhənin qarşısında duranda niyə Malayziyanın paytaxtını ona pıçıldamamışam.

- Birinci sırada səndən başqa kimsə oturur?

- Hə. Prokurorun köməkçinin oğlu.

- Amma o ancaq sənə hücum etdi. Payını verdin?

- Yox, özün demisən ki, kimsə vursa cavabını vermə. O da başıma 2-3 qapaz vurdu, arxama da bir-iki təpik.

Arvadı onu şam yeməyinə çağırsa da, iştahası küsdü. Lap dilxor olmuşdu. Masa ətrafında oturub qara çörəyi ağzına yaxınlaşdıra bilmədi, hirsindən siqaret odlayıb eyvana çıxdı. Hər günkü düşüncələr serialı başlandı:

“Əgər maliyyə nazirinin müavininin oğlu mənim oğluma Malayziyanın qotur paytaxtına görə hücum çəkirsə, burda nəsə var. Bununla da məktəbə gedib o uşağa qulaqburması verib-verməyəcəyimi sınamaq istəyirlər. “Görək bir uşağa görə o biri valideyni haqq-hesaba çağıracaq, ya yox?”. Yox əzizlərim, sizdə alınmayacaq”.

Həyətdə nərd oynayan kişilərdən birinin başını qaldırıb onu eyvanda görməsi ilə “qonşu, düş nərd ataq” qışqırması eyni vaxta düşdü.

- Çox sağ olun...çox yorğunam e...oyunçu aparsın...

“Aşağı təbəqənin adamları ilə nərd atmağım yerinə düşməz. Sonra yuxarılara xəbər çatdırarlar ki, nərd oynayanlara qoşulub. Bəlkə qonşu bloklarda da öz adamlarını yerləşdiriblər? Ola bilər”.

Arvadının zivədən asdığı bahalı köynəklərini və zərli-qoftalı pərdələri görəndə lap cini çıxdı. Mətbəxə keçib onun da qulağına pıçıltıyla qışqırdı. “Pıçıltı ilə qışqırma”nı ancaq o edə bilərdi. Və son 8 ildə belə qışqırığa evdəkilər öyrəşmişdi.

- Ordan bahalı paltarlar asma. Bəlkə də artıq kamera ilə çəkiblər. Sənə əlli dəfə demişəm ki, indi peykdən də istənilən adamı, onun eyvanıını çəkə bilirlər. Bu avamlığın məni öldürəcək də...

Yadına düşdü ki, uzaqdan dinləmə qurğuları ilə evin içindəki söhbətləri 500 metr, yaxud  1 kilometrlik məsafədən eşitmək mümkündür. Hətta işdəki texnilərdən birindən təsadüfən eşitmişdi ki, “indi satılan televizorların arxasına xüsusi çipsilər yerləşdirib evdə baş verənləri izləyirlər. Ona görə də televizorun qarşısındakı divanda uzanıb ayaqlarının hərəsini bir tərəfə atmazdı. Xəbərlərə ağ köynək və qalstukla baxardı. Özü də stulda oturaraq.  Ümumiyyətlə, soyuq qış günlərində qalın idman kostyumunda, yayda şortidə televizor yerləşən otağa keçməzdi. Sevdiyi filmləri, tamaşaları yuxularında görürdü. Yalnız gecədən gecəyə, çarpayısına girəndə gecə paltarı geyinərdi, səhər açılanda isə 10 saniyəyə əyninə keçirərdi ki, bəlkə də otağa quraşdırılan kamera bunu çəkməyə macal tapmasın. 

İndi mətbəxdə arvadına qışqıranda bütün bunlar yadına düşdüyündən, dəftərdən bir vərəqə cırıb aşağıdakı sözləri yazdı: “Əlli dəfə demişəm ki, zivədən bahalı paltarlar asma. Son”. Arvadı da ona kağıza yazmaqla cavab verdi: “Bəs hardan asım? Gözümə soxum?. Son”.  Kişi yenidən cavab yazdı: “Dilin uzanıb a...O gün dedim ki, mətbəxdən ip çək ordan as. Son”. Arvadı da çərləyə-çərləyə ərinin uzatdığı vərəqə yarpaq dolmasına batırdığı əlini önlüyünə silib son cümləni yazdı: “Mətbəxdən ip assam, paltarların suyu buranı gölməçəyə çevirəcək. Qayıq alarsan üzərik. Son”.    

O, səkkiz ildə yediyi qayğanağa istiot tökməzdi ki, bu, onun boğazını qıcıqlandırıb öskürdər, sonra xəstəliyini bəhanə gətirib vəzifəyə aparmazlar. Soyuq pivə içməzdi ki, ayaqyoluna tez-tez gedər, “böyrək xəstəliyi var” deyə yuxarılardan əlini birdəfəlik üzməsi üçün bəhanə gətirərlər. İt-pişik saxlamazdı ki, üstünə bitləri düşər. Bahalı kostyumlarını şkafdan asıb ən nimdaşlarını geyinər, atasından qalma qalstukları taxardı ki, “vəzifəyə gətirilsə el malına xor baxmaz” düşünsünlər. Dibçək güllərini pəncərə ağzına yığmazdı, hava qaralmamış çöldə qalmazdı, neçə ay ərzində nərdin, dominonun dadını-tamını unutmuşdu, hətta birinci mərtəbədə qalan alkaşın atmacalarına dözməyə məcbur idi. Düşünərdi ki, əsəbinin hansı həddə olmasını yoxlayırlar.

- Salam alə, yemiş. Taxtabaş, sənlə deyiləm?         

İndi yox. Vəzifəyə təyin olunan günün səhərisi bu alkaşın ağzının üstünə tərs şapalaq çəkəcəyinə and içmişdi. Oğlunun başına qapaz salanın atasının başına qapaz salacağını da söz vermişdi. O andlar və vədlər siyahısında zivədən bahalı paltarlar asacağı, həyətə düşüb nərd çırpacağı, üstəlik televizorun qarşısına matador paltarında uzanacağı da vardı.  

O, telefonuna gələn tanımadığı zənglərə də tələsik cavab verməzdi. Nəfəsini içinə salıb “1,2, 3” deyər və həlim səslə:

- Həsənzadə eşidir. Xanım, nə buyurursüz? Yox, bura hamam deyil. Ola bilsin ki, nömrəni səhv yığmısız.

Yaxud, danışıq belə də olurdu:

- Mənə deyirsiz balqabaq? Oğlum, nömrəni səhv yığmısız. Necə? Gecə zəng edib mənə “ütülənmiş çöl ördəyi” deyəcəksiz? Nəzakət qaydalarına əməl etmək lazımdır. Mənəm uzunqulaq? Hörmətinizə görə təşəkkür edirəm.

Əlbəttə, oğlan da, qız da gecə zəng edib ağızlarından çıxanı ona yağdırıb uğunub gülüşəndə vəzifə gözləyən kişi bütün bunlara səbrlə yanaşırdı: “Bunlar hamısı vəzifəyə yeni təyinatımdan əvvəlki sınaq tesləridir”.

Qulbeçəsinin dəhliz boyu qaçaraq özünü onun kabinetinə atıb bu xəbəri çatdırması rəisi təəccübləndirdi.

- İşdən çıxarıblar? Nə vaxt? Bu gün? Nə yaxşı. Bəlkə, elə onun yerinə təyin edəcəklər? Onda kabinetdə oturmağım gərəkdir.


O, kabinetdə üç gün oturub saatlarla gözlədi. Qulbeçəsi ona yemək alıb verir, o da 3 dəqiqəyə yeyirdi ki, birdən yuxarıdan zəng gəlsə udqunmasın, bunu ədəbsizlik hesab edib hirslənməsinlər. Hər gələn zəngə diksinməkdən kreslosu ox atan kirpiyə dönmüşdü. Böyrünü deşirdi.

- Bəli, buyurun eşidirəm. Yox, siz başqa şöbəyə zəng etməlisiz.

- Həsənzadə eşidir. Evə çörək alım? Oldu xanımım. Əlbəttə ki, bir ailə sahibi olaraq çörək almaq mənim borcumdur. Və sizin ac-yalavac qalmamağınız üçün bunu etməliyəm.

Arvadı ilə dişlərini qıcamış halda mədəni danışmağa məcbur idi. Telefonuna qulaq asıldığını zənn etdiyindən ona ya “eşqim”, ya “uşaqlarımın anası”, ya da “mənim sevgim” deyirdi. Qoy, görsünlər ki, ailənin dəyərini bilən vəzifəyə də yararlıdır.  

Üç gündən sonra həmin vəzifəyə başqa adamın təyinatından sonra normal adamlar kimi otağından çıxıb şöbələri gəzdi, tapşırıqları telefonla yox üzbəüz verdi, naharı bufetdə etdi, evə daha gecə getmədi.

Düz səkkiz il idi ki, otağından çıxanda işıqları yanılı qoyardı ki, çöldən keçənlər hələ də işlədiyini güman etsinlər: “Bu kişinin gecəsi-gündüzü yoxdur”. Bu illər ərzində sosial şəbəkələrdə də şəxsi fikirlərini yazmaqdan, lətifələr paylaşmaqdan, sevincini, kədərini bölüşməkdən məhrum olmuşdu. Birgə qonaqlıqlara, pikniklərə gedən, otaqda tort kəsən, bir-birilə zarafatlaşan əməkdaşlarına həsəd aparar, qaxıldığı kabinetində az qalardı ürəyi partlasın. Heç olmasa metroya minib o kəskin qoxuları sadə vətəndaş kimi ciyərinə çəksəydi, bir qol sevinci ilə stadionda qışqırıb günəbaxan tumu çırtlasaydı,  əlini oğlunun kürəyinə qoyub təbiətin qoynuna çıxsaydı, həyat yoldaşına nümayişkaranə şəkildə bahalı ətirlər alıb, qoluna qızıl saat taxsaydı, satıcı qızlarla zarafatlaşıb hələ də gənclik ruhunda olduğunu göstərib lovğalansaydı, dəniz sahilində şorti ilə gəzişib günəşin çıxmasını izləyib özünü quma basdırsaydı, paraşütlə tullanıb içini silkələtsəydi. O, bütün bunlardan məhrum idi. Sosial şəbəkədə yalnız klassik musiqilər paylaşır, profilindəki ciddi görkəmli şəklini dəyişmir, yazılan rəylərə fikir bildirməzdi. Hesab edərdi ki, onun ciddi şəxs olduğunu tam yəqinləşdirib vəzifə təyinatında bir qərara gələ biləcəklər.  

Şöbəyə yenicə işə düzələn qəşəng qıza da gözlərinin ucu ilə baxmazdı. Qızdan ötəri əriyib getsə də, düşünərdü ki, gözəlçəni təlimatlandırıb bura qəsdən göndərə də bilərlər.

- Sizin otağa tez-tez gələndə narahat olmursuz ki? Sadəcə, işə yenicə girmişəm, tanış olmadığım məsələlər var.

- Xanım, hər hansı məsələ ilə bağlı istənilən sualı ünvanlaya bilərsiz.

Saçını daim vurdurar, boynunun ardında bir santimetr də tükün bitməsinə imkan verməzdi. Üzünü təraş edəndən sonra yanağına azacıq pudra sürtərdi ki, turp kimi qırmızılığı gözə girməsin. Deyərlər ki, “darı yeyib cənnətdən çıxan siçanlara bənzəyir”.

Neçə illərdən sonra tələbə yoldaşının zəngi onu fikirlərdən ayıltdı.

- Ay sənin səsini eşidək...

- Alo, kimdir danışan?

- Bəhramdır, tələbə yoldaşın. Əəəəə, zırrama səsimi tanımadın? Deməli belə.  Sabah “Çarli” barında diskoteka olacaq. Sənə də yer tutmuşuq, gələrsən dərdləşərik. Neçə ildən sonra sifətini də görərəm.

- Bağışlayın, mən elə yerlərə getmirəm. Bara getmək əqidəmlə uyğun gəlmir.

- A kişi, sən kimlə danışırsan? Bambılı, Bəhramdır e sənlə danışan. Hərdən başına qapazlayırdım e.

- Üzr istəyirəm, məncə siz nə ailədə, nə də orta məktəbdə nəzakət qaydalarını tam mənimsəmisiniz. Nə vaxt bunları öyrənsəz, onda da zəng edərsiz.

- Yaxşı da... mırt tutma. Gör neçə ildir ki, səni görmürəm. Moskvadan təzə gəlmişəm. Bir həftəyə gedirəm. Gəl, barda görüşək, Ənvər, Vaqif, Əhliman, Mirzəmməd, Araz və Salman da orda olacaqlar. Klevetkayla pivə içərik. Axırda da cavanlara qoşulub rəqs edərik. Maraqlı olacaq e.

- Bəhram müəllim, mən işləməliyəm. İşin gedişatını şəxsi əyləncəyə qurban vermək olmaz. Anlayırsız?

Dəstəyin o biri başından ağır fısıltı eşidildi. Gərgin sükut bu sözlərlə tamamlandı: 

- Ətin tökülsün, - deyə tələbə yoldaşı dəstəyi üstünə atdı.

“Görəsən, bu otaqda gizli kamera quraşdırıblarmı?”- deyə kreslosundan qalxıb otağın bütün künclərinə nəzər saldı. Bir ay əvvəl xadimənin adəti üzrə otağı 15 dəqiqəyə deyil, yarım saata təmizləməsini indi anladı. Düşündü ki, xadimə yuxarıların adamıdır və kameranı haradasa quraşdırıb. Plastik gülləri çıxarıb vazanın içinə-çölünə eynəyini az qala gözünün ağına doğru itələməklə dəfələrlə baxdı. Ayağının altına stul qoyub əllərini divara vurulan geniş ölçülü televizorun ekranına sürtdü, boylanıb arxa hissəsinə gözünü zillədi. Aşağı düşüb stolun altına çömbəlməklə nəzər saldı. Hətta pərdələrin uclarını da yellətdi ki, kamera yerə düşsün: “Görünür, o kamera gözə görünməzdir” – düşünərək yenidən kreslosuna əyləşib əlini çənəsinə dayadı. Səkkiz il ərzində xeyir işlərə gedib sağlıq deməkdən imtina edir, yas məclisinə gedib “salavat” çevirməkdən də imtina edərdi ki, onu “dini radikalizm”də ittiham etməsinlər.

******

“Çarli” barı rəngbərəng işıqlardan az qalırdı od tutub alovlansın. Gənclərin əcnəbi musiqilərə dəli kimi oynamaları barın sağ tərəfindəki masada əyləşən 7 nəfərin eyninə də deyildi. Həmin 7 nəfər qışqıra-qışqıra danışır, estrada musiqinin gur səsindən bir-birinin qulağına bağırır, kuzələrdəki pivələrə duz tökür, kimi köpükləri üfürür, kimi başına çəkib yaxınlıqdakı ofisiant oğlanın köynəyindən dartırdı ki, birini də gətirsin, istilənənlər tərlərini silir, qəhqəhə çəkməkdən ağızlar qulaqlara tərəf çəkilir, tələbəlik illərinin xatirələri qurtarmaq bilmirdi ki, bilmirdi. Birdən musiqi kəsildi və mikrofondan səs eşidildi:

- Mənim tələbə yoldaşım, neçə illər üzünü görmədiyim Bəhramın şərəfinə bir “Qoçəli” rəqsi.

Yeddi nəfər səs gələn tərəfə qanrıldılar. Və gənclərin sağ və sola çəkilməkdən yaranan dəhlizi gördülər. O, dəhlizdən Həsənzadə gəlirdi, özü də süzə-süzə. Qoluyla onu və uşaqları mərkəzə - oynamağa dəvət edirdi.

Bir neçə dəqiqədən sonra tələbə yoldaşları mərkəzdə bir həngamə çıxartdılar ki. Nisbətən yaşlı kişilərin cavanların ortasında oynaması qəribə görünsə də, bu mənzərə iştirakçıları güldürmür, əksinə sevindirirdi ki, onlar müasirdilər.   Gənclər də onlara qoşulub milli rəqsləri oynamağa girişdilər.

Həsənzadə gah oynaya-oynaya fırlanır, gah da dizini qerə qoyub əl çalır, gah da qollarını ilanvari hərəkətlər etdirib rəqsin incəliklərinə dərindən yiyələndiyini sübut etməyə çalışırdı. Bəhram ucadan qışqırdı:

- Səndən küsmüşəm. Oynamağımıza baxma, daha sənlə danışmayacam. Get tullan.

- Dünən telefondakı danışığıma görə? Əşi, fikir vermə.

- Doğrudan, o nə məsələ idi?

- Düz 8 il əvvəl mənə dedilər ki, sən yüksək vəzifəyə təyin ediləcəksən. Vaxtını gözlə. Düz 8 il gözlədim. Dünən hər şeydən bezdim, getdim həmin adamın yanına. Dedim “axı səkkiz ildir ki, gözləyirəm”. Gözlərini təəccüblə döyüb dedi ki, “bəs sizə bu barədə məlumat verməyiblər”. Dedim “nəyi?”. Dedi ki, “vəzifəyə təyin olunacağınız ilə bağlı sizə etdiyim zəngdən 3 gün sonra belə məsləhət görüldü ki, “sizə vəzifə verilməsin”. Bu barədə məlumatı sizə çatdırmağı katibəyə tapşırdıq. Vay, vay... İndi bura gəlməyinizdən anladım ki, katibə bunu sizə deməyib. Bu illər ərzində siz də ümidlə gözləmisiz”.

O adamın otağından çıxanda qalstukumu çıxarıb hara gəldi tolazladım, küçənin o biri başındakı kafeyə girib duzlu xiyarla 200 qramı elə ayaqüstü aşırtdım.  Sonra sevincək bura gəldim.   

SON

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI