2014-cü il iyulun 11-də Kəlbəcərdə ermənilərə girov düşdükdən sonra qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı Həsən Həsənovun meyiti geri alınıb. Bu barədə Modern.az saytına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 2014-cü il iyulun 11-də qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi oktyabrın 2-də qarşı tərəfdən geri alınıb.
Komissiyadan bildiriblər ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Təhvilvermə Ağdam rayonunun Təmas Xəttində yerləşən Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
Gülşən RAUFQIZI