Ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda Amerikada yaşayan azərbaycanlıların da iştirak etdiyi ənənəvi XII Türk Festivalı keçirilib.
Modern.az xəbər verir ki, Ağ evin yaxınlığında, Pennsilvaniya küçəsində başlayan festivalda ziyatətçilər türk mətbəxi, məşhur türk qəhvəsi, 20-dən çox incəsənət nümunəsi, o cümlədən, zərgərlik məmulatları, əllə toxunmuş toxuculuq məhsulları, saxsı qablar və s. ilə tanış olub.
Uşaqlar üçün qurulan “Uşaq çadırı” amerikalı balacaların və yeniyetmələrin əyləncəsinə çevrilib. Onlar əylənməklə yanaşı öz bacarıqlarını işə salıblar, düzəltdikləri müxtəlif əşyaları da festivaldan xatirə olaraq özləri ilə aparmaq imkanları olub.
Festivalın təşkilatçısı Amerika Türkiyə Assosiasiyasının İdarə Heyətinin üzvü, tədbirin “brilyant” sponsorlarından biri “İ.S.LawFirm” hüquq ofisinin rəhbəri, vəkil İsmayıl Şahtaxtinskinin sözlərinə görə, Azərbaycanla bağlı hazırlanan stend də maraq doğurub: “Biz şadıq ki, belə bir festivalın sponsorlarından biriyik, Azərbaycanla bağlı stend hazırlanmışdı. Ölkənin mədəniyyəti, tarixi barədə fotolar, milli paltarlar, kitablar və suvenerler var idi”.
Festivalda müxtəlif türk milli rəqsləri ifa edilib.
Modern.az