filologiya üzrə elmlər doktoru, professor
Mirzə İbrahimov görkəmli yazıçı, ictimai-siyasi xadim kimi Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində həmişə yaşayacaq. Onun insanlara münasibətində, qayğısında və xeyirxahlığında bir səmimilik, sadəlik olub. Bu xeyirxahlığı, qayğını görənlərdən biri də Rövşən Novruzoğludur. Rövşən Novruzoğlu – gənc Rövşən Cənubi Azərbaycan Radiosunda Aqşin Babayevin yanında jurnalist kimi işləyirmiş. O vaxt Mirzə İbrahimov SSRİ- nin Afrika və Asiya ölkələri üzrə komitəsinin sədri imiş. Mirzə müəllimin səfərləri o qədər çox olurmuş ki, o, jurnalistlərə vaxt ayıra bilmirmiş. Jurnalistlər ona sual verib nəyisə öyrənə bilmirlərmiş. Daha doğrusu, jurnalistlər ondan heç cür müsahibə ala bilmirlərmiş. Günlərin birində Aqşin Babayev Rövşən Novruzoğluna deyir:
- Əgər sən Mirzə müəllimlə görüşüb ondan müsahibə ala bilsən, sənə mükafat yazacağıq və (o vaxt əlavə 13-cü ay maaşı varmış) 13-cü maaş verəcəyik.
Beləliklə, Aqşin müəllim Mirzə İbrahimovun ev telefonunu Rövşən Novruzoğluna verir. Rövşən Novruzoğlu fikirləşir ki, necə etsin, nə cür etsin ki, Mirzə müəllimlə görüşə bilsin. Nəhayət, Rövşən Novruzoğlu günlərin birində səhər tezdən (saat 9:00-da) Mirzə İbrahimova zəng edir. Təsadüfən iş elə gətirir ki, telefonun dəstəyini Mirzə müəllimin özü götürür. Salam-kalamdan sonra Rövşən Novruzoğlu Mirzə müəllimin xoş damarına düşür. Mirzə müəllimin dilini tapır. Rövşən Novruzoğlu ona deyir:
- Evə kəndindən (Cənubi Azərbaycanda Mirzə İbrahimovun anadan olduğu kənd) məktublar yazırlar və deyirlər ki, Mirzə müəllimin səsini eşitmək istəyirik.
Bu fikir Mirzə müəllimi tutur. Yeri gəlmişkən, Rövşən Novruzoğlu nə dediyini yaxşı bilir. Bilir ki, Mirzə müəllimi bu yolla ələ almaq olar. Yazıçı səhərisi gün saat 9:00-da onu gözləyəcəyini deyir. Rövşən Novruzoğlu əhəmiyyət vermir ki, Mirzə müəllim onu harada gözləyəcək. Səhəri gün onun görüşünə gedəndə yadına düşür ki, bəs onlar harada görüşəcəklər?! Birtəhər öyrənir ki, Mirzə İbrahimov səhər tezdən görüşəndə öz evində görüşür. Və Rövşən Novruzoğlu Mirzə müəllimgilə gedir. Yazıçı onu qəbul edir. Sonra soruşur:
- Ay oğul, harada işləyirsən?
- Cənubi Azərbaycan Radiosunda Aqşin Babayevin yanında.
Mirzə müəllim görür ki, Rövşən çox diribaş, vətənpərvər oğlandır. Elə həmin gündən yazıçının, necə deyərlər, quşu Rövşənə qonur. Rövşənə geniş bir müsahibə verir. Onların arasında səmimiyyət yaranır. Bir müddətdən sonra Mirzə müəllim Rövşəni mətbuat katibi kimi öz yanında işə götürür. Və bu da Mirzə İbrahimovun jurnalistlərə müsahibə verməsi işini də asanlaşdırır.
Rövşən Novruzoğlu tez-tez Mirzə müəllimin maddi cəhətdən qayğısını da görür. Adətən belə qayğını Mirzə İbrahimov o vaxt gənclərə edərmiş. İş elə gətirir ki, bu qismət Rövşən Novruzoğluna da nəsib olur. Günlərin birində o, Mirzə müəllimin evinə gəlir. Əynindəki pencəyini soyunub asılqandan asır. Çay-çörək yedikdən sonra təbii ki, getməli olur. Pencəyini əyninə geydikdən sonra yolda əlini cibinə salanda görür ki, orda nəsə var. Hiss edir ki, puldur. Elə bilir ki, kimsə çaşıb qoyub. Geri qayıdıb bunu demək istəyir. Ancaq həyətdə Mirzə müəllimi yaxşı tanıyan ağsaqqal bir kişi Rövşən Novruzoğlunu görüb deyir:
- Bala, sən indi Mirzə müəllimin yanından çıxdın. Nə tez geri qayıtdın.
Rövşən Novruzoğlu:
- Dayı, Mirzə müəllimə sözüm var...
Ağsaqqal deyir:
- Bala, mən bilirəm niyə qayıdırsan. Qayıtmaq lazım deyil. Mirzə müəllimin özü hər şeyi yaxşı bilir. O kişi ilə görüşməyə ehtiyac yoxdur.
Ağsaqqal bilirmiş ki, Mirzə müəllim evinə gələn gənclərə belə qayğını heç zaman əsirgəmir. Mütləq onları yedirib-içirdir, ciblərinə hansı yollasa pul qoyur. Onların ehtiyaclarını az da olsa, ödəmək istəyir. Və belə hadisələr tez-tez təkrar olunduğundan ağsaqqal bilir ki, Rövşən Novruzoğlu niyə tez bir vaxtda geri qayıtdı.
Beləliklə, Mirzə İbrahimovun qayğısını görənlər onu unutmur və yəqin unutmayacaqlar da…