Modern.az

Azərbaycan Kommunist Partiyasında QALMAQAL: “Budurmu mənim sənə yaxşılığım?!”

Azərbaycan Kommunist Partiyasında QALMAQAL: “Budurmu mənim sənə yaxşılığım?!”

Ölkə

1 Oktyabr 2014, 12:55

Azərbaycan Kommunist Partiyası (zyuqanovçular) Mərkəzi Komitəsinin növbəti plenumu olmuşdur. Bu barədə Modern.az saytına  AKP MK-nin sədr əvəzi kimi özünü təqdim edən Gülnisə Maksimova məlumat verib. Onun sözlərinə görə plenumda AKP MK-nın 9 aylıq hesabatı dinlənilib, AKP-nin XXXVIII qurultayının keçirilməsi vaxtı müəyyənləşdirili.

Sov.İKP – KPİ-nin XXXV qurultayına nümayəndələrin seçilməsi və cari məsələlər müzakirə edilib.

Gülnisə Maksimova bildirib ki, partiyanın nizamnaməsinə zidd hərəkətlərinə görə Rauf Qurbanov, Əlövsət Veysov, Fikrət Rəşidov, Sabir Hüseynov, Ələddin Bağırov, Səməd Tağıyev və Aydın Şiriyev AKP MK-nın bürosu üzvlüyündən azad edilmişlər.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Modern.az saytına açıqlamasında Gülnisə Maksimovanın bu hərəkətlərini təxribat adlandırıb. AKP rəhbərinin sözlərinə görə Gülnisə Maksimova onun müavini olub və sonradan partiyada tutduğu vəzifədən xaric olunub. Rauf Qurbanovun dediklərindən belə aydın olub ki, Gülnisə Maksimova AKP sıralarından xaric edildikdən sonra, özünü Kommunist Partiyasının sədri kimi təqdim edir.

“Gülnisə Maksimova mənim müavinim olub. Partiya daxilində dağıdıcılıq, təxribat xarakterli fəaliyyətlə məşğul olduğuna və üzvlər arasında intriqa yaratdığına görə bir neçə dəfə ona xəbərdarlıq edilib. Biz onu kommunistə yaraşmayan işlərdən əl çəkməyə çağırmışıq. O söz verdi ki, bir daha belə şeyləri təkrar etməyəcək. Amma yenə də öz əməllərindən əl çəkmir. O, Kommunist Partiyasının üzvləri arasında fraksiya yaratmaq istəyir. Bu ilin mart plenumumda o, bu hərəkətlərinə görə partiya sədrinin müavini vəzifəsindən azad olundu. Amma partiyanın üzvü olaraq qalır”.

AKP lideri söyləyib ki, Gülnisə Maksimova dəfələrlə Moskvaya, Kommunist Partiyaları İttifaqına şikayətlər göndərib. “Özü də Moskvaya getdi. Moskvada yalnız məni Kommunist Partiyasının sədri, Gülnisə xanımı isə mənim müavinim kimi tanıdıqlarını ona bildiriblər. Gülnisə Maksimova mənim üzümə gülüb, arxada başqa işlərlə məşğuldur. Bəlkə, Rusiya prezidenti Vladimir Putinə də məktub yazıb. Müraciətlərində deyir ki, guya mən kommunistlərin pulunu mənimsəmişəm. Əksinə, mən Kommunist Partiyasına öz şəxsi vəsaitim hesabına köməkliklər edirəm”.

R. Qurbanov bildirib ki, partiyadan qovulmuş Telman Nurullayev, Gülnisə Maksimova və digər şəxslər mətbuatın imkanlarından yararlanıb, yanlış informasiyalarla cəmiyyətdə çaşqınlıq yaradırlar. “Gülnisə xanım desin görək,  keçirdiyi o dırnaqarası plenumumda hansı şəhər, rayon təşkilatı iştirak edib?!  Gülnisə Maksimova özünü Kommunist Partiyasının sədri kimi təqdim edən Telman Nurullayevin yanında yer almaq istədi. Lakin Telman Nurullayev də onu yaxına buraxmadı. İndi də özünə guya yeni qurum yaradıb”.

AKP rəhbəri qeyd edib ki, Gülnisə Maksimova Kommunist Partiyaları İttifaqının Siyasi Şurasının üzvlüyündən də azad edilib. R. Qurbanov söyləyib ki, Gülnisə Maksimova yaşı keçmiş, təqaüdçü və partiyada heç bir perspektivi olmayan adamdır.

“Vaxtilə onu mən irəli çəkmişəm, bələdiyyə seçkisi kampaniyasında aktiv iştirak etmişəm. Budurmu mənim sənə yaxşılığım?!”,-deyə R. Qurbanov hiddətini gizlədə bilməyib.

 

Aqşin Kərimov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi