Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub. Ən reytinqli proqram iddiasında olan neçə-neçə müəllif və aparıcının iddiası arxasında konkret dəlil olmasa da.
Bəs hazırda telekanallar nüfuzlu, baxımlı verilişləri öz “mətbəxləri”ndə necə müəyyən edir?
Modern.az saytına AzTV-dən verilən məlumata görə, proqramların reytinqi aparılan sorğu nəticəsində bəlli olur. “Dövlət Televiziyasının sorğu mərkəzi 2007-ci ildən fəaliyyət göstərir. Sorğular telefon, diktofon və anket vasitəsilə aparılır. Telefon sorğusunda hər dəfə bir ATS-in 500 nömrəsinə sıra ilə zəng edilir. Sonuncu sorğuda 568 indeksli ATS abonentləri sorğulanıb. Bu sorğu müəyyən qurumlarda işçilərə verilir və hər dəfə 200-300 anketi cavablandırırlar. Diktofon sorğusu isə, konkret ünvanlıdır. Məsələn, 10 nəfərin adı və soyadı qeyd edilir və onlar verilişlər barədə rəy bildirir”.
Dövlət Televiziyasından qeyd ediblər ki, AzTV-də ən çox izlənilən proqramların siyahısında I yerdə saat 20.00-da efirə gedən “Ana Xəbər”dir. Daha sonra “Səhər proqramı”, “Həftə proqramı”, “Ovqat”. Həmçinin hərbi vətənpərvərlik proqramları və bədii filmlərə də maraq var. İntellektual verilişlər də baxımlıdır (“Mən Azərbaycanlıyam”, “Breyn-rinq”, “Sto, qde, koqda” və s.)”
“Space” telekanalından verilən məlumata görə, özəl reytinq şirkəti tərəfindən təşkil olunan ən baxımlı verilişlər siyahısında “Sevimli Şou”, “Banu” və “Bu Şəhərdə” verilişləri ilk üçlükdə yer alıb. Daha sonra isə “Gülüş yığması” və seriallardan “Səadət”, “Həyat varsa”, “Qadın və kişi sözü”, habelə “Zəhmətkəş ulduzlar“ və “ Hər bir havada” şou verilişləri siyahını tamamlayır.
İTV-dən verilən məlumata görə, “Qanundankənar”, “Biri varmış, biri yoxmuş”, “Çarçı” informasiya proqramı ilk siyahıda yer alır. "Carçı" filmin istehsalı olan “Bizim ellər” rublikasında molokanların və dağ yəhudilərinin həyatından bəhs edən filmlər, retro musiqi proqramları da daha çox baxılan verilişlərdəndir.
ANS televiziyası reytinq cədvəli ilə bağlı sorğuların kanalda təşkil olunmadığını bildirib. “Siyahı tutmuruq. Çünki bütün verilişlərimiz baxımlıdır”.
ATV kanalında isə bu barədə məlumatların kommersiya sirri olduğunu bəyan ediblər.
Telekanalların sorğusunun ardınca Modern.az saytı jurnalistlər arasında da Azərbaycan telekanallarında izlədikləri verilişlərin təxmini siyahısını tərtib edib.
“Televiziyalarımız ideyasızlıqdan əziyyət çəkir”. Bu, Mövqe.az-ın əməkdaşı Əfruzə Ağayevanın fikridir. Onun sözlərinə görə, TV kanallar xarici həmkarlarından “köçürmə edir”. Ə.Ağayeva evdə mütəmadi olaraq “Ləziz dad” və “Öz aramızda” proqramlarını izləyir.
“Olaylar”ın əməkdaşı Samir Güləliyevin baxdığı proqram “Ləziz dad“dır.
“Qafqazinfo” saytında redaktor Günel Əbilova deyir ki, yalnız axşam 9-da ANS-də “Xəbərçi”yə baxır.
“Publika.az” saytının əməkdaşı Amid Əyyuboğlu isə Azərbaycanda mövcud olan bütün televiziya kanalların izlədiyini deyib: “Hər bir kanalın özünəməxsus proqramları var. Ən çox bəyəndiyim teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram"dır. ANS kanalında bütün xəbərləri izləyirəm. Digər televiziya kanallarına nisbətən burada xəbərlər daha dolğun və açıq şəkildə tamaşaçıya çatdırılır”.
“Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyir ki, onun televiziyaya baxmağa vaxtı olmur. Sadəcə axşamlar xəbərləri izləyir.
APA TV-nin “Sosium” verilişinin aparıcısı Elnur Hidayətoğlu isə Azərbaycan telekanallarına baxmadığını deyib.
“Demək olar ki, bütün verilişləri Türkiyə telekanallarından "copy-paste" ediblər. Etdiklərini də o qədər uğursuz və bayağı ediblər ki, baxmaq olmur. Məsələn, eyni verilişin Türkiyə versiyasında Murad Boz , Mustafa Sandal kimi sevilən müğənnilər olur. Azərbaycan versiyasında səndalı yun corabla geyinən Elza Seyidcahan. İndi bax görüm, necə baxırsan?!”
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deyir ki, nadir hallarda ANS-də “İç xəbər” proqramını izləyir. ATV-də isə filmlərə baxır.
“Proqramların hamısı oxşar olduğu üçün oğlanlarımla cizgi filmlərinə baxmağı daha üstün tuturam”.
Məltəm Talıbzadə