15 sentyabr günü Qəbələdə idim. Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun ölkənin, demək olar ki, bütün rayonlarına göndərdiyi alimlər sırasında bəndəniz də var idi. Həmin gün biz lektor kimi ezam edildiyimiz bölgənin məktəblərindən birində mühazirə deməliydik. “İlboyu bilik” layihəsi çərçivəsində gerçəkləşməli olan mühazirə belə adlanırdı: “Azərbaycan bu gün və sabah”. Beləcə, hərə öz qələmini yaxasına taxıb deyilən ünvana yollandıq.
Qəbələyə ara-sıra yolum düşür. Hər dəfə də səfərimin məqsədindən asılı olmayaraq, getmişkən, bir yazı ilə qayıtmaq istəmişəm. Hərdən alınıb, hərdən yox. Hər halda, axtarış verdim, ikisini tapdım. Həvəsi olan varsa, buyursun.
Bu dəfəki səfərimin məqsədi isə tam fərqli idi. Müxtəsəri, “Bilik” fondunun ordakı yerli nümayəndəsinin təşkilatçılığı ilə mühazirəmizi deyib qayıtdıq. Bir-iki məqamı çıxmaq şərtilə səfər, ümumilikdə, pis keçmədi.
Amma jurnalistlika elə bir peşədir ki, onu evdə qoyub çıxmaq olmur, harda olsa, nə zaman olsa üstündədir. Qayıdandan sonra müəllim, alim statusunu kənara qoyub müşahidələrimi, təəssüratlarımı bölüşmək istədim.
Qəbələ çox inkişaf edib, məlum məsələdir. Mərkəzi küçələrdə salınan yollar, işıqlandırma, abadlıq, gözəl binalar, həmçinin, zövqlə tikilmiş şəxsi villalar şəhərə bir ayrı gözəllik verir. Burda hər şey var – aeroportdan tutmuş, lift zavodunadək. //qebele-ih.gov.az/page/24.html. Bölgəni turizm sahəsinə çevirmək üçün də xeyli iş görülüb, nəticə də göz qabağındadır. Mehmanxana kompleksləri, restoranlar, qonaq evlərindəki inkişaf Qəbələnin bu sahələrdə ən yüksək səviyyəni hədəf seçdiyini göstərir. Üstəlik, şəhər gözəlləşib, müəssisələr işləyir, deməli, işləmək istəyən yerli sakinlər üçün iş yeri də var, dolayısı ilə, dolanışıq da. Gözəl! Yerlilər demiş lap sağ olsunlar!
Amma bu inkişafın təhsillə, maarifləndirmə işləri, intellektli gəncliyin yetişdilirlməsi ilə hər hansı əlaqəsini hiss etmədim - sözümün canı budur. Bölgənin zənginliyini niyə də elə bu bölgədəki uşaqların inkişafına cəlb edib hər bir məktəblidən bərk-bərk yapışmayaq, onda milli mədəniyyətimizə, ədəbiyyatımıza, elmə həvəs oyatmayaq, milli kökə bağlılığı, dünyagörüşü, həyata baxışı inkişaf etdirməyək?
Kompüterdə axtarış proqramları “Qəbələ” sorğusuna xeyli nəticə verir. Müəssisələrlə, banklarla, otel-restoran şəbəkəsi, futbolla bağlı nə qədər istəsən məlumat var. Lakin bölgədəki uşaqların, gəncliyin hər hansı bir sahədə uğurlarına dair məlumata rast gələ bilmədim. Rayonun yeganə mətbuat orqanını - “Qəbələ” qəzetini axtardım. Əvəzində “Qəbələ” Idman Klubunun eyniadlı qəzeti çıxdı. Rayonun öz qəzetini icra hakimiyyətinin saytında tapdım – yalnız 2013-cü il buraxılışları idi. Belə başa düşdüm ki, qəzet ya bu ildə nəşr edilməyib, ya da il başa çatmaq üzrə olsa da, səhifəni yeniləməyə hələ ki vaxt tapmayıblar.
Futbol demişkən, 3-5 il bundan əvvələdək burada düz-əməlli futbol da yox idi. Futbol azartlı oyundur, qəbələlilər isə təbiətən təmkinli, sakit, hardasa soyuq adamlar olduğundan bölgədə futbolun maraq oyatması müşkül görünürdü. Lakin burda uşaqlar üçün futbol akademiyasının yaradılması, qurulan infrastruktur göstərdi ki, hər halda mümkündür. Akademiyada uşaqların qəbulu zamanı məhz yerlilərə üstünlük verilməsi, rayon və kənd məktəblərində futbolun təbliği, axır ki, nəyəsə gətirib çıxartdı. Məktəblilər, yeniyetmələr, gənclər bölgədəki futbol həyatının, ümumilikdə, idmanın içinə girə bildilər və bu, müəyyən mənada onların həyat tərzinə çevrildi - ya iştirakçı, ya da tamaşaçı qismində. Bəs bu həyat tərzində niyə teatr olmasın, niyə bədii ədəbiyyat ağzıbağlı qalsın, niyə, düşüncə, təxəyyül, dünyagörüş mədəni çevrəsini genişləndirməsin? Axı zaman göstərir ki, top qovmağın özü üçün də tək güclü ayaqlar deyil, parlaq zəka, savad, məntiq, dünyagörüş lazımdır. Birtərəfli inkişaf heç vaxt dolğun nəticə verə bilməz. Başqa bölgələrlə işim yoxdur, amma Qəbələ ki bunu edə bilər.
Bölgələrdəki gənclərin zəkalı, savadlı, ölkəsinə yararlı vətəndaş kimi böyüməsi də “Bilik” fondunun hədəfidir. Paytaxtda cəmləşən ziyalıların bölgələrə “cihad”ının başında dayanan Kamal Abdullanın niyyəti də məhz budur. Prosesin iştirakçıları isə biz hamımız - xalqın gələcəyinə biganə qalmayan hər bir Azərbaycan vətəndaşı. Odur ki, qapılarınızı biliyə, savada, ziyalılara həmişə açıq və gəlişimizə hazır saxlayın, əziz bölgədəkilər!