Modern.az

Bizim Azər Sarıyev

Bizim Azər Sarıyev

25 Sentyabr 2014, 23:45

Həyatda hər birimiz o birimizə bircə yaş arzulayırıq: “Səni görüm yüz yaşayasan!”. Bu sözü deyirik, amma sonra nə qədər yalançı, qeyri-səmimi olduğumuzu, boğazdan yuxarı danışdığımızı başa düşürük, anlayırıq. Yüz yaş arzulayaq – problem yoxdur. Qarşı tərəfi deyə bilmərəm, sənin bu yaşa çatmağa qüdrətin çatacaqmı? Həmin adamın yüz yaşını görə biləcəksənmi? Bu bir əfsanədir, yaxud da ki, sadəcə olaraq əlçatmaz bir arzu. Ömrümdə yalnız atama 100 yaşı arzulamışdım. Bəlkə də 100 yaşa çatdığına görə Azərbaycanın ilk Milli Qəhrəmanı adına layiq görülən ilk Azərbaycan şairi ola bilərdi. Amma ki...

80 yaş isə gözəl yaşdır. Kifayət qədər həyatına bir qiymət veriləcək yaşdır. Dostumuz Azər Sarıyev bu yaşın yarısına - 40 yaşa çatıb. İndi evdə oturub fikirləşir. Özünə də qəribə gəlir: “40 yaşına çatdım. Nə olsun?”. Azər, heç nə olmasın. Sadəcə... Cümləmin sonunu yazımın axırında gətirəcəyəm.

İLK TANIŞLIĞIM

AzTV-də işləyirdim. Mərkəzi Seçki Komissiyasına çəkilişə göndərdilər. Zala daxil oldum. Yanımda qarayanız, çatmaqaş, gülərüz biri oturdu. Kimsəylə ünsiyyət qurmaqda heç bir problemim olmayan mən, onu jurnalist həmkarlarımdan biri kimi qəbul elədim. Adətimcə iclasdakılardan biri haqqında söz, daha doğrusu “prikol” dedim. O, ikisini gətirdi. Bir azdan o birinə “ilişdim”, yanımda oturan ikisini gətirdi. Beləcə iclasın sonunacan darıxmadım. Sonda soruşdum ki, sən kimsən? Dedi ki, Arif müəllim təqaüdə çıxdı, mən MSK-nın yeni mətbuat katibiyəm. Adım da Azərdir. Azər Sarıyevlə ilk tanışlığım belə başlandı.

4-cü HAKİMİYYƏT

Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Burda bir yanlışlıq var. Niyə? İzahını verim. Mənim sözümü doğru və ya yalan çıxarmaq üçün zəng edin hər hansı nazirliyin rayon şöbəsinə. Yaxud da poçt şöbəsinə. Yaxud da torpaq şöbəsinə. Ya da ki, ekologiya idarəsinə, yol idarəsinə, nəqliyyat idarəsinə və sairə, ilaxır. Lap rayon mədəniyyət idarəsinə. Heç nə soruşmayın. Bircə onu soruşun ki, “mən jurnalistəm. Məlumat almaq istəyirəm. Sizin adınız, familiyanız nədir?”. Bilirsinizmi nə cavab verəcəklər? Deyəcəklər ki, “siz nazirliyin mətbuat xidmətiylə əlaqə saxlayın. Sizə orda bu barədə müfəssəl və səhih məlumat verərlər”. Deməli nazirliklərin mətbuat xidmətləri az qala nazirlərdən sonra ikinci həlledici bir postdur. Nazirliyin eşidən qulağı, danışan dilidir. Bəlkə də dördüncü yox, ikinci hakimiyyətdir. Azər Sarıyev də MSK-nın danışan dili olub. Bir mətbuat orqanı, televiziya, radio, yaxud da sayt deyə bilməz ki, Azər onun telefonuna cavab verməyib, sözünü, sualını, sorğusunu MSK-nın sədri Məzahir Pənahova və digər idarəedici orqanlara çatdırmayıb, yaxud da ki, onları cavab intizarında süründürüb. Azərbaycanda dörd-beş nümunəvi mətbuat katibi vardısa, onlardan biri də bizim Azər Sarıyev idi.

NÖVBƏTİ TANIŞLIQ

İllər ötdü. Mən AzTV-dən çıxdım. Əlaqələr kəsildi. Azərlə növbəti tanışlığımız “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini İbrahim Ömərov vasitəsilə davam elədi. Çay süfrəsi, yemək-içmək süfrəsi arxasında Azərlə daha da yaxınlaşdıq, doğmalaşdıq. Mən Azərdən mətbuat katibi, yaxud da bir dost kimi başqa münasibət də gözləmirdim. Bir tərəfdən müdiri Məzahir Pənahov idi. O Məzahir Pənahov ki, atam Qabilə xüsusi hörmət və ehtiramı vardı. Bir tərəfdən isə dostum İbrahim Ömərov hər adama dost deməzdi. Onun dilində dost sözü bir etalon, qiymətləndirmə meyarı idi.


“Ərmən – Şuşanikin sevgisi”

Günlərin bir günü, daha doğrusu 2014-cü ilin yanvarında “Ərmən – Şuşanikin sevgisi” adlı kitabım çıxdı. Saytlarda xəbər getməmiş Azər zəng etdi. Təbriklərini çatdırdı. Axşam professor Məsiağa Məhəmmədi, şair Səlim Babullaoğlu, İbrahim Ömərov, bacanağım Rəfael, dostum Eldəniz Elgünün də dəvətli olduğu məclisə onu da çağırdım. Vaxtında gəldi. Sevincindən uçmağa qanadı yox idi. Sanki öz kitabı çapdan çıxmışdı.

Ertəsi gün zəng elədi:

- Mahir, Məzahir müəllimə də dedim kitabının çıxmağını. Sabah səni gözləyir.

Ertəsi gün qar yağmışdı. Yollar da ki, buz bağlamışdı. Bir təhər gəlib çıxdım MSK-ya. İki kitab gətirmişdim. Bir az otağında əyləşdikdən sonra Məzahir müəllim qəbul elədi. Yazılarımda qaldırdığım erməni məsələsiylə bağlı özəl fikirlərini bildirdi. Kitabımı da oxuyacağını söylədi. Birdən Məzahir müəllim Azərdən soruşdu:

- Azər, şairə dedinmi kitabı?

- Dedim, Məzahir müəllim.

Yanından çıxıb yenidən Azərin otağına gəldik. Müəmma dolu bir sual verdim:

- Azər, Məzahir müəllim dedi ki, kitabı oxuyacaq. Düz dedi, yoxsa mədəniyyət xatirinə?

- Mahir, sən Məzahir müəllimi tanımırsan. Xaricə səfərləri zamanı özüylə yalnız Azərbaycan yazıçılarının kitablarını götürür, oxuyur. O bayaq dediyi kitab ki, var... təyyarədə uçarkən itirib. Yarımçıq oxuyub. Onu deyirdi ki, kitabı tapıb gətirim.

Düzü Azərə paxıllığım tutdu. Bu cür müdirə mətbuat katibliyi eləməyə nə var ki?.. Ertəsi gün yenə zəng etdi. Daha beş kitab istədi. Sanki öz kitabı kimi təbliğat və reklamımla məşğul idi.

EVDAR KİŞİ

Günlərin bir günü zəng elədi ki, “neyləyirsən, nə işlə məşğulsan?”. Dedim ki, “Heç nə. Evdar kişiyəm”. Güldü. Dedi ki, “elə mən də evdar kişiyəm”.
Burda bir haşiyə çıxım:

Haşiyə: AzTV-də işləyirdim. Adını çəkmək istəmədiyim həmkarlarımdan biriylə söhbət zamanı dedi ki, “bəs mənim AzTV-də nə itim azmışdı. Mən indi Azərtac-ın Türkiyədəki xüsusi müxbiriydim. Bir nəfər vardı. Atası güclü çıxdı. Girdi kiminsə yanına. Öz oğlunu soxdu araya”. (İndi həmin müxbir səfirdir). Mən onda anlamırdım ki, bu böyük vəzifədir, yoxsa kiçik. Amma demə böyük vəzifəymiş. Bizim Azər Sarıyevi də illər sonra bu vəzifəyə layiq gördülər. Sevinmişdim. Türkiyəyə gedəndə lövbər salmağa bir limanımız vardı. Amma imtina etdi. Lap Azərcəsinə, uşaqlarının təhsili xatirinə. Elə-belə, səmimi, gülə-gülə. SON.

İndi mən deyəndə ki, evdar kişiyəm, o da mən soruşanda bu sözü təkrar edir. İki dost cəmiyyətdə bir tarazlıq yaratmışıq. Ekvatorda lövbər salmışıq.

40 YAŞLI AZƏR SARIYEV

Bizim Azər 40 yaşına çatdı. Gözəl yaşdı. Bu yaşda yalnız bir qazanc ola bilər. O da “BİZİM” sözüdür. Əgər mən, Eldəniz, yaxud digər dostlarımız deyirsə ki, “Bizim Azər – Bizim Azər Sarıyev” – bundan gözəl qazanc ola bilməz. Qayıdım yazımın əvvəlinə. Yarımçıq qalan abzasımı tamamlayım.

80 yaş isə gözəl yaşdır. Kifayət qədər həyatına bir qiymət veriləcək yaşdır. Dostumuz Azər Sarıyev bu yaşın yarısına - 40 yaşa çatıb. İndi evdə oturub fikirləşir. Özünə də qəribə gəlir: “40 yaşına çatdım. Nə olsun?”. Azər, heç nə olmasın. Sadəcə, telefonu əlinə götür, dostlara zəng elə, başına yığ. Ürəyimizdə olanları üzünə dəyək. Sağlığına da yüz-yüz vuraq. Vəssalam- şüttəmam.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi