Modern.az saytının “Mənim kəndim” layihəsində yazıçı Əkrəm Əylisli doğulub böyüdüyü Ordubad rayonunun Əylis kəndi, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq.
Mənim paytaxtım
Vətənimin paytaxtı Bakıdır, ürəyimin “paytaxtı” isə Əylisdir. Məşhur fransız yazıçısı Ekzüperi demişdi ki, hamımızım ilk doğma vətəni, ilk doğma yurdu uşaqlıqdır. Amma insanlar böyüdükcə bunu unudurlar. Mənim də ilk vətənim, ürəyimin paytaxtı Əylisdir.
Yazılarımdakı Əylis
“Nənəmin tütün kisəsi”ndən tutmuş, ta son yazılaracan mənim yazdıqlarımın hamısı Əylislə bağlıdır. Amma hamısında Əylisin yerinə Buzbulaq işlətmişəm. Yalnız bir yazıda elə Əylis qoymuşam. Əylis deyilən məmləkət mənim ruhumun heç vaxt ayrılmayan bir parçasıdır. “Əylisdən əylisəcən” kitabında bu məsələlərin hamısı əks olunub. Necə böyümüşən, dünyanı necə duymuşam hamısı orada var. Mənim “Adamlar və ağaclar” adında trilogiyam var. Onun yekun hissəsi olan “Hasarın o tayında” hekayəsində maraqlı bir səhnə var. Uşaq hasarın o tayına çıxıb dünyanı görür. Bax orada da Əylisdən başlayır dünya.
Əylis və həsrət
Əylissiz, uşaqlıqsız heç bir əsərim yoxdur. Ən son yazımda da Əylis var. Bilmirəm, son yazımı oxumusuz, ya yox, “Dağlar deyir ki, soyuqdur” adlanır. Orada da Əylis var. Əsərdə iki insan var ki, onların hər ikisinin kənd həsrəti əks olunub. Şəhərdə yaşasalar da, onların ürəkləri oradadır.
Kəndi unudanda
Uşaqlığın ruhi-mənəvi energetikası çox güclü olur. Ona görə də elə bilirəm ki, böyüdüyü yeri, kəndi unudulanda yazıçı öz mənəvi yaddaşını itirmiş olur. Ən nəhəng yazıçıların əsərlərində də bunu görmək olar. Şərt deyil ki, bu yer kənd olsun. Onun doğulduğu, uşaqlığının keçdiyi yer bir şəhər küçəsi də ola bilər. Uşaqlığının keçdiyi yerləri unudan adam mənəvi yaddaşını itirmiş olur.
Məndəki kənd
Desəm bəlkə də gülməli gələr. Amma elə bir gecə yoxdur ki, mən Əylisi yuxuda görməyim. Elə bir gecə yadıma gəlmir. Mən oradan ruhi cəhətdən heç vaxt ayrılmamışam.
Kəndin məktəbi
“Adamlar və ağaclar” trilogiyasının birinci bəndində xatırlayırsızsa bir yer var: balaca Sadıq məktəbə gedib orada müəllimlərin sərt rəftarı ilə üzləşir. Bundan sonra isə yenidən öz kəndlərinə qaçır. Bax, mən orada Əylisdəki məktəbi yazmışam. Başqa hekayələrimdə də o məktəb var. “May günü”, “Ürək yaman şeydir” hekayələrimdə məktəbimizi təsvir etmişəm. Hansı əsərimi qurdalasan, o məktəbin izləri orada olacaq.
...və müəllimləri
Mənim bir başqa əsərim də var. Onu mən sonradan çap eləmədim. “Atalar və atasızlar” adlanır. O əsərdə Zinyət Şəkərəkqızı obrazı var. O da Əylisdə gördüyüm müəllimədir. Qəribədir ki, Əylisdə görmədiyim heç nəyi təbii və yazıya gələsi bir şey kimi təsəvvür edə bilmirəm.
Kəndimizin ağbirçəkləri
Müharibə dövründə biz uşaqlar ağsaqallardan çox ağbirçəklərin əhatəsində olmuşuq. Kişilərin hamısı müharibəyə getmişdi, bəziləri həlak olmuşdu. Biz də qalmışdıq qadınlar arasında. Kolxoz işinə də onlarla bir gedirdik. Odur ki, mənim yazılarımda daha çox ağsaqqallar yox, ağbirçəklər var. Ağbirçəklər uşaqlarla ünsiyyətə, xoş rəftara daha meyilli idilər. Amma ağsaqqallar isə o ənənəvi ağsaqqallıq kultunu saxlamağa çalışırdılar. Bununla da ciddiliklərini qoruyub yuxarıda oturmaq istəyirdilər. Həm ana, həm də ata babam mən lap uşaq olanda rəhmətə getdi. Onları görməmişəm. Amma kəndin başqa qocaları var idi ki, əsərlərimdə o kişilərə o qədər də çox rast gəlinmir. Bir nəfər Aslan kişi var ki, o da oturur meydançada, məscidin qabağında əsasını fırlayır. Amma mənim rəğbətim ağbirçəklərə olub. Çünki bilavasitə uşaqlarımız onlarla bağlı olub. Nənəm hər zaman mənim yanımda olub.
Ağsaqqallar və ağsaqqallıq
Əylisdə ağsaqqal kultu sən deyən də olmayıb. Açıq danışaq, insanlar əldən-ayaqdan düşəndə, evə çörək gətirmək gücündə olmayanda hərdən elə adamlara kənd yerində pis münasibət olurdu. Yəni o adamlara lazımsız adam kimi baxıblar. Nadir halda elə qocalar olub ki, əlindən heç bir iş gəlməyə-gəlməyə, ona hörmət qoyulur. Görürsən, gəlini bir söz dedi buna, qızı bir söz dedi buna. Əylisdə mən bir elə ağsaqqal kultu görməmişəm. Müəllimlə ağaqqal müəyyən qədər bir birlərinə oxşayırdılar. Biz müəllimdən qorxurduq, elə bir o qədər də ağsaqqallardan çəkinirdik. Ağsaqalların yanında hər şeyi danışmaq olmazdı.
Kədərli bir xatirə
Mənim heç vaxt yadımdan çıxmayan bir hadisə var ki, bu gün də onu yaşayıram. Biz tərəflərdə qış çox soyuq keçər. O vaxtı da biz müharibə dövrünün uşaqlarıydıq. Qışda evdən bayıra çıxmaq üçün isti geyimimiz də yox idi. Qış da elə qış idi ki, gərək qalın geyinib çölə çıxaydın. Fevralın axırları idi. Mən uşaq idim. Birtəhər çölə çıxdım. Artıq qar yağmırdı. Səmada günış çıxırdı. Yerdə də qarın altında elə o günəş rəngində novruzgülləri çıxmaq istəyirdi. Evdən çıxıb o mənzərəni gördüyüm zaman yaşadığım şuxluq bu gün də mənim içimdədir. Bu gün o novruzgülünün istisi mənim ruhumdadır.
Elmin Nuri