İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
APA TV-nin redaktoru Jalə Mütəllimovanın hər şeydən və hamıdan inciyəndə ən sevimli işi yazmaqdı:
“İxtisasca dilçiyəm. Azərbaycan Dillər Universitetinin Fransanın ölkəşünaslığı, Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişəm. 90-cı illərin əvvəllərində orada belə bir fakültə vardı. O zaman atam seçdiyim ixtisaslar sırasında Jurnalistika fakültəsini yazmağı icazə verməmişdi. Çünki ailədə nəinki jurnalist, ümumiyyətlə qız uşaqlarının təhsil almasında maraqlı olmayan əmilər və digər qohumlar vardı. O üzdən problem yaratmadım. Amma cəmi bir ildən sonra ailəmizdə vəziyyət elə gətirdi ki, mən işləməyin zəruri olduğunu anladım. Sadəcə iş axtarırdım. Nə olur olsun işləyim və nəticədə sosial sorğu mərkəzlərindən birində dostlarımızın yardımı ilə işə düzəldim. O zaman efirdən gördüyümüz adamları yavaş-yavaş üzbəüz görməyə başladım. Və o köhnə arzum yadıma düşdü. İçimdə qadağa qoyulmuş bir istək var idi, adı jurnalist olmaq. O hiss hər şeyi üstələdi. Sorğunu filanı bir yana qoyub, məhz o istəyin dalınca getdim. Və belə başladım. Mədəniyyət xəbəri ilə bağlı olan ilk yazım “Müxalifət” qəzetində dərc olunub. Orda Qabil Abbasoğlu, Nəsir Əhmədli, rəhmətlik Süleyman müəllim, bir də Azər Əbilbəyli vardı. Bunlar Azərbaycan mətbuatının ciddi adlarıdır və məndən həm babat adam, həm də jurnalist ola bilər dedilər. O gündən bəri mən də babat jurnalist olmağa çalışıram.
Bir gün də öz ixtisasım üzrə işləməmişəm. İşlər və hayət belə tələb etdi. Buna məndən çox evdə təəssüf edirdilər. Həm də israr edirdilər ki, rayona dönüm. Amma mən Bakıda qalmağı seçdim. Bəlkə də bu həyatımın ən doğru seçimi oldu.
Hər şeydən, hamıdan, lap elə Allahdan da inciyəndə yazmaq, mənim ən sevimli işimdi. Yeri gələndə hamıdan peşəmə sığınmışam. Məncə, o da məni ən azı mənim qədər sevib. Bəlkə də o üzdən zərrə qədər peşmançılıq yaşamamışam”.
Türkiyənin Anadolu Agentliyinin Bakı müxbiri Ruslan Rəhimov dünyanın 65 ölkəsində təmsilçiliyi və müxbirləri olan peşəkar bir komandada olduğu üçün qürur duyur: “Ankara Universiteti Dil, tarix və coğrafiya fakültəsindən tarixçi ixtisası üzrə məzun olmuşam. Jurnalistikaya gəlməyimə səbəb Türkiyəyə olan sevgim olub. Belə ki, 14 il Türkiyədə yaşadıqdan sonra vətənə qayıtdım. Öz ixtisasım üzrə iş axtarışlarım maaşların çox aşağı olması səbəbindən nəticəsiz qaldı və tamamilə fərqli bir sahədə iş tapdım. Müəyyən müddət özəl bir şirkətdə yüksək maaşla işlədikdən sonra 2011-ci ildə Bakıda Qafqaz Bölgə Təmsilçiliyini açan Anadolu Ajansından dəvət aldım. Türkiyə cəmiyyətinə və siyasi proseslərinə bələd olduğum, xüsusilə də Anadolu türkcəsində səlis yazmağı bacardığım üçün dəvət edilmişdim.
Jurnalistikaya hər zaman marağım olub və universitetdə oxuduğum müddətdə azərbaycanlı tələbələrlə birlikdə bir neçə jurnal çıxartmışıq. Dəvət Türkiyə dövlətinin rəsmi informasiya agentliyindən olduğu üçün yüksək maaşlı işimi tərk edib dəvəti qəbul etdim. Artıq üç ildir ki, dünyanın ən nüfuzlu 10 informasiya agentlikləri arasında yer alan və 2020-ci ildə ilk beşliyə girməyi hədəfləyən bir qurumda çalışıram. Anadolu Ajansı mənim üçün məktəb oldu və jurnalistikanın metodologiyasını burada öyrəndim. Bu gün hazırladığım xəbərlər və araşdırma yazıları Türkiyənin ən nüfuzlu qəzetlərində, video çarxlar isə ən nüfuzlu televiziya kanallarında yayımlanır. Bu da işimizdə bizə stimul verir. Türkiyədə Azərbaycan haqqında yayımlanan xəbərlərin böyük qismini biz hazırlayırıq. Dünyanın 65 ölkəsində təmsilçiliyi və müxbirləri olan peşəkar bir komandada olduğum üçün qürur duyuram. Həmyerlimiz Əhməd Ağaoğlunun Anadolu Ajansının idarə heyətinin ilk sədri olması faktı isə qürur hissimi daha da artırır.
Jurnalistikaya gəldiyim üçün əsla peşman deyiləm. Arabir öz ixtisasım üçün, tarixi araşdırmalar üçün darıxıram. Bu hissləri isə Azərbaycana aid köhnə foto və sənədlərin kolleksiyası ilə məşğul olaraq balanslaşdırmağa çalışıram”.
“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov etiraf edir ki, Azərbaycanda jurnalistika nüfuzlu peşə deyil: “Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. İxtisasım üzrə işləməmişəm. Mən tələbə olanda qəzetlərlə əməkdaşlığa çalışırdım. Çünki yazmağa hədsiz marağım vardı. Məşhur jurnalistlərin yazılarını acgözlüklə oxuyur, çalışırdım ki, mən də elə işlər görüm. İlk yazım 2-ci kursda oxuyanda -1997-ci ilin sonlarına yaxın “168 saat” qəzetində çıxmışdı. O qədər xoşbəxt idim ki, pulum olmasa da 10 qəzet alıb saxlayırdım, hər gün azı 10 dəfə yazını təkrar oxuyurdum. O vaxt həmin qəzetin baş redaktoru Varis idi. Məni yazmağa davam etməyə o həvəsləndirdi. Hətta bir neçə yazıdan sonra qonarar da verdi- o vaxtkı pulla 3 şirvan. Birini anama verdim, birinə kitab aldım, o birini isə düz bir həftə xərclədim.
“168 saat” da imzam tanınandan sonra “Ekspress” dən daha sərfəli və yüksək maaşlı təklif gəldi. Və mən ilk kollektivimi tərk etməmək şərtilə orada da çalışmağa başladım. Bu, peşəkar jurnalist həyatımın başlanğıcı idi... Sonrakı illərdə “Ekspress” də siyasət redaktoru, ardınca baş redaktorun müavini oldum. Çox həvəslə və ehtirasla işləyirdim, xeyli maraqlı şeylər edə bilmişdik orada...
“Ekspress” qəzetində çalışanda o dövrün, elə indinin də ən məşhur jurnalistlərindən biri olan Sahib Alıyevlə əvvəlcə tanış, illər sonra dost olduq. Məhz Sahib müəllimi jurnalistikadakı ustadım sayıram. O vaxt Sahib müəllim ANS-dəki TAM həftəlik analitik proqramını aparırdı və mən hər dəfə o proqrama baxanda oradakı təhlilin səviyyəsinə və dərinliyinə heyran qalırdım. Düşünürdüm ki, görəsən mən özüm də nə vaxtsa belə analizlər apara bilərəmmi. Heç demə, bunu mənə Sahib müəllimin özü öyrədəcəkmiş. Onun məni jurnalist kimi başqalarından seçib dəyər verməsi məndə özümə inam hissinin formalaşmasına böyük təsir göstərdi. 2001- ci ildə Sahib müəllim “Mərkəz” qəzetinə baş redaktor getdi və məni redaktor dəvət etdi. Həmin qəzetdə də kifayət qədər işlər görə bilmişdik. 2 il sonra isə paralel olaraq həm də “Lider” TV-də işləməyə başladıq. Bu günə qədər də işləyirik.
2012-ci ilin oktyabrın 1-dən isə mənim üçün həyatımın hələ ki ən vacib vacib layihəsi olan “AzVision.az” saytı işə başladı. Hazırda jurnalist kimi ən böyük uğurum hesab etdiyim bu saytın baş redaktoruyam.
Etiraf edirəm ki, Azərbaycanda jurnalistika xaricdə olduğu qədər nüfuzlu peşə deyil. Bundan başqa bizdə jurnalistika çox pis şəkildə siyasiləşib və əks düşərgələr bəzən bir-birilərinə hətta düşmən kimi yanaşırlar. Belə şəraitdə öz mövqeyi olan jurnalist olmaq asan deyil. İnsandan xeyli əsəb tələb edir. Amma bütün bunlara baxmayaraq jurnalist olduğuma peşman deyiləm. Bu günə qədər əldə etdiyim hər şeyə görə bu peşəyə borcluyam. Amma əsas olan heç bu da deyil. Mən jurnalistikadan zövq alıram. Bəzən yaxşı bir yazı yazanda, həmin yazıya görə xoş sözlər eşidəndə o qədər xoşbəxt oluram ki, bəlkə də Corc Soros birjada miliyonlar qazananda heç bu qədər xoşbəxt olmur. Jurnalistikanın ən gözəl tərəfi onun yaradıcı iş olmasıdır. Yaradıcılıq isə intellektli və istedadlı insana çox böyük zövqlər yaşatmağa qadirdir”.
Xəzər TV-nin “Yolçu” verilişinin aparıcısı Yusif Kərimli jurnalistikanı müqəddəsləşdirməyin qəti əleyhinədir: “Azərbaycan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə heç işləməmişəm. 16 yaşımdan jurnalistikadayam. Ailəmdə jurnalistlər olub. Böyük qardaşım Sahil Kərimli bir çox gündəlik qəzetlərdə, daha sonra isə uzun müddət televiziyada çalışıb. Bibim Xalidə Bağırlı 2000-ci ilə qədər Mətbuat və İnformasiya Nazirliyində məsul vəzifədə çalışıb. Bəlkə də məndə jurnalistikaya maraq belə yaranıb.
İlk dəfə 9-cu sinifdə oxuyanda “168 saat” qəzetinə yazılarımı göndərirdim. Tələbəliyin birinci ilindən də qəzetlərlə ardıcıl işləməyə başladım. “İki sahil”, “Həftə içi”, “Kaspi”, “Zaman” qəzetlərində çalışmışam. 2005-ci ildən “Samanyolu Azərbaycan” kanalında işləməyə başladım. Eyni zamanda “Burc FM” radiosunda xəbərləri aparırdım. 2007-ci ildən isə “Xəzər” TV-dəyəm. 5 il “Xəzər Xəbər”də işlədim. Son iki ildir “Yolçu” verilişini aparıram.
Ümumiyyətlə, isə jurnalistika ilə bağlı çoxsaylı kurslarda olmuşam. İnternews-un treninqlərinin özü bir məktəbdir. Üstəlik xarici ölkələrdə təcrübə proqramlarında və jurnalistika ilə bağlı treninqlərdə iştirak etmişəm.
Jurnalistika fakültəsinin tələbələri də yanımıza təcrübəyə gəlir. Onları görəndən sonra düşünürəm ki, bu sahədə təhsil almağın həqiqətən də o qədər önəmi yox imiş. Bu birbaşa bacarıq məsələsidir. Təbii ki, təhsil vacib şərtdir, amma bir fakültədən məzun olan 50 tələbənin 3-ü düzəməlli jurnalistika ilə məşğul ola bilmirsə, demək söylədiklərim heç kimi incitməməlidir (gülür). İndiyə kimi gördüyüm təcrübəçilər bizdəki jurnalistika fakültələri haqda məndə belə təəssürat oyadıb.
Deməzdim ki, bu peşə kraldır, ən yaxşı peşədir filan... Sadəcə hərənin bir bacarığı var, mən də bu işi bacarıram. Ona görə də bu işin içərisindəyəm. İdealist deyiləm və başqalarını jurnalistikaya dəvət etmək fikrim qətiyyən yoxdur. Hamı bacardığı işi görsə yaxşıdır. Jurnalistikanı müqəddəsləşdirməyin qəti əleyhinəyəm. Adətən, əməkhaqqı məsələsi də gündəmə gəlir. Əməkhaqqımdan nə narazıyam, nə də razı. Hansısa iş yerini də müqəddəsləşdirməyin əleyhinəyəm. Jurnalist üçün hansı media qurumunda işləməyin yəqin ki, önəmi olmamalıdır. Amma təbii ki, söhbət sağlam çalışan media orqanından gedir.
Bir sözlə qeyri-ixtisas sahibi olsam da, bu peşədə rahatam və yəqin ki, hələ uzun illər bu işin içərisində olacağam. Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Bacardığım iş budur və bacardığın işlə məşğul olduğuna görə peşman olmağı necə adlandırmaq olar, bunu izah etməyə ehtiyac yoxdur”.
Misranə Həsənzadə