“Əlibala Hacızadə mənə dedi ki, “oğlum, nə qədər gec deyil, bu sənətdən get, vaxt gələcək, peşman olacaqsan!””
İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
TRT Türkün əməkdaşı Könül Şamilqızı jurnalistikanı seçməməyinə baxmayaraq, həyat onu jurnalistikaya gətirib: “Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin məzunuyam. Hətta universitetin son iki ilində öz oxuduğum orta məktəbdə coğrafiya müəlliməsi də işləmişəm. Universitetdə öz seçimimlə qiyabi oxuyurdum və üçüncü kursdan sonra işləmək haqqım vardı. Dördüncü, beşinci kursda müəllimə işlədim, sonra diplom müdafiəsi üçün rayondan Bakıya gəldim və bir daha da qayıtmadım.
Müəllimlikdən jurnalistikaya gəlişim maraqlı olub. Əslində “müəllimliyə gəlməm necə olub” sualıyla başlamaq daha doğru olardı deyə, düşünürəm. Çünkü orta məktəbin 9-cu sinifinə qədər müxtəlif xəyallar qururdum və bunların arasında heç müəllimlik yoxdu. Bəlkə də atam müəllimiydi və mənim oxuduğum məktəbdə çalışırdı, bundan doğan bir kompleksdi – müəllim olmaq istəmirdim. Xəyallarımın böyük hissəsini jurnalist olmaq, daha doğrusu, tanınmış adam olmaq təşkil edirdi (gülür). Məktəbdə sinifkom - redaktor seçimi qarşısında çox qalmışdım və həmişə ikincini seçirdim. Həm özümə, həm sinif yoldaşlarıma inşa yazırdım, qəzetlərə məktub-filan göndərirdim. Amma iş elə gətirdi ki, mən ixtisas seçəsi yaşa gələndə aşiq oldum. İki il sonra da o oğlanla evləndim. Sonra Bakıda yaşaya bilməyəcəyimi və jurnalist olaraq, çalışa bilməyəcəyimi düşündüm və ikinci qrupa hazırlaşmaq qərarı aldım. 15 seçimin hamısını qiyabi yazdım və birinci seçimimi qazandım. Yəni kənd gəlini-kənd müəlliməsi perspektivi o zaman mənim üçün mümkün variantların ən doğrusu olaraq görünürdü (gülür).
Sonra o sevdiyim oğlan dünyasını dəyişdi və mənim özümə çizdiyim yol da dəyişdi. 4-5 il kənddə qaldıqdan və müəllimliyi sınaqdan keçirdikdən sonra qərara gəldim ki, məndən müəllim də, kənddə qalan da olmaz (gülür).
Beləcə, diplom müdafiəsi üçün Bakıya gəldim, “Şərq” qəzetinə getdim - Akif Aşırlı kənddə qonşumuz idi - müxbir olmaq istədiyimi söylədim. İnanmadı, əvvəlcə müxbir ola biləcəyimə şübhəylə yanaşdı, amma inad etdim, razılaşdı. Yay tətilinin sonunda – yəni kəndə dönüb məktəbdə işə başlayası vaxtda artıq “Şərq”də xəbərlərim və müsahibələrim yayımlanırdı, artıq kəndə dönməmək üçün arqumentim vardı. Və əlbəttə, bu arqumentimin evimizdə qəbul etdirilməsində müstəsna rolu olan anam.
Təxminən 11 ay “Şərq”də çalışdıqdan sonra “Yeni Müsavat”a keçdim. Əlbəttə, bunu Akifə söyləməmişdim, amma o zaman “Şərq”i bir növ tramplin kimi görürdüm, məqsədim orada yazmağı öyrənib “Yeni Müsavat”a keçməkdi. 2005-ci ilə qədər “Yeni Müsavat”da çalışdım, sonra Arif Əliyevin qurduğu “Gün Səhər” qəzetinə keçdim. Sonra yenidən “Yeni Müsavat”a qayıdası oldum, amma bir il sonra yenə uzaqlaşdım.
Bir ara aktiv yazı-pozudan uzaqlaşdım, yenə media sektorunda, amma QHT fəaliyyəti içərisində oldum. 2008-ci ildə “Mediaforum” saytında yazmağa başladım. 2010-cı ildə isə Türkiyədən- TRT-dən dəvət aldım və çoxdan arzuladığım bu fürsəti qaçırmaq istəmədim. Hazırda TRT Türk-də çalışıram və sevdiyim işlə - müxbirliklə və analiz yazmaqla məşğulam.
Ümumiyyətlə, seçimlərimdən peşman olan və çox geriyə baxan adam deyiləm. Belə olmalıymış deyə, düşünürəm. Mən jurnalist olmamağı seçmişdim, amma həyat bir şəkildə jurnalistikaya gətirdi. Deməli, olmalıyammış. Deməli, ən yaxşı bacardığım iş buymuş. Jurnalistikaya gəlməyimdən narazı deyiləm, jurnalistikanın halından narazıyam. Öz ölkəmdə azad və sərbəst şəkildə ciddi jurnalistika ilə məşğul olmağı çox istəyərdim”.
İctimai Televiziyanın əməkdaşı Elman Himayətoğlu deyir ki, jurnalistikanı seçməməyinin səbəbi atasının istəyi olub: “İxtisasca mühəndisəm. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Öz ixtisasıma heç vaxt marağım olmayıb. Cəmi ilk aylar oxumuşam, birinci imtahanlara qədər. Əslində əvvəldən də o sahəyə, ümumilikdə dəqiq fənlərə marağım olmayıb. Bir çox yaxın qohumlarım jurnalist olduğundan uşaqlıqdan, hələ məktəbdə oxuyan vaxtdan jurnalistikaya marağım olub. Sadəcə, atam Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində oxumağımı istədi və mən də bir az hazırlaşıb Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldum. Universitetdə də elə 1-ci kursdan jurnalistika ilə məşğul olmağa başlamışam. Mənim doğma qəzetim “Futbol+”da işlədim. Demək olar ki, bu qəzetin ilk nömrəsindən “Futbol+”a yaxın olmuşam. “Futbol+”dan başqa “Elçi” və “Press publika” qəzetlərində işləmişəm.
Jurnalistika uşaqlıq arzum olub. İndi həm də idman jurnalistikası- sevdiyim işlə məşğulam, sevdiyim sahədən yazıram. Futbol və olimpia oyunlarının şərhi bir başqa aləmdi, yəni işimdən zövq alıram. Hətta, maddi sıxıntı olanda da niyə mühəndis olmayıb jurnalistikaya gəldim kimi düşüncəm olmayıb”.
“Trend” agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri Vüqar İmanov üçün jurnalistika həyatdır: “15 il bundan əvvəl bu sahəyə gəlmişəm. Rusiyada Mendeleyev adına Kimya Texnologiya İnstitutunu bitirmişəm. Güclü istiyə davamlı materiallar və keramika üzrə mütəxəssisəm. Öz sahəm üzrə bir gün də işləməmişəm. Sözün açığı, həvəsim olmayıb. Bu sahəni atamın tövsiyəsi ilə seçmişdim. Çünki atam da kimya üzrə elmlər namizdədi idi. İnsititu qurtarandan sonra bir müddət Rusiyada yaşadım. Sonra Azərbaycana qayıtdım. O vaxtlar bankda işləyirdim və mənim jurnalistikada xaç atam olan Şahməmməd Şahməmmədovla tanış oldum. O jurnalistikaya marağım olduğunu gördü. (Həmişə görürdü ki, kitab oxuyuram, özüm üçün nəsə yazıram). 1999-cu il idi. Şahməmməd müəllim həm Baş Polis İdarəsində işləyirdi, həm də şair idi, kitab buraxırdı. O, eyni zamanda “Polis” qəzetinin baş redaktoru idi. Şahməmməd müəllim mənə rusdilli “Sev məni” qəzetində işləməyi təklif etdi. Yazı yazmağa ilk olaraq o qəzetdə başladım. Sonra Azərbaycandilli “Oxu məni” qəzetində işlədim. “Oxu məni” o vaxt Azərbaycanın ən reytinqli qəzeti idi. Zarafat deyil, həftəyə 50 000 tirajla çıxırdı. Paralel olaraq bir neçə nəşrdə çalışdım. Sonra telekompaniyalarda işlədim. Üç il “Mir” dövlətlərarası telekompaniyasında baş redaktor olmuşam. Artıq 7 ildir ki, “Trend” İnformasiya Agetnliyindəyəm. Hazırda bu agentliyin Mədəniyyət şöbəsinin rəhbəriyəm.
15 ildir bu sahədəyəm. Jurnalistika ilə məşğul olduğuma görə peşman deyiləm. Bu peşə mənim canım, qanım, havamdır. Jurnalistika yeganə sahədir ki, insan həm mənəvi, həm də maddi tərəfdən həzz alır. Mənim sahəm-Mədəniyyət sahəsi həqiqətən çox maraqlıdır. Müxtəlif tamaşalara, konsetlərə gedirəm, maraqlı insanlarla görüşür, müsahibələr alıram. Jurnalistika mənim üçün hava, su, həyatdır. Bu pafoslu sözlər deyil. Mən həqiqətən, bunsuz yaşaya bilmirəm”.
“Simsar.az” saytının şou yazarı Şahin Cavadsoy düşünür ki, insanın ruhu harada rahatdırsa, o işlə məşğul olmalıdır:
“Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini bitirmişəm. İxtisasım da biznesin təşkili və idarəolunmasıdır. Jurnalistikaya gəlişim 11-ci sinfə təsadüf edir. Bəlkə də oxuculara qəribə gələ bilər, amma o vaxt biz qohumlarla yığışıb hər həftə hansısa bir ziyarətgaha gedirdik. 1997-ci ilin may ayları idi, orta məktəbin son sinfində oxuyurdum. Avtobusla Gəncədəki İmamzadə pirinə yola düşdük. Birinci dəfə idi, Gəncəyə gedirdim. O ziyarətgahın əzəməti, quşların fərqli şəkildə toplaşması ilk dəfə gördüyüm mənzərə idi. Mən durmadan pirlə bağlı suallar verirdim. Axırda ordakı bir kişi mənə dedi ki, “sən jurnalistsən?” Bu sual elə bil məni oyatdı və özümü itirmədim. Məktəbli olduğumu deyə bilməzdim. Ona görə dedim “bəli, mən jurnalistəm”. Dedi ki, “jurnalistsənsə, mütləq axundla görüşməlisən”. Axundla görüşdüm, o mənim vəsiqəmi, ümumiyyətlə, bura niyə gəldiyimi soruşmadı. Hətta axund özü mənə vərəq, qələm verdi və İmamzadə haqqında məlumatlandırdı. Bəlkə də o kişi suallarımın bəsitliyinə görə (17 yaşında uşağın sualı nə olacaq ki) hiss edib ki, mən jurnalist deyiləm. Amma heç üzümə də vurmadı. Mənə dedi ki, “gələn il bura gəlsən, mütləq İmamzadə haqqında yazının çıxdığı qəzetlərdən bir neçə nüsxə saxla, mənə gətir”. O mənə balaca bir vərəqdə Allahı tərənnüm edən dörd misralıq bir şeir verdi. Orada belə yazılırdı:
Sən anadan doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu yerdə əhədsən,
Allahu-Səmədsən...
Bakıya gələndən sonra İmamzadə haqqında olan ilk yazımı yazdım. Müəllimənin mənə çox böyük dəstəyi oldu. O dedi ki, “bu inşa deyil, bu artıq məqalədir və sən doğrudan da jurnalist olmalısan”.
“Azərbaycan” nəşriyyatına getdim. Qapıda mühafizəçilər məni bir neçə saat saxlatdılar. Çünki buraxılış almalıydım. Məni zülmlə ora buraxdılar. Bir neçə qəzet redaksiyasına baş çəkdim. Axırı məqaləni “Şəhriyar” qəzetinə apardım. Redaksiyaya girəndə gördüm ki, gözündə eynək bir kişi oturub, qəzet oxuyur. Dedim, “mənim bu məqaləmi yayımlayın da”. Baxdım ki, kişi fərqli ləhcəylə danışır, səhv etmirəmsə adı Eyvaz idi, Cənubi Azərbaycandan gəlmişdi. Dedi ki, “bu redaksiyada işləmək istəyərsən? İşləsən, sənə aylıq 70 dollar maaş verəcəm”. Təssəvür edin, 11-ci sinif şagirdiyəm. Soruşdum, “doğurdan deyirsiz?”. Dedi, “hə”. Özümü sındırmamaq üçün orta məktəbdə oxuduğumu demədim. Birinci gündən işə çıxdım. Yaşadığım sevinci izah edə bilmərəm. Çox gözəl yazıçımız Əlibala Hacızadə həmin qəzetin redaktoru idi. Onu doğrudan da özümə ustad kimi seçə bilərəm. Ancaq Əlibala Hacızadə mənə dedi ki, “oğlum, nə qədər gec deyil, bu sənətdən çıx get. Vaxt gələcək, peşman olacaqsan. Jurnalist heç vaxt öz həyatını yaşamır. Sən həmişə kimlərinsə həyatını yaşayacaqsan”.
Həvəsdən düşmədim. Nəşriyyatda işləyəndə senzuranın nə olduğunu da görmüşəm. O vaxt senzor gəlirdi, əyri qayçısıyla lazım olmayan, xoşuna gəlməyən cümlələri kəsirdi. O yerlər qəzetdə ağ çıxırdı.
Bəlkə də pul qazanmağa olan istəyim məni İqtisad Universitetinə apardı. İndi təhsil aldığım ixtisas nəinki iqtisad Universitetində, digər universitetlərdə də ən bahalı ixtisaslardan biridir. Biz həmin ixtisasın ilk məzunlarıyıq. İxtisasımdakı biznes sözünü şou-biznesdə gerçəkləşdirirəm. Çünki təkcə “simsar.az”da müxbir olaraq və yaxud şou yazarı kimi çalışmıram, eyni zamanda bir neçə layihələrdə piar menecer olaraq işləmişəm və hesab edirəm ki, peşakar piar menecerləri arasında mənim də öz dəsti-xəttim var. Komanda olaraq çalışmağı bilirik, bu da şou-biznesdə çox işimə yarayır. “Uluinform” İnformasiya Agentliyi, “Etimad”, “Yeni Azərbaycan”, “Oxu məni” qəzetlərində, “Trend” agentliyində çalışmışam.
Baxmayaraq ki, İqtisad Universitetini qırmızı diplomla bitirmişəm, amma 2006-cı ildə Zərdüşt Əlizadənin rəhbərlik etdiyi Niderland jurnalistika məktəbində qəzet jurnalistinin peşə bilik və vərdişlərinə yiyələnmək məqsədilə peşə biliklərimi artırdıqdan sonra mənə qəribə bir əminlik gəlib ki, bəli, mən jurnalistəm. Ən azı Zeynal Məmmədli kimi bir ustaddan dərs almaq əvəzolunmaz bir hissdir. Yadımdadır, mənim seminar mövzum belə, şou-biznesdən oldu. Aygün Kazımovadan müsahibə almışdım və indiki kimi də yadımdadır, şou dağlarında təmiz hava uduram, Aygün Kazımova final yazım idi.
Bu peşəyə gəldiyimə görə çox razıyam. İnsan ruhunu hansı yerdə rahat hesab edirsə, o işlə məşğul olmalıdır. Açıq etiraf edim, heç vaxt jurnalist olmaq istəməmişəm. O vaxt Türkiyə kanalları bizdə sərbəst yayımlanmağa başlayanda 8, 9 yaşım olardı. Həmişə Türkiyəli şoumen Mehmet Ali Erbilə baxırdım. Hətta bu gün bəlkə də gözlük taxmağımın səbəbkarı da o idi. O vaxtlar gözümə eynəklər geyirdim ki, özümü ona oxşadıram. Kumir olaraq çox sevirdim. Sonra Qorxmaz Əlilini xoşlayırdım. Qorxmaz Əlili həqiqətən də Azərbaycanın ilk şoumenidir. Onun tamaşalarına gedirdim. Məndə jurnalistikaya olan həvəsi həm də ruhu şad olsun, mərhum telejurnalistimiz, hamımızın kumiri hesab edəcəyi Çingiz Mustafayev yaradıb. Onun Xocalıda çəkdiyi kadrlar bəlkə də şoumen olmaq fikirlərimi yanıltdı, fikirləşdim ki, bəlkə jurnalist olum. Çingizi sevdim, müharibə də olsa, mən bəlkə də ön sırada olmağa hazıram. Başqa sahadə də özümü tapıram, amma rahat olduğum yer jurnalistikadır. Gənclərə də tövsiyə edirəm ki, məcburiyyət qarşısında qalıb ali təhsili olsun deyə, jurnalistikaya gəlirsə, gəlməsə ondan yaxşıdır. Zeynal müəllimin sözünü demək istəyirəm, “jurnalisti Bakı Dövlət Universiteti yetişdirmir. Jurnalist doğulmaq lazımdır, sonradan jurnalist olmur. Ya jurnalist kimi doğulursan, ya da heç vaxt jurnalist ola bilməzsən”.
Misranə Həsənzadə