Modern.az

Madonna yarıçılpaq halda insanları muzeyə çağırırdı

Madonna yarıçılpaq halda insanları muzeyə çağırırdı

18 Sentyabr 2014, 13:12

İnsanı zəngin edən madiyyat deyil, mənəviyyatdır. Mənəvi aləmimizi zənginləşdirmək üçün də, kitablar, musiqi, teatrlar, muzeylər bizə kömək edən ən önəmli vasitələrdəndir. Bəs, bu vasitələrdən nə qədər istifadə edirik? Məsələn, nə qədər insan muzeyləri sevir və ziyarət edir? Muzeylərə olan marağın azalması nə ilə əlaqədardır? Yazıçı-kulturoloq Aydınxan Əbilovla söhbətimiz də elə bu uallar ətrafında oldu.

Maraqlıdır, keçmişdə babalarımız hansı işlərlə məşğul olub

A.Əbilov ilk öncə muzeylərin özünün əhəmiyyətindən söz saldı:

“Sivil dünyada, inkişaf etmiş cəmiyyətlərdə insanlar yalnız maddi sərvətlərlə maraqlanmır, eyni zamanda mənəvi zənginliklərlə də məşğul olmağı xoşlayırlar. Tarixə nəzər saldıqda görürük ki, insanlar incəsənət, musiqi və digər sahələrlə daha çox ciddi məşğul olublar. Fikirləşiblər ki, cəmiyyətin ayrı-ayrı təbəqələrini mədəniyyət vasitəsiylə sivilləşdirmək, tərbiyələndirmək mümkündürsə, niyə də bu sahələr zənginləşdirilməsin? Daha sonralar insanlar yaranmış olan qeyri-maddi və maddi incəsənət, mədəniyyət nümunələrini həm də gələcək nəsillərə çatdırmaq haqqında düşünüblər. Ona görə də,  ilkin muzeylərin təməli qoyulub”.

Həmsöhbətimin sözlərinə görə, muzey mədəniyyəti bir çox ölkələrdə, xüsusən də maarifçilik və romantizm dövründə daha çox inkişaf edib: Həmin dövrdə artıq ilk muzeylər yaranmağa başlamışdı. Bunlar cəmiyyətin geniş təbəqələri üçün həmişə açıq olub. Axı bizə də maraqlıdır ki, keçmişdə bizim babalarımız hansı işlərlə məşğul olub? Tanınmış incəsənət, ədəbiyyat, elm adamlarının həyatı, onların keçdiyi həyat yolu necə olub? Bunları muzeylər vasitəsiylə öyrənmək mümkündür. Ən azından, ənənəvi muzeylər bir çox əyani vəsaitləri, bir çox tarixi qiyməti olan əşyaları özündə cəmləyir. Eyni zamanda, insanlar da gedib onlara baxırdılar”.

Azərbaycana qərb tipli muzeylər nə vaxt gəldi?

Aydınxan Əbilov təəssüflə bildirir ki, Azərbaycanda bu proses çox gec başlayıb: “Bildiyim qədər, keçmişdə xan saraylarında, varlıların evlərində xüsusi guşələr olub. Onlar həmin guşələrdə incəsənət, tətbiqi sənət nümunələrini saxlayıblar. Lakin müasir, qərb tipli muzeylərin tarixi Azərbaycanda Rusiya işğalından sonra başlayır. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın bir qrup ziyalılarının təşəbbüsü ilə müəyyən muzeylər yaradılıb. Bu muzeylər sovet dövründə inkişaf etdirilib. Bizim müxtəlif rayonlarımızda, bəzən də kəndlərimizdə muzeylərimiz olub. Lerikdəki “Uzunömürlülər” muzeyi, Ağdamdakı “Çörək muzeyi” dünyada analoqu olmayan muzeylər kimi tanınır. Əvvəllər bizim insanlar ailəlikcə muzeylərə gedərdilər. Məktəbliləri muzeylərə aparardılar. İndi bu ənənə bir az zəifləyib”.

Avropada ailə büdcəsində mütləq muzey və teatr üçün də pul ayrılır

“Almaniyada il ərzində müxtəlif muzeylərə 200 milyondan çox giriş olur. Fransada, İtaliyada, Amerika Birləşmiş Ştatlarında insanlar öz ailə büdcələrini, məmurlar isə istehlak səbətini formalaşdıranda mənəvi tərəflərə də fikir verirlər. Ay ərzində muzeylərə, teatrlara, konsertlərə gediş haqqlarını da o büdcəyə daxil edirlər. Amma bizdə vəziyyət nə yerdədir?. Bizdə “Beynəlxalq muzey günü”ndə muzeylərə giriş sərbəst olur. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün biletlər xarici vətəndaşlara nisbətən iki dəfə ucuzdur. Tələbələr, şagirdlər və təqaüdçülər üçün də müəyyən güzəştlər olur. Amma bundan çox az istifadə olunur. Bu ondan irəli gəlir ki, muzey mədəniyyəti Azərbaycanda çox zəif inkişaf edib”.

Azərbaycanda arxivlər dağıdılır

 “Ümumiyyətlə biz arxivə və qədimliyə çox diqqət yetirmirik. Deyərdim ki, hazırda Azərbaycanda arxivlərin dağılması prosesi gedir. Azərbaycanda çox mənasız və məntiqsiz bir hadisə baş verdi. Mədəniyyət Nazirliyinin xətti ilə kitabxanaların bir çoxlarında kiril əlifbası ilə olan kitablar hamısı məhv edildi. Axundov adına kitabxanadan da maşın-maşın kitablar atıldı. Ad qoydular ki, rus dilindədir və ya erməni müəlliflərindir. Bu düşüncədə olan ictimaiyyət əlbəttə ki, muzeyə getməz. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Hətta Almaniyada faşist dövründə nəşr olunan kitablar, faşistlərə aid olan tarixi eksponatlar muzeylərdə saxlanılır. Bizdə isə hər dəfə sistem dəyişəndə ondan əvvəlkinə aid olanları məhv edir. Bu bərbad ictimai münasibət əlbəttə ki, muzeyə gedən insanları da həvəsdən saldı. Biz restoranlara, əyləncə mərkəzlərinə, toya hər gün gedə bilirik, amma muzeyə gedib iki manat verməyə, teatra getməyə ərinirik. Bizdə mədəniyyət sahəsində gündən-günə aşınma gedir. Ona görə də bizim televiziya verilişlərimizin bir çoxunu sosial problemlər təşkil edir”.                                       

Kinoya, teatra, muzeyə getməyən vəhşi olar

“Muzeylərlə bağlı dövlətin özünün də konsepsiyası var. Muzeylərin bir çoxu yenilənib və təmir olunub. Lakin muzeylərin təbliğatını aparmaq üçün müasir texnologiyalardan yararlanmaq lazımdır. Bir çox muzeyləri dəb halına salmaq lazımdır. KİV-də, sosial şəbəkələrdə onların reklamını aparmaq lazımdır. İnsanlara anlatmaq lazımdır ki, kinoya, teatra, muzeyə getməyən vəhşi olar. Sabah üçün həmin insan potensial cinayətkar, narkotik istifadəçidir”.

Muzeylər alternativ təhsil formasıdır

A.Əbilov söhbət zamanı bu məsələ iəl bağlı bəzi təkliflərini də irəli sürdü. “Təhsil müəssisələri ayda iki-üç dəfə muzeylərdə açıq dərs keçsinlər. Mən universitetdə dərs deyəndə açıq dərslərimin bir çoxunu Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində keçirdim. Bunu həmin universitetin məmurları başa düşmürdü. Çox dəhşətli hal idi, tələbələrin 90%-i muzeyə birinci dəfə gedirdi və şəhərin mərkəzində yerləşən muzeyi tanımırdılar. Mən onlara deyirdim ki, hardansa qonağınız gələndə onu 3 dəfə restorana aparanda bir dəfə də muzeyə aparın.

Hicablı qadını görəndə muzeydən qaçacaqlar

“Təəssüflər olsun ki, gənclərimiz bizim hansı sərvətlərə malik olduğumuzu bilmirlər.  Qərbi Azərbaycanda  olan muzeylərimiz, mədəniyyət ocaqlarımız dirçəldilməlidir. Muzeylərimizin virtual variantı yaradılmalıdır. Mədəniyyət və Turizm Nazirliyində bu məsələ ilə bağlı müəyyən proqramlar həyata keçirilirdi, amma o da zəifləyib. Dünyanın istənilən muzeyinə virtual gəzinti edə bilərsiniz.  Bizdə o varmı? Azərbaycan muzeylərindəki köhnə iş sistemlərindən imtina etmək lazımdır. Ledi Qaqa, Madonna hətta yarıçılpaq şəkildə belə öz izləyicilərini muzeylərə, kitabxanalara dəvət edirdilər. Bizim muzeylərdə isə hicablı qadınlar çalışır. Gənclər əlbəttə ki, belə yerlərdən qaçacaqlar. Muzeylərdə lotoreyalar oynamaq, kompaniyalar keçirmək lazımdır”.

A.Əbilov bu məsələdə  muzey işçilərinin maaşının az olmasının da xüsusi önəm daşıdığını söyləyir: “120-150 manat maaş alan muzey işçisindən innovativ, kreativ təklif gözləmək mənasızdır”.

Rüfanə Günəş 

P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihə çərçivəsində dərc olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi