Modern.az

“Bizim kənddə elə şeylər vardı, lap dəhşət idi” - Vaqif Bayatlının KƏNDİ

“Bizim kənddə elə şeylər vardı, lap dəhşət idi” - Vaqif Bayatlının KƏNDİ

27 Sentyabr 2014, 15:31

“İşğal altında olan kəndimi bu gün də qoruyuram”


Modern. az
 saytının “Mənim kəndim” layihəsində  tanınmış şair, elit Azərbaycan poetik təfəkkürünün ən öndə gedən simalarından biri Vaqif Bayatlı Odər  doğulub-böyüdüyü Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq:


Mənim kəndim

Mənim böyüdüyüm kənd  hazırda işğal altındadır. Amma mən öz kəndimi daxilimdə işğaldan qoruyuram, günü-gündən gözəlləşdirirəm. Abadlaşdırıram o kəndi. Heyf ki, həqiqi mənada o kənd bu dəqiqə yoxdur. Güclü ordumuz var. Əminəm ki, nə vaxtsa bizim kəndimizi də işğaldan azad edəcək.


O kəndin azadlığı


1994-cü ilin yanvarında cəmi 3-4 kilometr qalmışdı ki, bizim kənd azad olunsun. Azadlıqla bizim kəndin arasında cəmi 3-4 kilometr məsafə var idi. Amma əslində azadlıq bizim ürəyimizdədir. O, hər zaman mənimlədir. Mənim üçün bu gün də azaddır.


Oranın təbiəti


Böyük Mərcanlı tam yaşıllıqla əhatə olunmuşdu. Göyə ucalan qovaqlar bizim kəndə yaraşıq verirdi. Uca qovaq ağacları ilə bərabər ərik və nar ağacları da kəndimizdə çox idi. O ağaclar bu gün də mənim şeirlərimdə var. Onlar bu gün də mənim gözümün qabağındadır. Mən onlarla bir yerdə böyümüşəm. Onların xeyli hissəsini də özüm əkmişəm. Çünki ora başqa yerdən köçüb gəlmişdik.


Yadıma gəlir ki...


Yadıma gəlir  atam təzə evə köçəndə bağçada əkmək üçün ağaclar almışdı. Onları basdırmaq lazım idi. Çalalar da qazmışdıq. Sonra atamı təcili bir işə çağırdılar. Onların hamısını o çalalara mən basdırdım. O vaxt cəmi 5-6 yaşım olardı. Hərdən çalalara düşüb yıxılırdım. Hələ də o səhnələr gözümün qarşısındadır. Amma əlim yüngül oldu. O çalalarda əkdiyim ağacların heç biri sonradan qurumadı.


Bizim məktəb


Məktəbimiz indiki məktəblər kimi deyildi. Bir neçə yerdə balaca-balaca otaqlar idi. O balaca məktəb haqqında bu gün də xeyli doğma xatirələrim var. Ora çiy kərpicdən tikilmiş daxma tipində məktəb idi. Siz mollaxanaları göz önünə gətirin. Eynən o formada idi. Mən o yarıqaranlıq,  yarıişıq daxmalarda dərs oxuyurdum. Amma çox yaxşı oxuyurdum.


Müəllimlərimiz...


Müəllimlərimin hamısını bu gün də xoş bir xatirə ilə yad edirəm. Onların  hamısını işıqlı insanlar idi. Tək məni yox, hamımızı onlar yetişdirdilər.


Borclu olduğum adam


Ən çox minnətdar olduğum adam  ingilis dili müəllimim İsmət müəllim idi. Bu yaxınlarda vəfat etdi. O, sonradan Bakıya köçüb gəldi. Azərbaycan-ingiliscə lüğəti hazırlayan dörd müəllifdən biridir. Özü də bizim kənddən idi. Təsəvvür edin ki, adi kənd müəllimi Bakıya gəlib o qədər mütəxəssisin arasından gözəl bir lüğət hazırladı. Bu, əslində onun gücünü göstərirdi. Mənə ingilis dilini o sevdirdi. Harada, lap kəndin küçəsində görəndə də mənimlə ingilis dilində danışırdı.


Bizim kəndin şakəri


Bizim kənddə uşaqdan böyüyə hamı şeir yazırdı. Mənim də şeir yazdığımı eşidəndə hərə bir misra qoşurdu mənə. 


Ağsaqqallar, kəndimizdə ağsaqqallıq


Bizim kənddə elə şeylər vardı, lap dəhşət idi. Ağsaqqalın yanında içki içmək, siqaret çəkmək nə idi?! Elə şeylər ola bilməzdi. Heç bizim kənddə içki içən də yox idi. Bir-iki adam içirdi ki, onlar da hamının yanında yox, gizlincə içirdilər. Ağsaqqala və özündən böyüyə hörmət də var idi.


Bizim kəndin qəribəlikləri


Bizim kənddə qəribə bir şey də var idi ki, orda baş verən heç bir dava polisə getmirdi. Bir hadisə baş verəndə kənd sakinlərindən heç kəs polisə şikayətə qaçmırdı. Elə öz aralarında həll edirdilər. Məsələn, mən uşaq olduğum dövrdə görmədim ki, bizim kənddən bir adam kimdənsə polisə şikayət etsin. 37-ci ildə xeyli adamı həbs etmişdilər. Amma sonrakı dövrdə mən bir nəfərin də həbs olunmasını eşitmədim. Bizim kənddə sovet hökuməti əməlli-başlı qurula bilmədi. Çünki bu kənddə hamı bir-biri ilə yola gedirdi. Heç bir mübahisə olmurdu.


Kəndimiz  Novruz bayramında


Novruz bayramı bizim kənddə çox gözəl qeyd olunurdu. Yarışlar keçirilirdi. Atlar ötüşdürülürdü. Dəvələri dalaşdırırdılar. Mən dəvəyə də minmişəm. Böyük Mərcanlı dünyanın ən gözəl, ən maraqlı kəndlərindən biri idi. Həm də Azərbaycanın əhalisinə görə ən böyük bir neçə kəndindən biri idi.

Atlar və itlər


Kəndimizdə olan atlara heç yerin atları çata bilməzdi. Biz Novruz bayramında atları ötüşdürəndə, cıdırda da bunun şahidi olurduq. Kəndin ən maraqlı tərəflərindən biri də orada bütün Qarabağda məşhur olan itlərin olmasıydı. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında yazırdı ki, “Stolıpin yoldaş üsyançıların üstünə qısqırtmaq üçün Mərcanlı köpəkləri alıb, Rusiyaya aparıb” (gülür).


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI