Modern.az

Muzeylərin hansı problemləri var?

Muzeylərin hansı problemləri var?

12 Avqust 2014, 14:54

Muzeylər hər bir xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan mədəniyyət ocaqlarıdır. Dünyada incəsənət, mədəniyyət, tarixi, elmi, bədii əsərlərin, eksponatların, sənətkarlıq nümunələrinin saxlanıldığı bir sıra məşhur muzeylər var ki, onları hər il milyonlarla adam ziyarət edir. İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı, Fransanın Luvr muzeyləri bu sıraya aiddir.

Azərbaycandakı muzeylər dünyanın məşhur muzeyləri ilə bir sırada dayanmasa da, hər halda eksponat sarıdan onlardan heç də geri qalmır. Eləcə də, dünyanın ayrı-ayrı muzeylərində Azərbaycana məxsus bir sıra sənətkarlıq nümunələri saxlanılır. Məsələn, Fransadakı Luvr muzeyinin eksponatları arasında Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları var.

Bəzi muzeylərin internet saytı yoxdur

Azərbaycan muzeylərinin problemlərindən danışarkən bu mədəniyyət ocaqlarında kompüter məlumat bazasının olmamasını da qeyd etmək lazımdır. Hələlik aparıcı paytaxt muzeylərinin internet saytı var və onların veb-səhifələrindən məlumat almaq olar.  Bu sırada Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Qobustan Dövlət Qoruq Muzeyinin adını çəkmək olar.

Müxtəlif vaxtlarda muzeylərdə araşdırma aparmış sənətşünas Toğrul Məmmədovun sözlərinə görə, sözügedən sənət məbədləri texniki cəhətdən də kifayət qədər təchiz edilməyib. Əksər muzeylərimizdə temperatur - nəmlik rejiminə riayət edilməsi, sərinləşdirici sistemin yaradılması, xüsusi işıqlandırma imkanı normal səviyyədə deyil ki, bu da eksponatların məhvolma təhlükəsilə üzləşdirib. Muzeylərdən bəzilərinin mühafizə və yanğın əleyhinə siqnalizasiyası da zəif təşkil olunub. Müsahibimiz deyib ki, muzeylər nəqliyyat vasitələri sarıdan da korluq çəkir, müasir qablaşdırma materiallarına malik deyil. Muzey işçilərini əməkhaqqının da aşağı olması problemlər sırasına daxildir.

Paytaxtdan fərqli olaraq, bölgələrimizdəki muzeylərdə eksponatların saxlanma şəraitinin daha pis olması barədə də məlumatlar var.

Nələr oğurlanıb

Muzeylər daim oğruların hədəfindəki sənət məbədləri olublar. Müxtəlif vaxtlarda hətta yaxşı mühafizə texnologiyasına malik muzeylərdən belə, oğurluqlar baş verib. Məsələn, dünyanın ən məşhur muzey-Luvrda bir neçə dəfə oğurluq olub.
Azərbaycandakı muzeylərdə də dəfələrlə oğurluqlar olub. 20 il əvvəl İncəsənət Muzeyindən oğurlanan 300-ə yaxın eksponatın bəzilərinin axtarışı hələ də davam etdirilir. Vaxtilə Tarix Muzeyindən də 50-dən çox qiymətli xalça oğurlanıb. XVIII-XIX əsrə aid həmin xalça eksponatlarının da heç biri tapılmayıb. Musiqi Mədəniyyəti Muzeyindən yoxa çıxan qiymətli eksponat- “Saz əsa”nın özü və oğruları da bu günədək tapılmayıb.

Muzeyə giriş mədəniyyəti hələ formalaşmayıb

Muzeylərimizin bir çox problemləri var, amma ən əsası bu mədəniyyət ocaqlarına ziyarətçilərin az gəlməsidir. Azərbaycandakı muzeyləri ziyarət edənlərlə bağlı rəsmi statistika göstərir ki, keçmiş sovetlər dönəmi ilə müqayisədə indi bu mədəniyyət ocaqlarına gələnlərin sayı çox azdır. Baxmayaraq  ki, ölkəmizdə muzeylərə giriş qiymətləri aşağıdır-yerli vətəndaşlar 1 manat, əcnəbilər üçün isə 2 manatdır. Hələ uşaqlara, şagirdlərə, tələbələrə, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə edilən güzəştləri demirik. Rayonlardakı muzeylərə giriş qiymətləri isə bundan da ucuzdur.

Nadir hallarda valideyn öz uşağını muzeyə aparır

Bütün bunlara baxmayaraq muzeylərimiz ziyarətçi sarıdan korluq çəkir. Azərbaycan İstiqlal muzeyinin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova bizimlə söhbətdə muzeylərə marağın aşağı olmasından şikayətlənib: “Mədəniyyətə, tarixə sevgi ailədən başlayır. Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycan ailəsində bu sevgi, təbliğat yetərincə formalaşmayıb. Belə olsaydı, bu gün muzeylərimiz ziyarətçi baxımından əziyyət çəkməzdi. Mən çox nadir hallarda valideynlərin öz uşaqlarını muzeyə gətirdiklərinin şahidi oluram  Bu zaman isə onların eksponatlara qarşı marağının az olması məlum olur. Lakin xaricilər ölkəmizə çatar-çatmaz muzeylərə baş çəkir, ordakı eksponatlarla hərtərəfli maraqlanır, heç bir şeyi nəzərdən qaçırmırlar. Çox istərdim ki, bizim vətəndaşlarda da muzeylərə qarşı belə maraq formalaşsın. Demək olmaz ki, muzeylərimizi ziyarət edənlər yoxdur, lakin ziyarətçilərin sayının az olması şəxsən bir şöbə müdiri kimi məni çox narahat edir”.

Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Nuridə Nurullayevanın bu məsələ ilə bağlı fikirləri isə bir qədər fərqlidir. O, hazırkı vəziyyətdən bir o qədər də narazı deyil: “Demək olar ki, hər gün muzeyimizi ziyarət edənlər olur. Gün ərzində təxminən 15-20 və bəzən daha çox ziyarətçi muzeyimizə gəlir. Əslində bu çox yüksək rəqəm deyil, amma mən bir o qədər də şikayətçi deyiləm”.

Ümumiyyətlə, hazırda Azərbaycan muzeylərində ziyarətçilərin əksəriyyəti məktəblilər, tələbələr və turistlər təşkil edir. Bəzi muzeylər ziyarətçi problemini müqavilələrlə və dəvətnamələr göndərməklə həll edirlər. Bu işdə QHT-lər də onlara kömək edir.

Muzey işçiləri deyirlər ki, əksər Avropa ölkələrində uşaq gözünü açandan muzeylərə gedir. Bu da bir ənənə kimi həmin cəmiyyətlərdə ailələrdən başlayaraq mədəniyyətə, incəsənətə bir sevgi formalaşdırır. Bizdə isə bu ənənə hələ formalaşmayıb. Çox nadir hallarda hansısa valideyn öz övladının əlindən tutub muzeylərdəki eksponatlara tamaşa etməyə aparır. Azərbaycanda yerli vətəndaşlar muzeylərimizdə eksponatları ancaq tədbirdən tədbirə, harasa dəvət alanda görürlər. Odur ki, gərək bu məsələdə dönüş yaratmaq üçün ilk öncə özümüzü tərbiyədən başlamalıyıq.

Elmin Nuri

Qeyd:  Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihə çərçivəsində dərc olunur.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu