Modern.az

Azərbaycan “Əsrin müqaviləsi”ndən 120 milyard dollar qazanıb - Ekspert

Azərbaycan “Əsrin müqaviləsi”ndən 120 milyard dollar qazanıb - Ekspert

19 Sentyabr 2014, 11:05


20 il bundan əvvəl Azərbycanın tarixində mühüm addım atıldı. Müstəqilliyini yenicə əldə edən,  dövlət mexanizmi tam formalaşmayan, ərazi bütövlüyü işğalçı Ermənistan  tərəfindən pozulan Azərbaycan üçün dünyanın 11 dövlətinin neft şirkətini Bakıda toplamaq böyük nailiyyət idi. Məhz, 1994-cü ilin sentyabr ayında Bakıda toplaşan dünya liderləri mühüm qərarın qəbul edilməsinə nail oldular. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan dövlətinin davamlı inkişafına töhfələr verdi.

“Əsrin müqviləsi”nin imzalanması Azərbaycandakı siyasi gərginlik vaxtına təsadüf edib. Ancaq yenidən müstəqilliyini elan edən Azərbaycan üçün bu addım gələcək uğurların başlanğıcı oldu. Təbii ki, bu müqavilə Azərbaycan iqtisadiyyatının inkişafında da ciddi təkan verib. Modern.az saytı da 20 il ərzində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi potensialının artmasına necə təsir etdiyini araşdırıb. Tanınmış mütəxəssis İlham Şabanla söhbətimiz bununla bağlıdır.

“Əsrin müqaviləsi” Azərbaycana  nə qazandırdı?! 

Ekspertin fikrincə, müstəqil Azərbaycanın faktiki olaraq həm iqtisadi, həm beynəlxalq aləmdəki nüfuzu baxımından baş verən bütün dəyişikliklər 1994-cü ilin 20 sentyabrında imzalanmış müqavilənin nəticələri ilə birbaşa olaraq bağlıdır:  “Bunu başa düşmək üçün bir neçə fakt sadalamaq lazımdır. 2014-cü il sentyabrın 1-nə qədər “Azəri-Çıraq”, “Günəşli”  yataqlarından Azərbaycanın neft fonduna gələn qazanc 106 milyard dollar olub. Bu, dövlətin xalis gəliri deməkdir. Bundan əlavə, Azərbaycanın digər qazancları da olub. Məsələn, “Əsrin müqaviləsi”ndə pay sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinin öz qazancı da var. Bundan əlavə, xarici neft şirkətləri 1995-ci ildən başlayaraq həm dövlət büdcəsinə, həm də Dövlət  Sosial Müdafiə Fonduna vergi ödəyirlər. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilir. Azərbaycanın digər qazancları da olur. Məsələn, bunu heç yerdə açıqlamayıblar. “Əsrin müqaviləsi”ndən dövlət büdcəsinə 15 milyarda yaxın bu və ya digər səpkidə vergilər daxil olub. Dövlət Neft Fonduna gələn vəsaitlə cəmləsək,  Azərbaycan tərəfi 120 milyarddan artıq bu müqavilədən gəlir əldə edib. Təbii ki, bu vəsaitlərin bir hissəsi xərclənib. Bu gün Dövlət Neft Fondunda  37 milyarddan bir qədər artıq vəsait qalıb. Deməli, gəlirin 60 faizdən bir qədər artığı xərclənib”.  

Növbəti 10 ildə neft sahəsində bizi nə gözləyir?

2024-cü ilin dekabrında müqavilənin hüquqi müddəti başa çatır. Bizi növbəti 10 ildə nə gözləyir? İlham Şabanın sözlərinə görə, əgər ixrac olunan neftin orta qiyməti 80 dollar olacaqsa, onda qazancımız təqribən 100 milyarda dollara çatacaq. Yəni Azərbaycan yaxın 10 ildə yenidən 100 milyard vəsait qazana biləcək. Əgər neftin orta ixrac qiyməti 100 dollar olarsa, Azərbaycanın gəliri təqribən 120 milyard səviyyəsində olacaq. Cəmiyyətdə belə fikir var ki “artıq neftimiz qurtarıb”. Bu fikirlərlə razı deyiləm”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi