Modern.az

Q. idi, Mən idim, Ş. idi...

Q. idi, Mən idim, Ş. idi...

18 Sentyabr 2014, 14:57

Sovet dövrü ədəbi tənqid çox inkişaf etmişdi. Şair və yazıçılar dövrünün tənqidçilərindən qorxurdular desəm, yanılmaram. Bəzən uzun illərin zəhməti hesabına başa gələn iri bir kitab tənqidçinin bircə rəyi ilə çapdan dayandırılırdı. Tənqidi yazılar arasında mənə ən maraqlısı bədii əsərlərdəki prototiplər idi. Az hallarda prototiplər faş olunurdu. Atam Qabilin “Pərvanə” poemasının, “Ömür həbləri” romanındakı obrazların, şeirlərinin çoxunun prototipini bilirəm. Bilirəm ki, əsərin qəhrəmanları əslində kimlərdir. Bir çox yazıçı-şairin də kimləri yaratdıqlarını, yaradarkən kimləri nəzərdə tutduqları yaddaşımdadır. Niyə yaddaşımda dedim. Çünki daxili mətbəxdə danışılarkən eşitmişəm və yadımda saxlamışam. Müasir dövrümüzdə isə bir çox yazıçımızı yada salan yoxdur. O ki, qalsın onların hansısa əsərində nəzərdə tutduğu adamları.

“Səhv düşəndə yerimiz” şeirinin qəhrəmanıyla sizi tanış etmişdim. İndi isə atamın dostu, qonşumuz, görkəmli yazıçı Salam Qədirzadənin bir balaca hekayəsi haqqında danışmaq istəyirəm. Əslində olan hadisənin hekayətidir bu. Salam əmi bura heç nə əlavə etməyib. Adını gizli yazsa da 40 il bundan qabaq qələm əhlinin hamısı bilirdi ki, Q. Kimdir, Ş. kim. İstəyirəm siz də biləsiniz:

“Haçan hansı toya, ad gününə, qonaqlığa düşürəmsə, dostlar, tanışlar məndən, olmuş bir əhvalatı məclisdəkilər üçün danışmağımı xahiş edirlər.

Düzü lap cəzana gəlmişəm! Bir şeyi neçə dəfə söyləyərlər?! Axırı çıxış yolu tapmışam; fikirləşmişəm ki, həmin əhvalatı yazım, maraqlananlar oxuyub, yaxamdan əl çəksinlər...

Bir dəfə... (adlarını deməyəcəyəm) Q. idi, mən idim, Ş. idi – oturmuşduq Pirşağıda, dəniz qırağındakı açıq kababxanada. Q. ayaq üstə, bir əlində soyuq araqla ləbaləb dolu qədəh, o biri əlində çəngəldən yağı daman isti quyruq tikəsi, Ş-nin haqqında sağlıq deyirdi:

- Sən mənim əzizim, canım-ciyərimsən! Xətrini də nə qədər istəyirəm – özüm bilirəm. İkinci bir adam yoxdur ki, adını səninki ilə yanaşı çəkim. Yaşa! Çalış, ölmə! Bunu içirəm şəxsən sənin sağlığına!..

Q. qədəhini açılmış ağzına yaxınlaşdıranda... haradansa bir it gəlib yanında çömbəldi; gözlərini onun əlindəki yağlı tikəyə zilləyib marıtladı.

Q. nə düşündüsə, boşaltmağa macal tapmadığı qədəhi ağzından uzaqlaşdırdı, üzünü itə tutub qəribə bir tərzdə, mərhəmətlə ona nəzər yetirdi:

- Can!..- dedi -  və çəngəlin ucundakı quyruğu itə uzatdı.- Sən də bilirsən biz burda neyləyirik? – Özü öz sualına cavab verdi: - Hardan biləcəksən, ay yazıq! Araq içirik, kabab yeyirik... – O təəssüflə başını tərpədib, ağlamsındı. – Eh!.. Dünyanın ləziz nemətlərindən məhrum, zavallı it!.. Sən bəzi yeyib itirən, yaltaq dostlardan çox sədaqətlisən! – Q. köksünü ötürdü. Sonra qədəhini qaldırıb Ş-yə müraciətlə bayaqkı sözünü tamamladı:

- Deyirəm, bunu içək elə ikinizin sağlığına!..”

Əhvalat, hekayə bu qədər. Adları çəkilən bu insanların hamısı indi haqq dünyasındadır. Q.- Qabil də, Salam Qədirzadə də, Ş.- şair Şükür Xanlarov da. Allah hamısına  rəhmət eləsin.


YAZIÇILAR BİRLİYİNİN KİTABÇASI İŞƏ YARADI

Günlərin bir günü atam zəng edir köhnə dostu, ədəbiyyatşünas Mirabbas Aslanova. Ev telefonu cavab vermir. Zənn edir ki, yəqin bağdadır. Zəng edir dayım Rafiqə ki, bəs gəl maşını çıxar gedək gəzməyə. Yolda  yaxşı bazarlıq edirlər. Lyubitelski kolbasa, Holland pendiri, şoraba xiyar, limon, kişmiş üzüm, balıq konservası, qril toyuq, araqlar, mineral su, bir sözlə hər şey alırlar. Yolüstü də Balasadığı və səhv etmirəmsə Fikrət Sadığı da götürürlər. Gəlib çıxırlar bağa. Darvazanı döyüb Mirabbası haylayırlar. Səsə it hürə-hürə qapıya gəlir. Amma demə Mirabbas müəllim bağda deyilmiş. Neyləsinlər, geri qayıtmayacaqlar ki... Qapını arxadan açıb həyətə girmək istəyirlər ki, həyətdəki besedkada süfrə açsınlar. Qapını açmağına açırlar. Amma it hürməyində davam edir. Tutmasa da, qapmasa da onların irəliləməsinə imkan vermir. Bu zaman Qabil:

- Ay it, sən bilirsən mən kiməm? Mən Xalq şairi Qabiləm.- deyir.

İt isə hürməyində davam edir. Bu dəm dayım arxadan zarafatla:

- Qabil, deyəsən tanımadı.

Atam da cibindən Yazıçılar Birliyinin qırmızı üzlü vəsiqəsini çıxarıb açaraq:

- Necə yəni tanımadı? Bu da mənim vəsiqəm! – deyə itə göstərir.

İt bir an dayanır. Oturur. Vəsiqəyə baxır. Mırıldayır.  Kənara çəkilir. Atamgil də bağa  girib stolun üstünə qəzet salırlar. Gətirdiklərini süfrəyə düzürlər. Başlayırlar yemək-içməyə.

Həmin gün Yazıçılar Birliyinin vəsiqəsi yaman işə yarıyır. Yazıçılar Birliyinin üzvlərinə hörmətlə yanaşdığına görə kolbasadan, balıqdan itə də pay düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI