Modern.az

“Məşhur tələbə yoldaşım”: “Səyavuş Prezident Aparatına şikayətə getdi ki, “Bu şəhərdə”nin aktyorları “Azdrama”ya buraxılmasın”

“Məşhur tələbə yoldaşım”: “Səyavuş Prezident Aparatına şikayətə getdi ki, “Bu şəhərdə”nin aktyorları “Azdrama”ya buraxılmasın”

27 Sentyabr 2014, 13:55

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikası bu dəfə tanınmış teatr və kino aktyoru, “Əhməd hardadır”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Evlər köndələn yar”, “Evlənmək İstəyirəm”, “Musiqi müəllimi”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Sabiqlər”, “Sabiqlərin yeni sərgüzəştləri”, “Yuxu” və başqa filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış Səyavuş Aslan haqqındadır.
27 iyun, 2013-cü il tarixində dünyasını dəyişmiş Səyavuş Aslan barədə onun tələbə yoldaşı aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudov danışır:



“Xalq artistləri gəlib Teatr İnstitutunda oxuyurdular ki, ali təhsilləri də olsun”

“Səyavuşla mən təbii seçim yoluyla bir taleyin adamları olmuşuq. Səyavuş Aslan Mirzağa Əliyev adına Teatr İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib. O, institutu simvolik şəkildə oxuyurdu. Çünki Səyavuş instituta gələndə artıq çox tanınmış bir aktyor idi. O, institutda oxuya-oxuya həm də teatrda işləyirdi. Hazır aktyor kimi gəlmişdi və bütün tamaşalara bizi də dəvət edirdi. Gedib rollarına baxırdıq.  

O vaxt Azərbaycanda teatr tədrisi ancaq texnikum səviyyəsində olmuşdu və təzə açılan ali məktəb - Teatr İnstitutu ali təhsil verirdi. Bu səbəbdən o dövrün Rübabə Muradova, Qulu Əsgərov, Bəkir Haşımov, Həsənağa Salayev kimi əməkdar və xalq artistləri gəlib Teatr İnstitutunda oxuyurdular ki, ali təhsilləri də olsun.

Bir qisim aktyorlar istedadlı olmaqla yanaşı, həm də yüksək intellekt sahibidirlər. Digərləri isə böyük istedad olmalarına baxmayaraq, yüksək intellektləri olmayıb. Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulladan üzü bəri bu tip böyük sənətkarlar Allah vergisi olan insanlardır. Çox qəribədir ki, belə istedadlar heç bir ali təhsil almadan özləri böyük bir məktəb, mədəniyyət yaradıblar. Bu gün onlar böyük mədəniyyət tariximizdir və öyrənilir. Səyavuş ikinci qisim aktyorlardan idi. O, çox yüksək intellekt aktyoru deyildi, sadəcə olaraq təbii istedadlı idi və özünəməxsus dəsti xətti, öz ifa mədəniyyəti var idi. Onun səsini eşidən kimi sən bilirdin ki, bu Səyavuş Aslandır.



Səyavuş da çox ustalıqla Allah-təalanın ona verdiyi o istedad çərçivəsində özünəxarakterik çox gözəl rollar oynayırdı və biz onu artıq komediya aktyoru kimi qəbul etmişdik. Çünki o uzun illər “Muskomediya”da (Azərbyacan Dövlət Musiqili Komediya Teatrı) çalışıb. Ancaq Akademik Teatra (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) gələndən sonra Səyavuşun ikinci böyük istedadı ortaya çıxdı. Orada Avropa, gürcü klassiklərinin, Elçin Əfəndiyevin yazdığı bir neçə tamaşada oynayıb. Çox gözəl, demək olar ki, “Muskomediya”da oynadığı komik rolların tam əksi olan obrazlar yaradırdı. Bəlli oldu ki, insan müəyyən mərhələdən sonra püxtələşir və sən demə, aktyor formalaşanda, inkişaf edəndə böyük bir mədəniyyət meydana çıxır. Səyavuş “Azdrama”ya gələndən sonra özü öz ampluasını dəyişdi. Bu dönəm həm də onun ailə problemləri yaşadığı vaxtlar idi. Bilirsiz, çox adam çox problem yaşayır, amma qəribədir ki, sənətkarlar o problemləri yaşayanda onlar qəribə bir mətləb əxz edir və onu öz sənətlərində təqdim edə bilirlər.

Mən əvvəla Səyavuşla bir zəmanədə yaşadığım üçün çox fəxr edirəm. İkincisi, az-çox bu sahəyə xidmət edən bir adam kimi fəxr edirəm ki, Azərbaycanın teatr və kino tarixində, mədəniyyətində Səyavuş Aslan adlı möhtəşəm bir mərhələ var”.

“Rejissorlar Səyavuşa ancaq komediya işləri verirdilər”


“Səyavuş dramatik rolları da çox yaxşı oynayırdı. Amma filmlərdə ondan daha çox komik aktyor kimi istifadə olunub. Çünki biz streotipləri bir az çətin poza bilirik. Bir az şablonlaşmış, kristallaşmış bir don geyindirirlər və sonra ondan heç cür xilas ola bilmirik. Səyavuş böyük teatra “Muskomediya” sahəsində, bir komediya aktyoru kimi gəlmişdi. Təbii ki, bu yarlıq istər-istəməz artıq onun üstündə var idi və ona görə də filmlərdə, televiziya verilişlərində, televiziya filmlərində Səyavuşa ancaq komediya işləri tapıb verirdilər. Amma siz fikir verin, hətta onun oynadığı komediya rollarında da bir dramatizm var. Onlarda qəribə bir insan taleyi, qəribə bir həyat var. Çünki Səyavuşun çox ifadəli gözləri vardı, üz antropologiyasında qəribə bir kədər var idi. Amma çox təəssüflər olsun ki, o teatr mühitinə komediyayla gəlmişdi deyə, rejissorlar öz işlərini ağırlaşdırmaq istəmirdi. Bilirdilər ki, Səyavuşdur da, ən ağır, çətin hansı rolu versələr, arxayın idilər ki, hər halda gözəl bir şey edəcək. Bu mənada o streotipləri pozmaq çox çətindir. Səyavuş deyəndə, istər istəməz camaatın üzündə bir gülüş yaranır və rejissorlar da bunu qoruyub saxlayır. Çünki o rejissorlar üçün çox hazır bir məhsul idi. Səyavuşun məhz o keyfiyyətlərindən istifadə edib özləri üçün gözəl tamaşalar və filmlər çəkirdilər.

Bir də onun komediyasında meymunçuluq, şit bir şey yox idi. Onun komediyası vəziyyətin komediyası, aktyor sənətinin komediyası idi. Boş-boş, qarnın, orasın-burasın burcutmaqla, səsin, kiminsə ağzın yamsılamaqla, arvad qiyafəsinə düşməklə edilən komediya deyildi. Əksinə, hətta o vaxt Coşqungil (“Bu şəhərdə” nin aktyorları Rəfael İskəndərov və Coşqun Rəhimov) “Azdrama”da yer götürmüşdülər ki, tamaşa oynasınlar. Onda Səyavuş Prezident Aparatına getdi çıxdı ki, “biz bu adamları müqəddəs teatra buraxa bilmərik. Şou düzəldirlər, getsinlər başqa yerdə etsinlər. “Azdrama” bunlar üçün o yer deyil”. Səyavuşun müraciəti qəbul olundu. O, elə şeyə çox ciddi baxırdı. Çünki həqiqətən də, Akademik Dram Teatrı bizim üçün müqəddəs bir yerdir. Səyavuş ümumiyyətlə, həm də sənətin qeyrətini düşünüb.

Səyavuşun məramında olan aktyorlar var ki, elə ki, 4-5 epizoda çəkildilər və bəlli oldu ki, artıq bu filmdədir, dəyişmək mümkün deyil, müəyyən kaprizlər etməyə başlayırlar. Həsən Məmmədov, Şahmar Ələkbərov, Səyavuş Aslan idi - onlar çəkiliş meydançasında məsələn, çəkilib öz işlərini qurtarıblar. Kinodur da, hər dəqiqə rejissorun fantaziyasına min dənə şey gəlir. Deyirdilər ki, məsələn, Səyavuş müəllim, siz artıq boşsunuz, gedin istirahət edin. Deyir, “hara gedirəm, oturmuşam, birdən ağlınıza bir şey gəldi, sizə lazım oldum”. Sənətə, teatr və kino mədəniyyətinə bu cür yanaşmaq istehsalatla məşğul olan adamlar üçün bilirsiz, nə qədər rahatlıq yaradır. Bu mənada Səyavuş böyük bir sənətkar idi və mən deyirəm ki, bu gün Səyavuş Aslan məktəbi öyrənilməli və institutda tədris olunmalıdır. Çünki bu adam komediyayla dramatik aktyor ifa mədəniyyətinin klassik vəhdətidir”. 

“Səyavuş həyatda həddindən artıq dramatik və ciddi bir insan idi”



“Biz rejissorlar filmə başlayanda bir-birimizə məsləhətlər veririk. Rəhmətlik Teymur Bəkirzadə “Yol əhvalatı”nı çəkirdi. O, mənim tələbə yoldaşımdı, Moskvada rejissorluğu bir yerdə oxumuşuq. Teymur Bəkirzadə ruslaşmış adam idi, Azərbaycanlı aktyorları yaxşı tanımırdı. Mən Səyavuşun bütün imkanlarına tələbəlik illərindən yaxından bələd bir rejissor kimi dedim ki, “sən bu rol üçün məsləhətdi, bir Səyavuşa bax”. Dedi, “bəs, mənə deyirlər ki, o “Muskomediya”nın gülməli artistidir”. Dedim, “sən dəvət et, otur söhbət et, ssenarini ver, oxusun, sonra baxarsan”. Biz dost idik deyə, Teymur mənim sözümdən keçmədi, dedi, “yaxşı”. Mən bunu ilk dəfədi deyirəm. İndi Səyavuş da, Teymur da, Ceyhun (Ceyhun Mirzəyev) da, Yaşar (Yaşar Nuri) da, Kamil (Kamil Məhərrəmov) də dünyasını dəyişib. Çoxusu dünyasını dəyişib, ruhları şad olsun. “Yol əhvalatı” gözəl filmdir. Orada Səyavuş faktiki olaraq komediya yox, tragikomediya oynayır.

Mən kinostudiyada kinoaktyor studiyasının bədii rəhbəri idim və istəyirdim ki, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Fazil Salayev, Səyavuş Aslan janrında bir 3-4 uşaq tapaq, təxminən o ampluada kadrlar yetişdirək. Səyavuşu çağırdım. Dedi, “mənim səbrim yoxdur, müəllimlik edə bilmərəm, pedaqoqluq başqa şeydir, o mənlik deyil”.

Sözün düzü, bu adam həyatda təmiz fərqli idi. Adətən, zarafatca öz aramızda ona gülməli aktyor deyirdik. Ancaq Səyavuş obrazının ampluasından tam fərqli olaraq həyatda həddindən artıq dramatik və ciddi bir insan idi. Emosional, hər şeydən narahat olan və əsəbiləşən, özündən tez çıxan qəribə bir adam idi. O hacı surətli gözəl bir şəxsiyyət idi və ömrünün son 10 ilini böyük Məkkə ziyarətində olmuşdu, hacılıq edirdi, yəni başqa şeylər- hamısı ikinci plana getmişdi”.

“Su gələn arxa bir də gələr”



“Azərbaycanda barmaqla sayılası böyük sənətkarlardan biri də Səyavuş Aslan idi ki, eyni səviyyədə həm teatrda, həm də kinoda çox böyük uğurlar qazanıb. Səyavuş Aslan dünyaya çıxa bilərdimi deyəndə, onun bütün yaradıcılığı Sovet ideologiyası dövrünə düşdü. Hakim ideolgiya vardı, Moskvadan idarə olunurdu, kino, teatr böyük ideologiya idi. Xüsusi nəzarət, diqqət vardı, seçilən əsərlər, qoyulan tamaşalara baxılırdı. Hətta Mərkəzi Komitədə sayılan-seçilən aktyorlar var idi. Həmişə demişəm ki, Azərbaycanın teatr məktəbində təəssüflər olsun, elə böyük sənətkarlar var idi ki, hələ Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Ağaddaş Qurbanov kimi nəhəng şəxsiyyətlər vardı. Fazil Salayev kimi açılmayan böyük xəzinəmiz getdi, o cümlədən də Səyavuş Aslan.

Ədil İsgəndərov bir mərhələ idi, gəldi, artıq bizim milli kinomuz oturuşmağa başladı, bütün sahələrdə gözəl kinodramaturqlarımız yetişdi, kinotexnoloqlarımız, gözəl operatorlarımız, gözəl aktyor və rejissorlar bu müddətdə formalaşırdı. Biz artıq dünyaya çıxan vaxtı Ədil müəllimi işdən çıxartdılar və sonradan da müstəqillik gəldi. Bir ictimai-iqtisadi formasiya dəyişəndə, təzə bir ictimai-iqtisadi formasiya başlayanda sözsüz ki, ağrılı-acılı olur. Ancaq ilk növbədə orada itirən mədəniyyət olur.
Sovet İttifaqı dağılanda 15 respublikanın hamısı, hətta özlərinin kino ənənəsi olmayan dövlətlər öz milli kinosunu qoruyub saxladı. Dünyada kino icad ediləndən 6 ay sonra kino Bakıya da gəlib. Çünki o vaxt milyonçular neftlə bağlı Bakıya gəlirdilər və özləri ilə kino mədəniyyəti gətirirdilər. Amma Sovet İttifaqı dağılanda biz kinomuzu qorumadıq, dağıtdıq və hələ də bərpa edə bilmirik.

İndi sağ olsun, cavan oğlan kinostudiyaya gəlib, nazir də, Prezident Aparatı da istəyir kömək etsin. Sizi inandırıram, yaxın 5 ilə Allah qoysa, kino bərpa olunacaq. Ancaq onda Səyavuş Aslan, Fazil Salayev, Məlik Dadaşov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Ceyhun Mirzəyev kimi aktyorlarımız olmayacaq. İnanıram ki, inşallah, su gələn arxa bir də gələr”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi