Modern.az

İstefada olan admiral: “Türkiyəni etnik və məzhəb qarşıdurması ilə bölmək istəyirlər, imperializmin planında Azərbaycan da var” - MÜSAHİBƏ

İstefada olan admiral: “Türkiyəni etnik və məzhəb qarşıdurması ilə bölmək istəyirlər, imperializmin planında Azərbaycan da var” - MÜSAHİBƏ

Ölkə

26 Sentyabr 2014, 11:40

Modern.az saytı keçmiş admiral, hazırda CHP üzvü olan siyasətçi Türker Ertürkün müsahibəsini təqdim edir:


- Son prezident seçkilərində müxalifətin ortaq namizədi uğursuzluğa düçar oldu. Sizcə ortaq adayla seçkilərə qatılmaq doğru qərar idimi?


- Ortaq namizəd əslində yaxşı fikir idi. Amma təəssüf ki, istənilən qaydada tətbiq olunmadı. Çünki bu ortaq namizəd ilə Türkiyədəki milliyətçilərin, Atatürkçülərin seçimi qalmadı. Bu bir ABŞ əməliyyatı idi. Vacib olan Türkiyəni seçimsiz qoymaq idi. Bir seçim şansınız var, bir də siyasi-islamçı. Demək istəyirlər ki, hansına səs verirsən, ver. Hər iki halda Amerika qazanır. Ona görə də bunu ABŞ-ın planı olaraq dəyərləndirirəm. Bu coğrafiyada Türkiyəyi dünyəvi nizamdan, mülayim islam-nizamına, siyasi-islam sisteminə doğru dəyişdirmək istəyirlər. Bugünkü Yaxın Şərq planı Afrikanın ən Qərbindən başlayır, Xəzərə qədər davam edir. Bunun içində Azərbaycan, İran, Əfqanıstan da var. Oman körfəzinə qədər geniş bir coğrafiyanın xəritəsini ABŞ yenidən çəkmək istəyir. İranı bölmək istəyirlər. İran məsələsində Türkiyədən istifadə etməyi düşünürlər. Yəni bir çox planları var. Bu planlarda baş rol Türkiyə Cumhuriyyətinə verilib. Bu coğrafiyada Türkiyə Cumhuriyyətini ələ keçirmədən əməliyyatlar keçirə bilməzsiniz. Ələ keçirmənin adı isə AKP-dir. Amma Türkiyə böyük ölkədir. Dünyanın 3 vacib nöqtəsinin tam ortası Balkanlar, Qafqaz və Yaxın Şərqin mərkəzində yerləşən bir ölkədə AKP və Ərdoğan bəs eləmədiyi üçün orduya qarşı əməliyyatlar keçirildi. Bunun adı Ergenekon və Balyozdu. Çünki açılımların həyata keçirilməsi lazım idi. Açılımların qarşısında ən başda hərbçilər dururdu. Bürokratiya vardı. Milli olan media vardı. Mediaya qarşı əməliyyat keçirildi və istiqaməti dəyişdirildi. Təbii ki, bu açılımların qarşısında, Yaxın Şərq planının qarşısında xalqı uyandıra biləcək vacib bir təşkilat var idi. O da CHP idi. Kuvayi-Milliye ruhundan gəlirdi. Atatürkün qurucusu olduğu partiya idi. Bu partiyanın istiqamətini dəyişdirmək qərarını verdilər. Bunun üçündə əməliyyat keçirildi və Kılıçdaroğlu sədr seçildi. Kılıçdaroğlunun sədrliyini hesablayarkən, Baykal gedərsə getsin, yerinə kim gəlirsə gəlsin demədilər. Gələcəklə bağlı da planlar qurdular. Bunun adı isə Kılıçdaroğlu idi. Kılıçdaroğlu nə deyir?! “Mən Dersimli Kamal”. Hal-hazırda o bölgənin adı Tuncelidir. Dersim ilə Tunceli arasında bir fərq var. Orda əvvəllər feodal sistem hakim idi. Atatürk zamanında o bölgədə inqilabi yeniliklər həyata keçirildi. Yəni o bölgənin adına Tunceli demək inqilabi yeniliklərə bağlı, Atatürkə bağlı insan olmaqdı. Dersim deyən insan isə inqilabi yeniliklərə travmalıdır. Kılıçdaroğlu Cumhuriyyətdən intiqam almağa çalışır. Sonuncu partiya məclisində Bekaroğlunu üzv qəbul etdi. Bekaroğlu Atatürkə “kefere Kamal” deyən, Atatürkün inqilablarına qarşı çıxan və eyni zamanda mikro milliyətçilik, lazcılıq edən birisidir. Bu ölkənin hakim ünsürü Türklərdir. Bu torpaqların qurucusu, min ildir idarə edəni Türklərdir. Təbii ki, bölgəmizdə türk olmayan bəzi azsaylı etnik qruplar da var. Ancaq Atatürk cumhuriyyəti qurarkən Türkiyəyi quran Türkiyə xalqına türk milləti deyilir, demişdi. Atatürkün milliyətçiliyində, türk anlayışında həqiqətəndə türk olmaq vacib deyil. Kim özünü türk olaraq hiss edirsə, o türkdür, deyir. Bugün bu ideologiyanın müdafiəçisi mövqeyində olan CHP, Kamal Kılıçdaroğlu idarəsi altında Atatürk ideologiyasına düşmən kəsilib. Bekaroğlu buna misaldı. Partiya daxilində bu cür saya biləcəyim, camaata yaxınlığı ilə tanınan, ikinci cumhuriyyətçi, “Soros”çu bir çoxları var. Qısacası, onu demək istəyirəm ki, imperializm Türkiyə Cumhuriyyətinə qarşı əməliyyat keçirib. CHP-yə qarşı keçirilmiş əməliyyat onu YCHP etdi. Türk xalqına Rəcəp Tayyib Ərdoğana alternativ namizəd göztərilməsinə imkan verilmədi. Bunun nəticəsində 15 milyon insan etiraz edib, seçimə getmədi. Təəssüf ki, bugün Türkiyə bölünmə mərhələsində olmaqla yanaşı, orta əsrlərin qaranlıqlarına doğru aparılır.

- CHP-nin son qurultayında Kamal Kılıçdaroğlu yenidən sədr seçildi. Bu, digər millət vəkillərinə qarşı da hansısa əməliyyatın keçirildiyini göstərməzmi?

-
Hamımız insanıq. Hər kəsin bir zəifi var. 2015-ci ildə seçkilər var. Əgər bu gedişatı bəyənmirsənsə, Kılıçdaroğlunu lazımınca dəstəkləmirsənsə, açıq şəkildə ona qarşı çıxırsansa,  2015-ci il seçkilərində namizəd göstərilmərsən. Demək istədiyim, bu gün CHP-də qorxu imperatorluğu var. İnsanları bununla qorxudurlar. Kılıçdaroğlu yenidən sədr seçilməsi üçün nümayəndələrin yazılı şəkildə dəstəyini aldı. Ancaq qurultayda hamısı Kılıçdaroğluna səs vermədi. Məsələn, elə insanlar var ki, Kadıköydən özünə kiçik bir dükan alıb, qazanc əldə edir. Kılıçdaroğluna qarşı gəlsə, o dükkanı əlindən çıxar, pulunu itirər. Övladını Kadıköy bələdiyyəsində işə düzəldibsə, işindən azad edərlər. Yəni insanları ekonomik olaraq, qorxudaraq tərbiyə edirlər. Ona görə millət vəkilləri etiraz etmir deyə, düşünülməsi məncə düzgün olmazdı. Son qurultayda 3 nümayəndədən 2-si Kılıçdaroğluna səs verərkən, 1-i İncəyə verdi. Bu da etirazın bir nümunəsidir. Əgər CHP bu heyətlə 2015-ci il seçimlərinə gedərsə, üçüncü partiya olaraq seçkilərdən çıxa bilər. MHP isə ikinci partiya olar.

- “Kürd açılımı” məsələsində nə düşünürsünüz?

-
Bu açılım məsələsi Türkiyənin gerçəklərindən qaynaqlanmır. İmperializmin bir planı olduğuna inanıram. Çünki İmperializm Yaxın Şərq planını həyata keçirməklə yanaşı, bu bölgədə ikinci bir İsrail olacaq kürd dövlətini qurmaq istəyir. Bugün kürdlər İranda, İraqda, Suriyada, Türkiyədə yaşayırlar. Bu ölkələrdəki kürdləri birləşdirərək, yuxarıda adını çəkdiyim dövlətləri parçalamaq istəyirlər. Düzdür, Türkiyədə inkişaf problemi var. Ancaq inkişaf etməmiş bölgələr kürdlərin yaşadıqları yerlər deyil. Mən Trabzonluyam. Mənim bölgəm də kifayət qədər inkişaf etməyib. Türkiyənin Cənub-şərqinə də gedin, Qara dəniz ətrafı şəhərlərə də. Cənub-şərqin yollarının daha yaxşı vəziyyətdə olduğunu görəcəksiniz. Bugün Türkiyədə bir kürd prezident, baş nazir, müdafiə naziri ola bilirsə, o zaman kürdlərə qarşı hansısa bir ayrı-seçkiliyin olduğunu demək düzgün deyil.  İmperializmin bu bölgədəki planlarından biri də respublika tipli dövlətlərə son verməkdir. Heç bir dövlətdə, istər İngiltərə, istər Fransa olsun, tamamilə ingilislərdən və fransızlardan ibarət deyil. Min ildir bu torpaqların adı türkdür. 1200-1300-cü illərdə avropalılar xəritədə bu coğrafiyanın adını Osmanlı deyə deyil, “Turkish Empires” olaraq yazmışdılar. Ona görə də mən bu cür açılımlara qarşıyam. Açılımların Türkiyəyi addım-addım bölünməyə apardığına inanıram. Amma AKP-nin HDP-nin yanında olduğu açılımlarla bu işin olmayacağını başa düşdülər, CHP-yə qarşı da əməliyyat keçirdilər. Sizi əmin edirəm ki, açılımları müdafiə edən AKP, YCHP, HDP-dən fərqli olaraq, 2015-ci il seçkilərində MHP-nin, HEPAR-ın səs faizləri artacaq.

- YCHP-də milliyətçilər də bu açılıma qarşı çıxmadı…

-
Qarşı çıxacaq gücləri yox idi.

- Muharrem İnce, Emine Ülker Tarhan qarşı çıxa bilməzdilərmi?

-
Tarhan qarşı çıxmağa çalışdı. Mən onunla yaxından əməkdaşlıq etdiyim üçün bunu bilirəm. Ancaq uğurlu ola bilmədi.

- Həbsdən çıxan hərbçilər azadlığa buraxılanda demək olar ki, hamısı sona qədər mübarizə aparacaqları ilə bağlı fikirlər səsləndirdilər. Ancaq hələ də mübarizə meydanında görünmürlər…

-
Mən 2010-cu ildə istefa etdim. Hərbi Dəniz Qüvvələri məktəbinin rəisi idim. 4 ildir ki, mübarizə aparıram. 177 yerdə konfransda panelə qatıldım. Dünaynın ətrafı 40 min km-dir. Mən isə 55 min km məsafə qət etmişəm. ABŞ-a, Pensilvaniyaya 2 dəfə getdim. Avropanın hər yerində olmuşam. Türkün yaşadığı istənilən ölkəyə getməyə çalışıram. Düzdür, hələ Azərbaycana çağırmayıblar. Türkiyədə kəndləri, şəhərləri gəzmişəm. Mən getdiyim yerlərdə Atatürkü, bölünməz bütövlüyü, Türk dünyasını başa salmağa çalışıram. Ergenekon, Balyoz əməliyyatlarını, bölgənin geopolitik əhəmiyyəti barədə danışıram. Bugün içəridən çıxanlar lazımi qədər mübarizə aparırlarmı, bunun dəyərləndirməsini də sizin öhdənizə buraxıram. Amma bir də bu var ki, siz mübarizə apardığınız zaman çoxlu hücumlara məruz qalırsınız. Hər kəs də buna tab gətirə bilmir.

- Məlum həbslərdən sonra bugünkü TSK-nın (Türkiyə Silahlı Qüvvvələri) vəziyyətini necə qiymətləndirirsiniz?

-
TSK bölgənin ən güclü silahlı qüvvələrindən idi. Hətta Hərbi Dəniz Qüvvələri min illik tarixi ərzində ən yaxşı vəziyyətə gəlmişdi. Qara dənizdə Türk dəniz qüvvələrindən daha güclüsü yox idi. Hətta Rusiyadan da. 2007-ci ildən əvvəl belə idi. Mən 2006-2008-ci illərdə Qara dəniz bölgə komandanı idim. Yəni Qara dənizin ən böyük komandanı. Əmrimdə rus və ukraynalı hərbçilər də xidmət edirdi. Biz orda Qara dənizin təhlükəsizliyi ilə bağlı bir sıra layihələr hazırlamışdıq. Ancaq NATO, ABŞ bu vəziyyətdən narazı idi. Orda rus bayrağının dalğalanmasını görmək istəmədikləri üçün bizə hücum etdilər. Bugün TSK-nın mənəvi motivasiyası yaxşı deyil. Müharibə əzmi və idarəsi ürəkaçan deyil. Düzdür, yenə eyni silahlara sahibik. Lakin silaha gerçək dəyərini verən Atatürkün sözü ilə desək, onu idarə edən zabit heyətidir. Təəssüf ki, zabit heyətinin mənəvi durumu yaxşı deyil, alt-üst münasibətlərdə güvən, sevgi əlaqələri yox olub. Bütün bunlar da Fətullah Gülənin başında olduğu əməliyyatlar nəticəsində baş verdi.

- Siz hər zaman “F” tipli təşkilat deyirsiniz. Fəttulah Gülənlə Ərdoğan üz-üzə gəldikdə seçimlərdə Ərdoğanın məğlub olacağını proqnozlaşdırmışdılar. Səbəb isə Gülənin Türkiyədə 20 milyon tərəfdarı olması göstərilirdi…

-
Bu statiska uydurmadı. Gülənin o qədər də güclü dəstəyi yoxdu. Onun ən böyük gücü puldan və CİA-dan qaynaqlanır. Fətullah Gülənin bütün məktəbləri missioner məktəbləridir. 18-19-cu əsrlərdə Afrikada, Osmanlıda, Yaxın Şərqdə xristianların missioner məktəbləri vardı. Bu da onu kimidir. O zaman müsəlmanları xristian etməyə çalışırdılar. Amma bunda uğurlu ola bilmədilər. Gülən məktəblərində isə bizi xristian etmək istəmirlər. Müsəlman olaraq qalsaq da, imperializmə uyğunlaşmağımıza çalışırlar. Baş qaldıracaq enerjimizi içimizdən alırlar. Gülənin məktəblərində təhsil dili türkcə deyil, ingiliscədir. Xalqı aldadırlar. Fətullah Gülən imperializmin bu bölgədəki bir fiqurudur. Əsasən bütün siyasi-islamçı hərəkatlar, Həmas, İxvan və s. hamısı imperializmin kuklalarıdırlar.

- Davutoğlunun baş nazir olması Türkiyə siyasətində nə kimi dəyişikliklərlə özünü göstərəcək?

-
Heç bir dəyişiklik olmayacaq. Davutoğlu bu vəzifəyə gəlmək üçün əvvəlcədən imperializmə mesaj vermişdi. Bunu “Stratejik Derinlik” kitabı ilə bacarmışdı. Həmin kitabında Yaxın Şərq planının tərəfdarı olduğunu və dəstək verə biləcəklərini qeyd edib. Bunları həyata keçirəcəyini yazdığı üçün xarici işlər naziri qoydular. Həmin vəzifədə eyni siyasəti yaxşı şəkildə icra etdiyi üçün baş nazir oldu. Türkiyənin xarici siyasətində də heç bir dəyişiklik olmayacaq.

Türkiyə hər zaman Ermənistanla sərhədlərin açılmasının Qarabağ münaqişəsinin həllindən asılı olduğunu deyir. Ancaq ermənilər Gürcüstan sərhədi vasitəsilə çox rahatlıqla Türkiyəyə keçirlər…

Türkiyədə çoxlu sayda işləməyə gələn ermənilər var. Azərbaycanın reaksiya verməyəcəyini bilsələr, sərhədi açarlar. Burda qorxu Azərbaycan xalqının reaksiyasındandır. Əgər Azərbaycan xalqı etiraz edərsə, onda Türkiyədə də etiraz başlayar. Bu da bir Türk həmrəyliyi deməkdir. Əslində qəlbən sərhədi açmaq istəyirlər.

- AKP daxilində parçalanma olduğu deyilir…

- Abdulla Gül səbəbindən narahatçılıq olduğu doğrudur. Ancaq Tayyib Ərdoğanın xarizması, liderlik qabiliyyəti ilə vəziyyəti qoruyub, saxlaya bilirlər. Eyni zamanda AKP-nin daxilində baş verən rüşvət məsələlərindən narazı olan bir sıra insanlar var. Bəziləri də “niyə biz də o qazancdan yararlana bilmirik” deyə, etiraz edir. Davutoğlunu ora Ərdoğan əmanətçi olaraq yerləşdirdi. Prezident mövqeyindən hökuməti də uzaqdan istədiyi kimi idarə edə biləcəyini düşünür. Bundan sonrakı mərhələdə Davutoğlunun performansı önəmlidir. Əgər Davutoğlu liderlik qabiliyyəti ilə bacarığını nümayiş etdirə bilsə, partiya daxilindəki müxalif səslər də kəsilər. Ancaq lazımi dərəcədə özünü göstərə bilməsə, Abdulla Gül ehtiyat olaraq kənarda gözləyir.

- Yenidən CHP-yə qayıdaq. Əgər bu heyətlə 2015-ci il seçkilərinə gedərsə, 3-cü partiya olacağını dediniz. CHP bunu görmürmü?

-
Belə düşünürəm ki, Kılıçdaroğlu xüsusi seçilmiş insandı. İmperializmlə qarşılıqlı əməkdaşlıqdadır.

- MHP 2-ci partiya olarsa, imperializmin Türkiyədəki planlarına zərbə olmazmı?

-
Olmaz. Belə ki, imperializmin bir hesabı da bölünməyi asanlaşdırmaq üçün bir türk-kürd qarşıdurması yaratmaqdır. Bu qarşıdurma baş verərsə, artıq bu coğrafiyada bərabər yaşamağın şərtləri dəyişər və bölünmə daha da asanlaşar. Bugünə qədər türk-kürd qarşıdurmasını dəfələrlə həyata keçirməyə çalışdılar, ancaq bacarmadılar. Amma bundan sonra bacarmayacaqlarını demək çətindir. Bir ölkədə etnik qruplar arasında çox ciddi toqquşma olarsa və ya uşaqlar atalarını, dayılarını, əmilərini bu qarşıdurmalarda itirərlərsə, gələcəkdə o uşaqların bir yerdə yaşaması mükünsüzləşər. Hal-hazırda Suriyada Alevi-Sünni qarşıdurmasını alovlandırmağa çalışırlar. Suriyada sünnilər bir tərəfə, alevilər bir tərəfə, xristianlar bir tərəfə gedir. Yəni demoqrafik hərəkətlilik var. İmperializmin Suriyada uğurlu olmadığını deyirlər. Fikrimcə eyni zamanda da müəyyən qədər istəklərinə çatdılar. Nəticədə o coğrafiyada bərabər yaşamğın şərtləri aradan qalxmış olur. Yaxın Şərq planının ən mənfi cəhəti isə sünni-şiə qarşıdurması yaratmaqdır. İraqda buna müvəffəq oldular. Türkiyədə bunu türk-kürd şəklində, sünni-alevi olaraq etmək istəyirlər. Türkiyəyi həm etnik, həm məzhəbsəl olaraq bölməyə çalışırlar.

- Partiyanızı dəyişməyi düşünürsünüzmü?

-
Biz ailəcə hər zaman CHP-li olmuşuq. İndi də CHP-liyəm. Amma bu CHP-yə səs vermərəm. Təbbi ki, bəzi məsələlərlə bağlı çalışırıq. Ola bilər ki, yeni bir partiya qurduq. İndi ətraflı bir söz demək istəmirəm. Bu yöndə işlər isə gedir.

- Başqa milliyətçi partiyaya keçə bilərsinizmi?

-
O da ola bilər. Mən Türkəm. Adımda, soyadımda türkdür.

- AKP bu cür davam edərsə, nə vaxtsa Türk dilini, Ərəbcə ilə əvəz edə bilərmi?

-
Belə bir niyyətləri var. Bunu gerçəkləşdirmək isə həqiqətən mümkün deyil. Bu torpaqlarda heç kim türkcəyi dəyişdirə bilməz. 

- Azərbaycana sözünüz… 

-
Burdan Azərbaycana salam göndərmək istəyirəm. Mən həqiqətən də “2 dövlət 1 millət” sözünə inanıram. Qarşıdakı illərdə imperializmin planları əngəllənə bilinərsə, Türk dünyası birləşə bilər. Dünyada imperializm, Avropa Birliyi, Amerika qitəsi birləşməyə cəhd göstərdikləri halda, bizə mane olmağa çalışmaqla yanaşı, kiçik parçalara ayırmaq istəyirlər. Mən Türk dünyasının birləşməsinin, birlikdə irəli addım atmasının tərəfdarıyam.

Rafiq ŞAHBAZOV      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi