Modern.az

Niyə muzeyə getmək istəmirik?

Niyə muzeyə getmək istəmirik?

12 İyul 2014, 12:45

Çox şahidi olmuşuq, turistlər, əcnəbi qonaqlar ölkəmizə səfər edərkən öncə mütləq muzeylərə səyahət edirlər. Əllərində fotoaparat tutan və mədəni göstəricidən başqa heç nəyi nəzərə almayan şortikli-eynəkli turisti ən azından İçərişəhərdə görmüşük. Bəs bizlər necə? Biz də muzey mədəniyyəti faktorunu bu cür dəyərləndirə bilirikmi?  

Muzeyə insanların cəlb olunması üçün turizm potensialını inkişaf etdirmək gərəkdir ki, Azərbaycan da bu istiqamətdə təzə-təzə fəaliyyət göstərir. Amma hər halda muzeylərə getmək təfəkkür hadisəsi olduğundan, bu məkanlara laqeydlik aktual problem hesab olunmalıdır.  Bizlərdə muzey mədəniyyəti anlayışı varmı? 
Muzeylərə yola sala biləcəyimiz təfəkkürlü insan kapitalı yetişdirə bilirikmi? İntellektual insan kapitalının formalaşdığı  cəmiyyətdə istər-istəməz muzey mədəniyyəti də inkişaf edəcək.

Modern.az-ın sorğu apardığı ziyalılar Azərbaycan cəmiyyətində muzey mədəniyyətinin passivliyini vurğuladılar.

Vahid Əziz: “Azərbaycanlıların xaricdə muzeyə getdiyinə inanmıram”

“Mən hələ indiyə qədər görmədim ki, bir azərbaycanlı xaricə gedəndə orda muzeyə baş çəkə. Bizimkilər ya alverə gedər, ya da əylənməyə. Əgər kimisə muzeyə məxsusi bir iş üçün yollamayıblarsa, yəni ora eksponat aparmayıbsa, həmin adamın muzeyə getməyinə inanmıram. Mən özüm xarici ölkələrdə bir neçə muzeydə olmuşam. Londonun “Viktoriya və Albert” muzeyinə məxsusi olaraq Şeyx Səfi xalçası üçün getdim. Çünki o xalçaya aid poema yazırdım onu görməsəydim yaza bilməzdim. İstanbulun “Topqapı” muzeyində də olmuşam. O ki, qaldı bizdəki muzeylərə və camaatın ora getməsi barədə. Mən heç vaxt yalan demirəm. Bizdə bu gün muzeylər salınır, inşa olunur. Amma əsas şərt insanların ora marağıdır”.
 
Zakir Fəxri (şair):  

 “Təbii ki, bizlərdə muzeyə az gedirlər. Əhali Bakıda muzeylərə o qədər də çox diqqət yetirmir. Mən hansı xarici ölkədə oluramsa, öncə oranın muzeyinə gedirəm. Bizdə maraq az olsa da, bu o demək deyil ki, ölkədə gözəl muzeylər yoxdur. Əksinə, çoxdur. Yeni-yeni muzeylər salınır. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə çox ciddi çalışır. İnanıram ki, cəmiyyətin də muzeylərə marağı artacaq”.

Vaqif Bayatlı Odər: “Qarabağ Muzeyi yaradılmalıdır”

 “Çox təəssüf ki, cəmiyyətimizdə muzey mədəniyyəti məni qane etmir. İstər uşaq, istər gənc, istərsə də qoca olsun, hamının muzeyə marağı aşağı səviyyədədir. Düzdü, uşaqları heç olmasa məktəbdə təhsil alarkən bir-iki dəfə muzeylərə aparırlar, gənclər isə heç ümumiyyətlə maraqlanmır. Çox istərdim ki, bizlərdə muzeylərə gediş çoxalsın. Çünki bizdə yaxşı muzeylər var. Amma təklif edərdim ki, Tarix muzeyindən əlavə, xüsusi bir Qarabağ muzeyi inşa olunsun. Qarabağa aid nə varsa, hamısı da o muzeydə öz əksini tapsın. Bu məsələ çox zəruridir. Çünki Qarabağ işğal olunanda xeyli  muzeylər və mədəni mərkəzlər dağıdıldı. Onları vahid bir Qarabağ muzeyi adı altında yenidən formalaşdırmaq lazımdı. Daha sonra istərdim ki, Cənubi Azərbaycanla bağlı, Kərküklərlə bağlı muzey də inşa olunsun”.

Əkbər Qoşalı: “Muzeylər səyyar sərgilər keçirə bilər”

“Muzey işinin bugünkü səviyyəsi başqa sözlə, vətəndaşlarımızın, gənc nəslin muzeylərə münasibəti barədə mövzunu gündəmə gətirmək təqdirəlayiqidir. Söz var-deyərlər, "yol gedənin, eşq sevənin", bax, muzey də onu ziyarət edənindir. Muzey ziyarət edildiyi qədər xalqın malı olur; necə deyərlər, orada qorunan tarixi eksponatlar bugünkü ictimai-mədəni həyatımızda o qədər iştiraka cəlb olunur. Muzeylərimizə axını gücləndirmək üçün neyləmək olar? İlk növbədə tanıtım işi düzənli aparılmalıdır, özəlliklə də İKT-nin verdiyi imkanlar hesabına. İkincisi, muzeylər "səyyar sərgi" keçirə bilər - uyğunsa, buna "muzey qastrolu" deyək. Eyni zamanda muzey çalışanlarının sosial şəraiti qaydasında olunca, işin də daha rəvan gedəcəyinə inanıram. Habelə dünya muzeyləri ilə işbirliyi də ümumi işə yararlı olardı.

Dediklərimiz öz yerində, muzeyşünasların tədqiqat əsərlərinin nəfis tərtibatla respublikanın bütün kitabxanalarına göndərilməsi, ümumən maarifçilik işinin gücləndirilməsi, güclü ixtisaslı kadrların yetişdirilməsi - bu planda istedadlılara, intellektuallara meydan tanınması da nəzərə alınınca, uğur gətirir”.  

Qeyd edək ki ,hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

Elmin Nuri


P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində dərc olunur.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir