Bal satan: “Alverçilər imkan vermir ki, müştəri seçimin etsin”
Oktyabrın 1-dən paytaxtda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) keçirilən yarmarkada Naxçıvandan və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir. Satışa 190 ton bal, 500 kiloqram çiçək tozu, 200 kiloqram güləm, 5 kiloqram arı südü və 150 kiloqram vərəmum çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilən arıçılıq məhsullarının da satışına yarmarkada şərait yaradılıb. Modern.az saytı yarmarkada həm məhsullarını satışa çıxaranlar, həm də alıcıların yarmarka barədə fikirlərini öyrənməyə çalışıb.
Satıcılar müştərinin azlığından gileylənirlər
Kamil Əliyev (satıcı), Daşkəsən rayonu: “4 ildir arıçılıqla məşğul oluram. Yarmarkada iştirak etmək üçün özümüz müraciət etmişik. Balın bir kiloqramı 20-25, bəzən də 30 manat arasında dəyişir. Üç kiloqramlıq balondakı (həmin balon 4,5 kq bal tutur) balı 90 manata veririk. Bizə sertifikat verilib. Sertifikatı verəndə balın keyfiyyəti və təmizliyi yoxlanılıb. Bu il çox quraqlıq olduğu üçün, keçən ilə nisbətən məhsul məhsul az oldu. İki gündür yarmarka başlayıb, amma müştərilərin marağı zəifdir. Gələn müştərilər bizdən sertifikat tələb edir. Bir də deyirlər ki, gözümüzün qabağında balı yoxlayın. Rayonda balonla balı satanda burdakı qiymətdən ən azı on manat baha olur. Qiymətləri Kənd Təsərrüfatı Nazirliyi yox, biz özümüz bəlli etmişik”.
Nurəddin Məmmədov (satıcı), Tovuz rayonu: “12 ildir arıçılıqla məşğul oluram. Hər il yarmarkada iştirak edirəm. Bizim balımız dağ balıdır, Şamaxının aşağı yamaclarının çəmənliyinin balı deyil. İki növ bal gətirmişəm – meşə və çiçək balı. Bölgədə satdığımız qiymətlə, burdakı qiymətlə heç bir fərqi yoxdur. Balın kiloqramını 20 manatdan aşağı satmıram. Qapıya alıcı gələndə bilirəm ki, məcburdur almağa, onda 25-30 manatdan aşağı satmıram. Arıçı müştərini cəlb etmək üçün heç bir vasitədən istifadə etməməlidir, yalnız keyfiyyətlə cəlb etməlidir. Bizim insanlarımızın baldan başı çıxmır. Balın üstünə yod tökəndə, əgər bal yoda qarışırsa onda keyfiyyətli deyil. Bu il bal məhsullarının azlığı bölgələrdən asılıdır. Külək olan yerlərdə bal az olur. Biz də çətinlik yaşadıq. Ballarımızı labaratoriya yoxladılar. Yarmarkaya 127 kq balla qatılmışam. Bu il az gətirmişəm. Amma alıcılıq qabiliyyəti də çox aşağıdır. Reklam zəif olub, ya da insanlarda inam azdır. Ola bilər ki, iş günləridir, şənbə-bazar say artacaq. Səhər saat 9-dan axşam saat 7-yə qədər burda oluruq. Bura xüsusi mülkiyyətdir və bu ay üçün 160 manat ödəmişik”.
Xanağa Hüseynov (satıcı), Astara rayonu, Miki kəndi: “Təqribən 45 ildir bu işlə məşğul oluram və yarmarkaya 10-cu dəfədir qatılıram. Bal çox olanda kiloqramını 15 manata satırdıq. Bu il bal azdır deyə, 18-25 manat arasında dəyişir. Rayonda 25 manata verdiyimiz balı, burda 20 manata təklif edirik. 500 kiloqram bal gətimişəm. Hardasa 150 kiloqramı satılıb. Daimi müştərilərim 15-20 kiloqram alırlar. Meşə balı 30 manat, dağ çiçəklərinin balı, yalaq balı 25 manat, arı çiçəklərinin balı 20 manatdır. Qiymətin dəyişməsi balın tərkibindən asılıdır”.
Qönçə Quliyeva (satıcı), Masallı rayonu, Ərkivan kəndi: “Uşaqlıqdan bu işlə məşğulam. Amma yarmarkadan narazılıq edəcəyəm. Çünki burda olanların hamısı əsl arıçı deyil, alverçidir. Hərəsini bir bazardan tapıb gətiriblər. Alverçilər imkan vermir ki, müştəri seçimin etsin. Müştəri içəri girən kimi, qolundan yapışırlar. Arıçı yerində olmalıdır, müştəri gəlib onu seçməlidir. Biz arıçıları çox ucuzlaşdırırlar.
Qiymət bu il 20 manatdır, amma keçən ilə qədər dövlət məhdudiyyət qoymuşdu ki, 15 manatdan baha olmasın. 160 manat stola ödəmişik, rayonda 30 manat labaratoriyaya vermişik, hələ bura gəlib-getmək xərcini də əlavə edəndə 400 manatdan çox xərcim çıxıb. Bura 700 kiloqram bal gətirmişəm və bu saata qədər satış etməmişəm. Biz qiyməti müəyyən edəndə əlilləri, qocaları, kasıbları nəzərə alırıq. Rayonda 20 manata satdığımız balı, burda 15 manata satırıq. Biz bazar adamı deyilik, arıçıyıq. Rayonda bazara getmədiyimizə görə yarmarkaya müraciət etmişik. ”
Oruc Məmmədov (alıcı): “Yarmarkada əvvəllər də iştirak etmişəm. Həmişə eyni adamdan alıramvə razı da qalmışam. Başqa yerdə ola bilsin ki, ucuz olsun, amma biz yarmarkanın keyfiyyətinə güvənirik. Sertifikata inanmıram. Amma özüm baldan biraz anlayıram, keyfiyyətini yoxlayıb alıram. Sertifikat formalni da ola bilər. Bir kiloqram alıram və yoxlayıram, yaxşı olsa yenə də gəlib alıram. Baxdığımızın keyfiyyəti yaxşı idi. Mən ancaq çiçək balı alıram”.
Adını demək istəməyən bəy alıcı : “Yarmarkaya birinci dəfədir ki, qatılıram. İş yoldaşım dedi ki, belə bir yarmarka var. Mən də gəldim. Burada qiymətlərdə müxtəlifdir. Hərə bir qiymət deyir. Mən də iş yoldaşımla məsləhətləşirəm. Bir balon almaq istərdim, amma nəticə günün sonunda bilinəcək”.
Elnurə Verdiyeva (alıcı): “Nə qədər bal yarmarkası var, hamısında iştirak edirəm. Yarmarka barədə televiziyadan məlumat alıram. Daşkəsən balına üstünlük verirəm. Çünki özümdə o bölgədənəm. İndi bir kiloqram almışam. Qiymətindən də razı qalmışam”.
Xəyalə Nəsirova (alıcı): “Bundan əvvəldə yarmarkada iştirak etmişəm. Yarmarka barədə məlumatı internet portallardan alıram. Haranın balı olmasının mənim üçün önəmi yoxdur, əsas odur ki, təmiz bal olsun. Təmizliyi dadından bilinir. Bu gün alanda mənə rəfiqəm kömək etdi. Qiymətlər münasibdir. Kənardan təmiz bal tapmaq olmur, amma burdan olur. Yarım kiloqram İvanovka balı aldım və 12 manat pul verdim. ”
Qeyd edək ki, yarmarka oktyabrın 30-dək davam edəcək
Rüfanə GÜNƏŞ