Modern.az

“Evlərinin önü yonca”nın məşhur ifaçısı Rübabə Muradova və Sara Qədimova ilə oxumaqdan niyə imtina edib? - ARAŞDIRMA

“Evlərinin önü yonca”nın məşhur ifaçısı Rübabə Muradova və Sara Qədimova ilə oxumaqdan niyə imtina edib? - ARAŞDIRMA

3 Oktyabr 2014, 12:12

O, uzun müddət Bakıda diktor kimi çalışsa da, bu günün özündə də mərhum müğənnimiz Nərminə Məmmədova ilə oxuduqları bir neçə Kərkük nəğməsinin hesabına sevilir. “Evlərinin  önü yonca” mahnısının məşhur duet ortağı Sinan Səid başı bəlalı olan Kərkük elini Azərbaycana daha da sevdirə bildi. 

Modern.az saytı bu kiçik araşdırmasında həm Sinan Səid, həm də məşhur mahnının yaranma tarixçəsindən bəhs edəcək:

O, Bakıya gələndə heç ali təhsili də yox idi. Gözəl səsə malik olan kərküklü məhz bu üstünlüyünə görə çalışdığı Bağdad radiosundan Bakıya dəvət edilmişdi. O zaman, daha dəqiq 1958-ci ildə Bakı Televiziya və Radio Komitəsinin nəzdindəki radioda ərəb şöbəsi açıldığından ərəb və türk dilini təmiz bilən bir nəfər axtarılır. Nəticədə gənc Sinan Səidi tapırlar və o, bu tələblərə cavab verdiyindən Bakıya dəvət olunur. Ərəb dilində həftəlik proqramı səsləndirməklə yanaşı, xəbərləri oxuyur və Azərbaycan ədəbiyyatının sayılıb-seçilən yazarlarını ərəb dilinə tərcümə edirdi.

Hamının gözlədiyi “ərəb”

İraqdakı inqilabdan sonra keçmiş SSRİ-dən qastrola gedib orada konsert verən yeganə müğənni Rəşid Behbudov idi. Odur ki, yeni qurulan ərəb şöbəsində ərəb dilində ilk verilişdə ondan da müsahibə alıb, hazır mətni oxumaq üçün İraqdan gələcək diktoru gözləyirdilər. Gənc şöbədə o zaman vur-tut 3 nəfər çalışırdı. Dördüncüsü isə yeni gələcək diktor olacaqdı. O zaman teleradio komitəsində baş redaktor işləyən Muxtar Hacıyevin hava limanında qarşılayıb gətirdiyi adamın bir ərəb olacağına heç kəsin şübhəsi yox idi. Qonaq gələr-gəlməz nitqinə bu sözlərlə başlayır: “Bəyim, mən Sinan Səidəm, mən də sizin kimi türkəm. Bizə orada inqilabdan sonra türkman deyirlər. Amma əslində mən Kərkük türküyəm, bununla da fəxr edirəm”.

Azərbaycan radiosunda ilk dəfə “Hünə Bakı” yəni, “Danışır Bakı” deyən Sinan Səidin ruhu-qanı bildiyi Azərbaycanla bağlılığı məhz o sözlərdən başlayır. Komitə əvvəlcə ona “İnturist”də bir otaq ayırır. Daha sonra Sinan Səid üçün iki otaqlı ev alırlar. Kərküklü soydaşımızın Azərbaycan sevdası həm də bununla əlaqəli idi. Çünki qardaş ölkə ona yaxşı şərait, yüksək əmək haqqı verməklə yanaşı, ali təhsillə təmin etmişdi. Hələ bu nədir ki! Sinan Səid 1970-ci ildə Bakı radiosunda fəaliyyətinə xitam verib Bağdada elmlər namizədi kimi qayıdır. Təsəvvür edin, 1958-ci ildə Bakıya orta təhsilli bir diktor kimi gələn Sinan 1970-ci ildə bu şəhəri elmlər namizədi elmi dərəcəsi ilə tərk  edir. O, Bakıya gələndən sonra əvvəlcə Pedoqoji Texnikumda, ardınca isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır. Akademik Həmid Araslının köməyi ilə orta əsr ərəb dilli filologiyası istiqamətində elmlər namizədliyini müdafiə edir.

Məşhur mahnı necə yarandı?

Kərküklü diktorla bir yerdə çalışan və onunla demək olar ki, ən yaxın sirdaş olan yazıçı-jurnalist Nahid Hacızadə öz xatirələrində yazır:

“Ərəb redaksiyasında çalışanlar tərcüməçi Əhməd Yusifi, diktor Sinan Səid, bir də mən idim. Baş-başa verib işləyirdik. Məni də ştata keçirdilər. Kefim kök, damağım çağ işləyirdim. Kirayə ev də tutmuşdum. Heç nəyə ehtiyacım yox idi. Əmək haqqı, qonorar, bir də əlaçılıq təqaüdü. Yaşamaq üçün daha nə lazım idi?!
Sinan Səid də yüksək əmək haqqı alır, həftəlik "Ərəbin gözü ilə" verilişini yazır, “Xəbərlər”in türk dilində variantından tərcümələr edir, həm də bədii verilişlər oxuyanda ayrıca qonorar alırdı.
Ona ikiotaqlı mənzil də vermişdilər. “İnturist”dən öz evinə köçmüşdü. “Volqa” maşını alması da onu çox sevindirirdi.

Baş redaktorumuz dönə-dönə tapşırmışdı: “Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız”.

Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: “ Ninni, yavrum, ninni”. O, mahnını qurtarmamış yalvardım:

- Sinan, qadam alım, bir də oxu!

Bir dəfə də ona dedim:

- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.



Sinan Səid tutuldu:

- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.

- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.

Sinan Səid gülümsədi:

- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.

Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova… Daha kimlər, kimlər…

Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi.

Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansanblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.

- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.

Mən Nərminə xanımı Sinan Səidlə tanış elədim. Çox sevinsə də, oxumağa razılıq vermədi:

- Mən bu ləhcə ilə, belə şirin oxuya bilmərəm, - dedi.

Ancaq birtəhər saqqızını oğurladıq. Məşqlər başlandı. Sinan Səid də, Nərminə xanım da məşqlərə ürəkdən girişmişdilər. Nəhayət ki, bir neçə mahnı hazır oldu.

Sinan Səid dedi:

- Bunları Kərkük xoyratları, daha doğrusu, Kərkük-İraq mahnıları adı ilə verək.  Qoy elə bu adla da yaşasın  “Kərkük-İraq mahnıları”.



Dəclə çayından qəribə xahiş

Bundan sonra Azərbaycanda insanlar Sinan Səidi daha çox sevməyə başladılar. Onun ifa etdiyi “Evlərinin önü yonca”,  “Axşam olur”, “Sevdi yar” mahnıları Azərbaycan dinləyiciləri üçün tamamilə yeni bir tərz idi. Qeyri-peşəkar olmasına baxmayaraq, Sinan Səidin bu ifalarında kərküklərin faciəsi, yurd, qardaş həsrəti qabarıq əks olunurdu. İnsanlar sanki bu həsrətin özünə qulaq asırdılar: “Səni alım, hara qaçım, ninnə, yavrum ninnə” ilk dəfə sanki orijinal bir hisdən çıxaraq ruhlara qonaq gedirdi.

Sinan Səid 1970-ci ildə Bağdada hörmətli bir adam kimi qayıtdı. Qayıdan kimi Bağdad radiosunda çalışmaqla yanaşı, universitetin jurnalistika fakültəsində də dərs dedi. Azərbaycan, Türkiyə və başqa türk ellərindən Bağdada gedənlər mütləq diktorun qonağı olurdu. O da hər dəfə böyük eşqlə gəncliyinin paytaxtı olan Bakıdan danışırdı. Bakıdan gələnlərdən maraqlı xahişi də olurdu ki, ona “Ədəbiyyat qəzeti”nin nüsxələrini gətirsinlər. Çünki o buarada yaşadığı illər ərzində bu qəzeti daim oxuyur və ordakı maraqlı yazıları ərəb tərcümə edirdi. Bakıdan gələn qonaqları Bağdadı iki yerə bölən Dəclə çayına aparar və ora qızıl pul atmasını xahiş edərdi. Bunun da səbəbi odur ki, əfsanəyə görə Dəcləyə qızıl sikkə atan adam bir də ora qayıdırdı. O əslində Bakıdan olan bir adamın bura yenidən qayıtmasını arzu etməklə Bakını yenidən yaşamaq istəyirdi... O, Dəclə çayından məhz Bakını öz gəncliyini arzu edirdi...

Sinan Səid 75 yaşında bu dünyaya vida etdi...





Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi