Modern.az

Azərbaycandan gedən “ruh axını” - “Minilliyin adamı”, hərbi marşın bəstəçisi, “dünya kraliçası”...

Azərbaycandan gedən “ruh axını” - “Minilliyin adamı”, hərbi marşın bəstəçisi, “dünya kraliçası”...

24 Sentyabr 2014, 11:49


Müstəqillik illərinin Azərbaycanı təkcə elm xadimlərinin ölkəni tərk etməsi ilə “beyin axını”na məruz qalmadı. Həm də mədəniyyət xadimlərinin ölkədən uzaqlaşması ilə “ruh axını” təhlükəsi yaşadı. Modern.az saytı qürbətdə yaşayıb-yaradan mədəniyyət xadimlərinin bir neçəsini sizlərə təqdim edir:

Cavanşir Quliyev

Azərbaycan musiqisində özünəməxsus dəst xətti olan, milli marşımıızn müəllifi bəstəkar Cavanşir Quliyev 2000-ci illərin əvvəllərində ölkəni tərk edib. O, 2005-ci ildən Şimali Kipr Türk Respublikasındakı Ya­kın Do­ğu Uni­ver­si­te­ti­nin səhnə sənətləri fakültəsində dərs deyir. Bəstəkarın dünyagörüşündə türk dünyasına məhəbbət, turançılıq ideologiyası güclü olduğundan o, özünü heç də qürbətdə hiss etmir.

Sakit Məmmədov

Azərbaycanla gəliş-gedişi qalsa da, daha çox qonşu Rusiya və Türkiyədə çalışan dünya şöhrətli rəssam Sakit Məmmədov kənarda ölkəmizi təmsil edir. O, Rusiyanın “Min illiyin adamı” medalına layiq görülən yeganə azərbaycanlıdır. UNESCO Rəssamlar İttifaqının üzvü olan rəssam həm də dünyada nüfuza malik olan Rusiya Rəssamlıq akademiyasının da üzvü seçilib. Qeyd edək ki, həmin akademiyanın 1757-ci ildən bu günə qədər yalnız 112 üzvü var.

Əzizə Mustafazadə

1969-cu ildə Bakıda məşhur cazmen Vaqif Mustafazadənin ailəsində dünyaya gələn Əzizə Mustafazadə hazırda anası Eliza xanımla birgə Almaniyada yaşayır. “Dünya caz kraliçası” musiqilərində atasının qoyduğu cığırla, yəni cazla muğamı birləşdirməklə uğur qazanıb. Bu fərqli ifa səbəbindən Əzizə Mustafazadə həm Amerika, həm də Avropada sevilir.

Fərəc Qarayev

Bəstəkarın Qarayev soyadı elə onun ilk “pasport”udur. Dünya səviyyəli bəstəkar Qara Qarayevin oğlu olan Fərəc gənc yaşlarından atasından musiqinin sirlərini öyrənib. Konservatoriyada da atasının sinfini bitirib. Elə bitirən ildən (1966) də Аzərbаycаn Kоnsеrvаtоriyаsındа dərs dеməyə bаşlаyıb. 1991-ci ildən fаsilələrlə Bаkı və Mоskvаdа yаşаyır. 1999-cu ildən Mоskvа Kоnsеrvаtоriyаsının nəzəriyyə kаfеdrаsının prоfеssоrudur. 

Teymur Rzayev  

Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların koordinatoru, tanınmış rəssam Teymur Rzayev 1959-cu ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun yaratdığı bir əsər İstanbul bələdiyyəsinin keçmiş sədri, Yeditəpə Universitetinin rektoru Bədrəddin Dalan tərəfindən böyük rəğbətlə qarşılanıb. 1993-cü ildən T. Rzayev Bədrəddin Dalan tərəfindən İstanbula dəvət edilib. 1994-2006-cı ilədək İstək Kamal Atatürk Gözəl Sənətlər Liseyinin rəsm bölümündə çalışıb. 2005-ci ildə Türkiyə Ulusal Komitəsi Rəsm Bölümünün üzvüdür. 2006-cı ildən etibarən Yeditəpə Universiteti gözəl sənətlər fakültəsində müəllim kimi fəaliyyət göstərir. 

Cahangir Novruzov

Azərbaycanın gülüş kraliçası Nəsibə Zeynalovanın oğlu, xalq artisti Cahangir Novruzovu yəqin ki, hamı tanıyır. Azərbaycanın əməkdar incəsənət xadimi olan Novruzov 1995-ci ildən qardaş Türkiyə Cümhuriyyətində dərs deyir. O, Adana şəhərinin Çukurova Universitetinin müəllimidir.

Əli Herisçi

Əslən Güney Azərbaycandan olan rəssam tanınmış alim Qafar Kəndli-Herisçinin oğlu, yazıçı Həmid Herisçinin qardaşıdır. Bakıda Mədəniyyət və İncəsənət universitetini bitirib. 1990-cı ildən isə qardaş Türkiyədə yaradıcı və pedaqoji fəaliyyətini davam etdirir. Herisçi 1992-ci ildən Qazi Universitetinin müəllimidir

Firəngiz Rəhimbəyova

“Bəxt üzüyü”nün Sedası kimi vətəndə tanınmağa başladığı vaxt ölkəni tərk etməli olub. Uzun müddətdir Amerikada yaşayan aktrisa həm müğənni, həm də aktrisa kimi fəaliyyət göstərir.

Xədicə Abbasova 

Emin Sabitoğlunun əsrarəngiz musiqilərinin əsas ilham mənbəyi olan Xədicə Abbasova  bəstəkarın ölümündən sonra musiqidən tamamilə ayrılıb. Onunla evləndikdən sonra bəstəkarın həyatı dəyişib. 1994-cü ildə isə onlar yenicə müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - Türkiyəyə çalışmağa gediblər. 
Bəstəkar 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin “Türk xalq musiqisi” şöbəsində işləyib. 
Xədicə xanım isə universitetlərin birində ingilis dili müəllimi kimi çalışıb. 2000-ci ildə bəstəkarın vəfat etməsi Xədicə Abbasovanı da tədricən musiqi aləmindən uzaq salıb. 
Emin Sabitoğlunun vəfatından bir müddət sonra Xədicə Abbasova müğənniliyi ataraq biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Bu gün artıq o, işgüzar xanım kimi fəaliyyət göstərir. 

Əlixan Səmədov

Azərbaycan Pedaqoji İnstitutunu  bitirən Əlixan Səmədov nəfəs alətlərini Türkiyədə daha da tanıdan ifaçıdır. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə  köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. “Balaban metodu” kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 

Fərhad Hüseynov

Hazırda Rusiyada yaşayan Fərhad Hüseynov “Mosfilm”in aktyorudur. Rusiyanın məşhur “Yasmin” seriyalında da çəkilib. Hüseynov vətəndə “Uzun ömrün akkordları”, Gümüşü furqon”, “Gürzə ”, “Şeytan göz qabağında” filmlərində çəkilib.

Bunlar təbii ki, xaricə  “axan yaradıcı ruhların” kiçik bir hissəsidir. Onu demək kifayətdir ki, təkcə Türkiyədə vətəndə uğur qazana bilməyib çalışan rəssamlarımızın sayı 30-dan çoxdur:

Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov, Məhəmməd Yüzbaşıyev, Məhər Bayramov, Məhəmməd Şirzad, Məzahir Ərtuğ Avşar, Məhəmməd Əliyev, Nazim Məmməd, Pərvanə Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir Mehdiyev, Sadiq Babayev, Səid Rüstəm, Sənan Eynullayev, Sərhad Rzayev, Şahin Məmmədov, Tariyel Əlizadə, Teymur Ağalıoğlu, Teymur Rzayev, Ümbülbanu Həmidova, Vahid Novruzov, Vahid Talıb, Yaşar Zeynalov, Yusif Əlizadə və Ziyad Sultanov və s.

Elmin Nuri 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi