Modern.az “Yad filmlərin doğmaları” rubrikasında bu gün bizim üçün yad olan, dünən isə “doğma” sayılan SSRİ, habelə postsovet dönəmində ölkədən kənarda çəkilən filmlərdə rol almış azərbaycanlı aktyorlardan bəhs edir. Rubrikanın növbəti qonağı Azərbaycan kinosunda ən çox “Nəsimi” filmindəki Fatma obrazı ilə yadda qalan əməkdar artist Xalidə Quliyevadır.
O, uzun müddət kinodan, ümumiyyətlə sənətdən kənarda qalsa da, sonra yenidən əvvəlki aktivliyinə qayıtmağı bacarır. Dublyaj redaksiyalarında və qısa metrajlı filmlərə dəvət alır. Elə o zaman Bakıda olan İran rejissoru Həsən Nəcəfi tərəfindən filmə dəvət olunur. İlk olaraq “İtkin pay” filmində iştirak edən aktrisa baş rolu ifa edir.
Canlandırdığı personaj bütün həyatını övladlarına həsr edən, həddi buluğa çatandan sonra belə onlardan daim narahat olan simvolik bir ana obrazı olur. Aktyorluq məharəti çəkiliş qrupunun zövqünə oxşadığından o, həmən sonra ikinci filmə, yenə də baş rola dəvət alır. Həmin filmdə tərəf müqabili İranın tanınmış aktyoru Məhəmməd Kasibi olub. Övladları rolunda isə Azərbaycandan Qurban Məsimov və Zülfiyyə Alhüseynova çıxış edib.
Əməkdar artist Modern.az-a açıqlamasında İranda çəkildiyi filmlər barəsində maraqla danışır: Ən çox “Nəsimi” filmi ilə tamaşaçıların yaddaşında qalmasına baxmayaraq, X. Quliyeva hələ gənc yaşlarından xarici ölkələrin kino istehsalçıları tərəfindən dəvətlər alıb. Əvvəlcə Türkmənistan, sonra isə Özbəkistanda çəkilir. İranda çəkilməsi isə uzun zamandan sonra baş tutur. Sənətdən nisbətən uzaqlaşan aktrisa yenidən çəkiliş meydançalarına qayıdanda İran rejissorunun diqqətini cəlb edir:
“Gənc yaşlarımda Türkmənistanda olmuşam. Özbəkistandan da filmə dəvət almışam. Ən son 2007 və 2009-cu ildə İranda çəkilməyə dəvət olundum. Çəkildiyim “İtkin pay” filmi idi. 2007-ci ildə “Lider” kanalında dublyaj redaksiyasında çalışırdım. Həmin ildə Çingiz Rəsulzadənin “Kuklalar” filminə dəvət almışdım. Paralel olaraq Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filminə də çəkilirdim. Mənə dedilər ki, İrandan Həsən Nəcəfi adlı rejissor gəlib, aktrisa axtarır. Ona ana obrazını canlandıracaq aktrisa lazım idi. Onun oğlanları və gəlini də var ki, burada ana daim onlar üçün narahat olan bir varlıqdır. Bu filmdə ananın oğlunun uşağı olmur. O hər yola əl atır, gəlinini İrana, ziyarətə aparır. Axırda uşaq dünyaya gəlir, ancaq xəstə olur. Yenə İrana aparırlar ki, Allah kömək edər. Uşaqdan əlləri üzülsə də, sonda o sağalır. Filmin çəkilişləri cəmi 26 gün davam edir. Bu qısa zamanda həm çəkiliş heyəti, həm də baş rolun ifaçısı öz işinin öhdəsindən maksimum dərəcədə gəlir. Bu uğur nəticəsində azərbaycanlı aktrisa ikinci filmə dəvət alır. Bu dəfə isə ona başqa yerli aktyorlarımız Qurban Mənsimov və Zülfiyyə Alhüseynova yardımçı olurlar. Amma əsas tərəf müqabili İranın ən sanballı aktyorlarından olan, dünya səviyyəli rejissor Məcidinin filmlərində əsas rolları oynayan Məhəmməd Kasibi olur:
“Film çox müvəffəqiyyətli oldu. İranda film çəkmək maliyyə cəhətdən də sərfəlidir. Ondan sonra Həsən Nəcəfi yenə bir ssenari yazdı və orada da ana obrazı idi. Yenə baş rolda odum. Filmdə adım da elə Xalidə idi. Orada da ailə problemləri var idi. Sonda yenə ana qalib gəlirdi. 2009-2010-cu illər idi. Filmin adı – “Səkkizinci göy”.
Ay yarım Məşhəd şəhərində qaldıq. Mən orada kinoya, incəsənət adamlarına nə qədər hörmət qoyulduğunun şahidi oldum. Çəkiliş zamanı insanlar çəkilişə diqqətlə və səssiz bir şəkildə baxırdılar. Çəkiliş bitdikdən sonra yaxınlaşıb diz çöküb əllərimdən öpüb keçirdilər”.
Elmin NURİ
Ulduz İBRAHİMOVA