Modern.az saytının “Mənim kəndim” rubrikasında bu dəfə xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca doğulub-böyüdüyü Ağdaş rayonunun Kotanarx kəndi, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq. F.Qoca o yerləri, o illəri belə xatırlayır:
Mənim kəndim
Ağdaş rayonunun Kotanarx kəndində dünyaya gəlmişəm. Uşaqlıq illərim orada keçib.
O kənddəki evimiz...
Dünyan çayı var, suyu dağlardan gəlir. O çayın sahilində evlərimiz olub, orada yaşamışıq. Kəndin çayından, oranın torpağından insanlardan çox şey öyrənmişəm. İlk olaraq dostluğa o kənddə başlamışam.
O kənddə öyrəndim
Orada ağaclara, quşların səsinə vuruldum. Ağacları yarpağından tanımağı öyrəndim. Suyun səsindən bilirdim ki, seldi, yoxsa sakitlikdi. O qədər büllur olurdu ki su, balıqların gözü görünürdü. Biz də gedib iri balıqları tuturduq. O kənd bizə bir-birə hörmət etməyi öyrətdi. O kənd bizə qonşunun yasına necə getmək lazım olduğunu öyrətdi. Toyda necə iştirak etməyi öyrətdi. Heç kəs kiməsə puluna görə qiymət verilmirdi. Orada əsas insanlığa dəyər verirdilər. Mən bunları öyrəndim kənddə.
Bizim evdə...
Biz evdə çörək bişirəndə, təndirdən ətri bütün qonşuları bürüyərdi. Anam mütləq qonşuların uşaqlarına kökə düzəldib verərdi. Uşaqların nəfsi keçməsin deyə. Bişirdiklərindən uşaqların da dadmasını istəyirdi. İsti çörəkdən mütləq qonşuya da göndərərdik. İndi düzdür, çörəyin ətri o qədər də gəlmir. Lap gəlsə belə, rayonlarda kim çörək bişirirsə, heç kimə vermir. O adət indi tamam yaddan çıxıb.
Kənd bayramları...
Kənddə olanda bayramlarda bir yerə yığışardıq. Kəndin ortasında meydança var idi. Hərə evdən bir xonça gətirərdi. Bir qabda yemək, şirniyyat götürüb meydançada süfrə qurardıq. Biz məşəl düzəldirdik. Xüsusilə Novruz bayramlarında bunu edərdik. Qızlar-gəlinlər çalıb oynayardılar. Musiqi yox idi, ancaq özləri oxuyurdular.
O kəndin insanları...
O kəndin insanlar bir yerdə mehriban yaşayırdılar. İndi bir binada 10 il yaşayırlar, alt mərtəbədəki, üst mərtəbədəki qonşunu tanımır. Ancaq kənddə belə deyildi. Hamı bir-birini tanıyırdı.
Məcbur olsaydım...
Hər hansı bir kənddə yaşamağa məcbur olsaydım, dolanışığımı torpaqdan çıxarardım. Əcdadım kimi, minnətsiz.
Mənim borcum
Hələ də kəndin mənə verdiklərini xərcləyib qurtarmamışam. Mənim indiyə qədər pis, yaxşı hansı cəhətlərim varsa, onların hamısını mənim kəndimə borcluyam.
Məktəbim və müəllimim
Mənim ilk müəllimim o kənd olub. Onun torpağı, daşları, adamları mənə yaxşı təsir edib. İbtidai sinfi də o kənddə oxumuşam. Kənddə olan vaxtlarımı heç vaxt unutmaram.
Elmin Nuri